Vaqif Əsədov: ”Polis avtomobilinə ziyan vuran şəxs sürücü olmayıb” (VİDEO)

Daxili İşlər Nazirliyi Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış şəxslə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

Araşdırma aparılır.

 ***


”Hazırda Şahin Bəylərov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir”

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov idarəyə məxsus BMW markalı avtomobilin Nərimanov rayonu ərazisində çəkiclə əzilməsi hadisəsinə münasibət bildirib.

V.Əsədov “Report”a açıqlamasında deyib ki, həmin şəxs bəzi saytların yazdığı kimi hansısa avtomobilin sürücüsü yox, ərazidən keçən piyada – Şahin Bəylərov adlı şəxs olub: “Nərimanov rayonu ərazisində xidmət apararkən yol hərəkəti qaydasını kobud pozmuş sürücü saxlanılıb. Onun sənədlərinin yoxlanılması və sənədləşdirilməsi zamanı həmin ərazidən keçən bir piyada qəflətən 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinin qabaq kapot hissəsinə, “iPatrol” sisteminə, işıq faralarına ard-arda zərbələr endirərək qaçmağa çalışıb. Həmin piyada, 1974-cü il təvəllüdlü Şahin Bəylərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir, araşdırma aparılır. Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı avtomobilə çox ciddi ziyan dəyib”.

Ana səhifəVideoVaqif Əsədov: ”Polis avtomobilinə ziyan vuran şəxs sürücü olmayıb” (VİDEO)