”Artıq əraziyə lazımi qüvvələr cəlb edilib”
Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik “Baksol” adlanan ərazidə dəmiryolunda hərəkət edən yük vaqonları relslərdən çıxaraq, aşıb. Yük vaqonlarının aşması ərazidə hərəkətin məhdudlaşmasına səbəb olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bu faktı “Report”a təsdiqləyib.
O, bildirib ki, relslərdən çıxan yük vaqonları əvvəlcə “Baku Steel Company” MMC-yə yola düşüb, yükü boşaltdıqdan sonra təyinatı üzrə Keşlə dəmiryol stansiyasına hərəkət edib.
“Bu vaxt dəmiryol keçidində ağırtonnajlı yük maşını qabaritinə uyğun olmayan şəkildə dayanıb və qarşıdan gələn yük vaqonlarına toxunub. Nəticədə iki vaqonun hər birinin təkər cütü düşüb. Artıq əraziyə lazımi qüvvələr cəlb edilib. Təxminən 20 dəqiqəyə bağlanan yolda hərəkət bərpa olunacaq”, – deyə N. Əzməmmədov əlavə edib.