Vardanyan həbs müddətinin uzadılmasından apelyasıya şikayəti verib

Ruben Vardanyan. Foto: DTX

Bakı Apelyasiya Məhkəməsi milyonçuya “yox” deyib

Qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş, 1 il 1 aydır ki, Bakıda həbsdə olan Ruben Vardanyanın vəkili onun haqqında həbs qətimkan tədbirinin daha 6 ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Şikayətə oktyabrın 23-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində Ruben Vardanyan özü də iştirak edib.

Vəkil Səbail Rayon Məhkəməsinin Ruben Vardanyan haqqında qərarının ləğv olunmasını istəyib.

Vardanyan özü də qərardan narazılığını ifadə edib və vəkilinin çıxışını dəstəkləyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib və qərar dəyişmədən qüvvədə saxlanılıb.

Ruben Vardanyanın işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edir.

56 yaşlı Ruben Vardanyan 1 milyard dollardan çox var-dövlətilə rusiyalı biznesmen kimi “Forbes”in siyahısına daxil olmuşdu. Lakin o, 2022-ci ildə separatçı rejimin dövlət naziri olandan bir ay sonra Rusiya vətəndaşlığından imtina etdi və Ermənistan vətəndaşı oldu.

Həmin ərəfədə o, Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüşdü.

Vardanyana qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

2023-cü ilin sentyabrında Qarabağda əməliyyatlardan sonra Ruben Vardanyan Laçın dəhlizində saxlanılıb.

Onun ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəXəbərlərVardanyan həbs müddətinin uzadılmasından apelyasıya şikayəti verib