Vaqonda təhsil – XXI əsrin kənd məktəbi

“Biri var olmaya, biri də var gözümüzün qabağında təmirli bina ola-ola uşaqlarımız şəraitsiz, soyuq vaqonlarda təhsil alırlar”

Source:


“Biri var olmaya, biri də var gözümüzün qabağında təmirli bina ola-ola uşaqlarımız şəraitsiz, soyuq vaqonlarda təhsil alırlar”

“Ötən tədris ili yekunlaşanda büdcədən vəsait ayrıldı ki, kəndimizdə yeni məktəb binası tikilsin. Yeni tədris ilinə qədər binanı tikib, hazır etdilər. Bu il sentyabrın 15-də məktəb binasının hazır olmasına baxmayaraq, istifadəyə verilmədi. Halbuki ötən il söz verilmişdi ki, gələn ildən uşaqlarınız yeni binada təhsil alacaq”.

Bunu Şəkinin Qaratorpaq kənd sakini Fərid Mustafayev deyir. Onun sözlərinə görə, bir il öncəsinə qədər, ümumiyyətlə, kənddə məktəb binası yox idi. Şagirdlər vaqonlarda təhsil alırdılar.

Qaratorpaq kəndinin sakinləri üç aydır məktəb binasının istifadəyə verilməsini gözləyirlər. Ancaq onlara bunun nə vaxt olacağı haqqında məlumat verən yoxdur:

“Biri var olmaya, biri də var gözümüzün qabağında təmirli bina ola-ola uşaqlarımız şəraitsiz, soyuq vaqonlarda təhsil alırlar. Havalar mülayim olanda birtəhər dözmək olurdu. Qışın bu soyuğunda belə şəraitsiz vaqonlarda dərs öyrənmək qeyri-mümkündür. Sentyabrda məktəb təhvil verilmədi, dedilər, payız tətilindən sonra bəlkə köçürüldü. Artıq 2 gündür ki, şagirdlər payız tətilindən qayıdıb. Buna baxmayaraq, təzə məktəb hələ də açılmayıb, nə vaxt açılacağı və niyə açılmaması barədə nə məktəb rəhbərliyi nəsə bilir, nə də Şəki şəhər Təhsil İdarəsindən bir məlumat verən var”.


Rəsmi mənbələrə görə, məktəb bu ilin sentyabrında istifadəyə verilib

Qaratorpaq Şəkinin ucqar kənlərindəndir. Buradakı yeni məktəb binasının tikintisinə 2014-cü ilin dekabrında başlanıb. Rəsmi mənbələrdə göstərilir ki, ümumi sahəsi 1.2 hektar olan məktəbdə 132 şagird təhsil ala biləcək. İkimərtəbəli binada 22 sinif otağı, laboratoriya, kompüter otağı, kitabxana, idman zalı var. Həmçinin, məktəbin ətrafında 2 ədəd 100 kubmetr tutumlu su hovuzu, anbar, istixana, idman meydançası, qaçış zolağı və məktəblilərin istirahəti üçün park salınacaq. Bina istilik sistemi ilə təchiz olunacaq. Məktəbə elektirik enerjisinin verlişi üçün transformator qoyulacaq. Məktəbin tikintisi 2015-ci ilin sentyabrına kimi yekunlaşacaq.

Mayda Qaratorpaq kənd orta məktəbinin direktoru Vəfa İlyasova da “Kanal S”-ə açıqlamasında növbəti tədris ilini yeni binada dərs keçəcəklərinə görə səbirsizliklə gözlədiklərini bildirmişdi: “Hazırda məktəbimizdə 97 nəfər şagird təhsil alır. 22 nəfərdən ibarət müəllim kollektivimiz var. Məktəbimizin binası olmadığından daha əvvəl bağça binasında məskunlaşmışdıq. Ancaq bağça binasının vəziyyəti də qəzalı idi, sağ olsunlar kənd üçün yeni məktəb binası inşa etdilər. İnşallah, sentyabrda təhvil verilər, biz də orda böyük məmnuniyyətlə, həvəslə çalışarıq”.

Övladı məktəbin 8-ci sinifində təhsil alan valideyn Elnurə Həsənova məktəb binasının olmaması səbəbindən uşaqların təhsildən geri qaldığını deyir:

“Hava soyuq, vaqon şəraitsiz. Uşaq bir gün gedir xəstələnir, 3 gün evdə qalır. Nəticədə təhsildən geri düşür. Kənddə məktəb ola-ola niyə istifadəyə verilmir, bilmirik. Hər ay deyirlər, gələn ay açılacaq, açılmır. Səbəbi ilə bağlı açıqlama isə verilmir”.

Elnurə Həənova deyir ki, məktəbin tikintisində kənd camaatı da iştirak edib: “Kənddən tikintidə işləyənlər var idi. Onların dediyi, bizim bildiyimiz qədərilə bina tam hazırdır. Ancaq istifadəyə verilmir. Məktəb direktoru, müəllimlər də səbəbindən xəbərsizdir. Hər halda onlara da xoş deyil şəraitsiz məktəbdə işləmək”.


“Məktəbi biz tikmirik”

Valideynlər havalar soyuyandan sonra etiraz olaraq övladlarını məktəbə göndərmək istəməyiblər. Sonra fikirlərindən daşınıblar. Nəsib Quliyev deyir ki, olan uşaqlara olacaqdı: “Həm müəllimlərin günahı nədir? İşə gedəcəkdilər ki, şagir yox. 3 övladım təhsil alır həmin məktəbdə. Çətindir, xəstələnirlər, müalicə, iynə, dərman – asan deyil”.

Hər il dövlət büdcəsi və investisiya xərcləri istiqamətində məktəblərin təmir və tikintisinə müəyyən vəsaitlər ayrılır. Bir neçə il öncəsinə qədər təmir, tikinti işlərini Təhsil Nazirliyi həyata keçirirdi. 2012-ci ildə bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin balansına verilməsi ilə bərabər bütün bu vəsaitlərin istifadəsi, təmir-tikinti işləri də müvafiq icra hakimiyyətlərinə həvalə edildi.

Şəki Şəhər İcra Hakimiyyətindən isə deyildi ki, bu haqda danışmaq onların səlahiyyətində deyil:

“Mən başçının köməkçisiyəm. Bu haqda məlumatım yoxdur. Belə məsələlərə təhsil şöbəsi baxır. Məlumatı onlardan alın”.

Təhsil Şöbəsindən isə deyildi ki, tikintini kim aparırsa, o bilməlidir: “Məktəbi biz tikmirik. Biz tikinti aparan qurum deyilik. Bunun Maarifə nə dəxli var ki? Əslində İcra Hakimiyyətində bu barədə məlumat olmalıdır. Biz ancaq məktəb açılanda bilirik ki, açıldı”.

Səlahiyyətli qurumlar məsuliyyəti bir-birinin üstünə ataraq problemdən boyun qaçırırlar, nəticədə uşaqlar təhsildən geri qalırlar.

Ana səhifəXəbərlərVaqonda təhsil – XXI əsrin kənd məktəbi