Vaqon sakini: “Gecə-gündüz arzulayıram ki, evim olsun”

Məqalə yeniləndi:  6 Mart 2019

Vaqon sakini: “Gecə-gündüz arzulayıram ki, evim olsun”

“Bilirsənmi, arzum nədir? Bir otaqda yatasan, o birində oturub televizora baxasan. Mətbəxin ayrı ola, oturmaq yerin ayrı. Elə çox arzulayıram ki...”

38 yaşlı Yeganə Hüseynova ötən ömrünün yarısını ev arzusu ilə keçirib. 12 yaşlı oğlunu dəmir vaqonda böyüdüb. Qonşuları deyir ki, onlar ana-bala Tovuzun ən kasıb sakinləridir:

“3 dəfə gəlib burada ilan öldürmüşəm. Külək olur, vaqonun üstü dağılır. Yağış yağır, içəri dolur. Gəlib görürəm ki, içəridə oturub ağlayır. Aparıram evə, 5-10 dəqiqə otursun. Onlara heç yerdən kömək yoxdur”.
Dəmir vaqon qışda buztək soyuq, yayda alov kimi isti olur. İçinə yaşamaq çətindir, amma ona daldalananların tək dərdi bu deyil. Vaqona gələn pul-para yalnız imkan olanda ödənən alimentdir.

“3-4 il əvvəl ayda 40 manat sosial yardım alırdım. Yenə ona da şükür edirdim. Ayboyu mağazalardan nisyə ərzaq alır, pulu alanda aparıb ödəyirdim. Sonra dayandırdılar. Dedilər, sənə yardım düşmür”.
Uşaqlıqdan gözlərində xəstəlik olan Yeganə Hüseynovanın indi görmə qabiliyyəti daha da zəifləyib. Deyir, elə işləməsinə də, bu, mane olur.

“Nəsə olanda özüm yemirəm, uşaq üçün saxlayıram. Soruşur, özün yemisənmi? Aldadıram ki, hə. Dərsə gedəndə bilmirəm yeməyə çantasına nə qoyum. Deyir, ana, pul varsa, məktəbdə nəsə alıb yeyərəm. Verə bilmirəm, pis olur...”

Bozalqanlı kənd sakini Yeganə Hüseynova ötən il Tovuza konsertə gələn deputat Qənirə Paşayevanın görüşünə gedib, amma...

“Qənirə Paşayeva Tovuzda çox insana yardım edib. Niyəsə mənimlə maraqlanmadı”.

Tovuz Rayon İcra Hakimiyyətinə ev yardımı üçün etdiyi müraciət geri çevirilib. Gözlərinə əllillik dərəcəsi və pensiya almaqda kömək edilə biləcəyi deyilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə deyirlər ki, onlarda Yeganə Hüseynova ilə bağlı məlumat yoxdur.

“Gecə-gündüz arzulayıram ki, evim olsun. Daha dözə bilmirəm. Uşağın 2 yaşından buradayıq. Amma mən boğamıza yemək tapa bilmirəm, evi necə düzəldim?..”

Vaqon sakinləri günlərini xəyallarla keçirir. Dəmir divarlarının yerini bir gün daş alacağına inanırlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5rvpxa

Ən çox baxılan