“Bu yaxınlarda onlardan gözlənilən xərclər haqqında ətraflı məlumat tələb etdik”
Avstriyanın “ORF” telekanalı Avropa Oyunları zamanı Bakıda zədələnən idmançı Vanessa Sahinoviçlə bağlı reportaj yayıb (
Oft.at
).
İdmançı telekanala müsahibəsində bildirib ki, Azərbaycan tərəfi ona hələlik yalnız medallar təqdim edib. Verilişin aparıcı isə bildirib ki, Avstriya sığorta şirkətinin ödəyəcəyi məbləğdən əlavə, Azərbaycan hökuməti də V.Sahinoviçin vəkili tərəfindən idmançıya yardım məqsədilə yaradılan hesaba böyük məbləğdə pul köçürəcəyini bildirib.
Rupor.az saytı da Avstriya mətbuatına istinadən Vanessa Sahinoviçin durumu ilə bağlı məlumat yayıb. Saytın xəbərinə görə, Avstriyanın “DerStandard.at” və digər xəbər saytlarının yaymış olduğu məlumatlara əsasən, Azərbaycan hökuməti ilə danışıqlar hələki konkret nəticə verməyib.
Belə ki, mətbuatda işıqlandırılan yazılara əsasən, Azərbaycan rəsmiləri idmançının sağlıq durumu ilə maraqlanaraq onun müalicə xərcləri ilə bağlı məlumatlar tələb ediblər.
V.Sanihoviçlə bağlı Avstriya mediasında qeyd olunur ki, idmançı iflic vəziyyətindədir və aşağı ətraflarını hiss etmir: “Avstriya Olimpiya Komitəsi hazırda zədələnən idmançının müalicəsi ilə bağlı maddi vəziyyəti diqqətdə saxlayır. 16 yaşlı avstriyalı V.Sahinoviç müalicəsini davam etdirir. Hələlik idmançının gələcək sağlıq durumu haqqında müsbət proqnoz vermək çox çətindir. İndiki vəziyyətdə müsbət nəticə yoxdur. Vanessa ümidini itirmir və yenidən idman karyerasına qayıtmaq arzusundadır. O, bu hadisəni qorxulu bir film kimi xatirlayır”.
Vanesanın yaşadığı ərazinin meri Herbert Yanşka öz internet bloqunda idmançıya kömək məqsədilə müraciət yayıb.
İdmançıya Avstriya Olimpiya Komitəsinin Yardım Fondu tərəfindən 50 min avro dəyərində maddi yardımın göstərildiyi də bildirilir.
Kurier.at saytının məlumatına görə, Vanessanın ömürlük əlilliyi tam təsdiq olunsa, Avstriyanın sığorta şirkəti idmançıya 600 min avro dəyərində kompensasiya ödəyəcək. Artıq kompensasiyanın 100 min avrosu ödənilib.
Avstriya Olimpiya Komitəsinin baş katibi doktor Peter Mennel açıqlamasında deyib ki, Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Bu yaxınlarda onlardan gözlənilən xərclər haqqında ətraflı məlumat tələb etdik” (
kurier.at
).
Həmçinin Avstriya İdmana Yardım Cəmiyyətinin Olimpiya Komitəsi ilə birgə idmançıya dəstək məqsədilə ianələrin toplanması üçün layihələr həyata keçirdiyi də nəzərə çatdırılır.
Hadisə zamanı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov mətbuata açıqlamasında Azərbaycan tərəfinin avstriyalı idmançının müalicə xərcini üzərinə götürəcəyini bildirmişdi.