Vardanyan Bakının onun getməsi üçün ermənilərə təzyiq etdiyini deyir

Ruben Vardanyan. screenshot youtube

Deputat: “Vardanyan Rusiyanın etimadını doğrultmasa, Qarabağdan getməlidir”

“Dağlıq Qarabağ” separatçı rejiminin “dövlət naziri” Ruben Vardanyan Azərbaycan hökumətini növbəti dəfə ittiham edib.

Ötən həftə yerli sakinlərlə görüşən Ruben Vardanyan iddia edir ki, Azərbaycan onun çıxıb getməsi üçün çox ardıcıl şəkildə, addım-addım çaxnaşma yaratmağa və Qarabağdakı  ermənilərə təzyiq göstərməyə çalışır.

“Onlar bunu xüsusi strategiya ilə, ölkəmizi hissələrə parçalamaqla, “salyami taktikası” ilə edirlər”, – Vardanyan belə deyib.

O, hazırda informasiya savaşı getdiyini vurğulayıb:

“Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, bu, ekoloji problemdir. Ancaq reallıq budur ki, bu, blokada, humanitar böhrandır. Azərbaycan Qarabağın erməni əhalisinin çıxıb getməsini istəyir, ancaq bu, yolverilməzdir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bölgənin blokadada olması fikrini təkzib edib.

Foto: XİN

A.Hacızadə deyib ki, blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.

Konfliktoloq Arif Yunus isə Meydan TV-yə deyib ki, 2022-ci ilin iyulun 5-də Azərbaycan “Anglo-Asia Mining” şirkəti ilə Qarabağdakı iki yatağa görə müqavilə bağlayıb:

“Hətta 3 millyard dollar aldılar. Amma o yataqlar Dağlıq Qarabağdadır. Moskva və “Dağlıq Qarabağ” rəhbərləri icazə verməlidirlər. Rusiya dövlət başçısı Putin bundan sonra tez-tələsik  regiona Ruben Vardanyanı göndərdi”.

Arif Yunus. Foto: arxiv

“Əvvəl İlham Əliyev hesab edirdi ki, onu heç bir problem gözləmir. Oktyabrda Bakı Vardanyanla konfidensial danışıqlar aparırdı, amma bu danışıqlar nəticəsiz bitdi. Putini isə Əliyevin bu yataqlarla bağlı təklifləri qane etmədi. Bundan qəzəblənən Əliyev Putinə heç nə deyə bilmədi, istədi əvəzini Vardanyandan çıxsın. Ona görə də noyabrın 17-də bildirdi ki, o, Vardanyanla danışıqlar aparmayacaq. Çünki Moskvadan göndərilib. Həmçinin Bakı sülhməramlıların rəhbəri Volkovdan narazıdır. İndi Bakı və Moskva gizli danışıqlar aparır”, – deyə ekspert bildirib.

Deputat Arzu Nağıyev Ermənistan və bəzi qüvvələrin Ruben Vardanyandan Azərbaycana qarşı təzyiq kimi istifadə etdiyini düşünür.

Deputat Meydan TV-yə deyib ki, Vardanyan da missiyasını yerinə yetirə bilməsə, ərazini tərk edəcəyini başa düşür:

“Məhz buna görə də Vardanyan açıqlama verir ki, bütün problemlər onunla bağlıdır. Məsələ ondadır ki, Arutyunyanın vaxtında belə problemlər yaranmamışdı. Hətta Arutyunyan Bakıyla Sərsəng su anbarında ekoloji monitorinqlə bağlı razılığa gəldiyini demişdi. Halbuki bu məsələ onun səlahiyyətində deyildi. Amma o da birmənalı şəkildə bütün problemləri Vardanyana bağlayırdı. Məncə, Vardanyanın söylədikləri özünümüdafiədir”.

Arzu Nağıyev
Arzu Nağıyev. Foto: Trend.az

A.Nağıyevin fikrincə, Vardanyan Rusiyanın etimadını doğrultmasa, Qarabağdan getməlidir:

“Onun bəyanatlarına da bu prizmadan yanaşılmalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, Azərbaycan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyanla yox.

İlham Əliyevin sözlərinə görə, Vardanyan Moskvadan çox aydın gündəliklə göndərilib.

Ana səhifəSiyasətVardanyan Bakının onun getməsi üçün ermənilərə təzyiq etdiyini deyir