Mümkün risklərdən qorunmağın yolları
Bazardakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman riskləri müəyyən qədər sığortlaya bilərik. Nələrə diqqət yetirmək lazımdır:
1. Ötən aydan bazarların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu bazardakı mənzərə anlamına gəlmir. Ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşsa da rəsmi məzənnədə bahalaşdı. Banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirmək üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Dolların satış kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Yox, dolların satış kursu artırsa, bu, xarici valyutaya tələbin artması deməkdir. Deməli növbəti günlərdə dollar dəyər qazanacaq.
2. Dolların alış kursu sizdə məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər. Əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirir. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir.
3. Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgər bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız.
4. Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər. Amma bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dolları real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsinin 1.74 manat olması başadüşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq.
5. Yığımlara qısamüddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərclər kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın.
6. Nəhayət, 2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faizləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta. Bu səbət sizi bütün mümkün risklərdən qoruya bilər.