Meşəli qətliamında ittiham olunan erməni əsilli vətəndaşın məhkəməsi başlayıb
1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Xaçaturyan Vaqif Çerkezoviçin oktyabrın 13-də Bakıda məhkəməsi başlayıb. Onun işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov baxır. Lakin məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Oktyabrın 13-də Vaqif Xaçaturyanın işi üzrə ilkin hazırlıq iclası keçirilib.
Vaqif Xaçaturyan məhkəmə zalına gələndə ağlayıb.
Məhkəmə iclası başlayandan sonra iclas katibi elan edib ki, təqsirləndirilən şəxs erməni dilini bilən tərcüməçi ilə təmin olunub. Tərcüməçilik işi İsmayıl Tanrıverdiyə həvalə edilib.
Məhkəmədə Vaqif Xaçaturyanın anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o, 1953-cü ildə Əsgəran rayonunda anadan olub.
Ardınca təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub.
Bu məhkəmə prosesində dövlət ittihamını Baş prokurorun köməkçisi Müqəddəs Sultanov müdafiə edəcək.
Vaqif Xaçaturyanın vəkili isə Natiq Bəybalayevdir.
Məhkəmədə zərərçəkmiş qismində kimlərin təmsil olunduğu da açıqlanıb. Məlum olub ki, Xocalı Rayon İcra Hakimiyyəti zərərçəkmiş statusunda tanınıb. Bu qurumun nümayəndəsi Murad Hüseynov məhkəmədə iştirak edib.
Həmçinin Meşəli hadisələri zamanı qətlə yetirilmiş Kərim Hümbətovun oğlu Hüseyn Hümbətov da zərərçəkmiş şəxsin hüquqi varisi qismində prosesin iştirakçısıdır.
Vaqif Xaçaturyanın haqqındakı cinayət işinin məhkəmə baxışına verilməsi barədə tərəflərin fikirləri soruşulub. Tərətlərin heç biri buna etiraz etməyib.
Beləliklə, oktyabrnn17-nə məhkəmə baxışı təyin olunub. Həmin gün bu cinayət işi üzrə məhkəmə istintaqı başlayacaq.
Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi
Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.
Lakin Vaqif Xaçaturyanın ittihamlara münasibəti məlum deyil.