Ağa Ağazadə İkinci Qarabağ müharibəsindən 8 qəlpə ilə qayıdıb. 24 yaşlı Ağa müharibəyə könüllü yazılanlardandır. O, öz torpağını – Cəbrayılı görmək üçün səfərbərliyə yazılıb. 44 gün döyüşlərin son günündə yaralanıb. Ağa bildirir ki, cərrahlar əməliyyatın təhlükəli olduğunu, bədənində olan qəlpələrlə yaşamağa məcbur qaldığını deyiblər.
“Deyirlər ki, bir-iki il ağrıyacaqsan. Deyirəm ki, bəs mən necə ailəmi dolandıracam? Nə "yararlı", nə də syararsız" yazılır. Heç bir cavab verilmir. “Yaşat” Fonduna da dəfələrlə məktubla və zənglə müraciət olunub. Bu gün, sabah desələr də, onlardan da bir adam gəlib mənimlə maraqlanmayıb. Yəni, dövlət tərəfindən mən heç nə görmədim”, – deyir Ağa Ağazadə.
Ağazadə ailəsi Birinci Qarabağ müharibəsindən sonra Cəbrayıldan köçkün düşərək vaqona sığınıb. Ağa deyir ki, 24 ildir vaqonu özünə ev bilir. O, müharibəyəcən yük maşını sürərək ailəsini saxlayıb. İndi işləyə bilməməsiylə barışa bilmir.
Yaşat Fondundan bildirilib ki, Ağa Ağazadənin fonda rəsmi müraciəti yoxdur. Həmçinin onun xəstəlik haqqında şəhadətnamədəsində hərbi xidmətə yararlı olduğu qeyd edilib.