İqtisadçının fikrincə, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir
Valyuta hərracında dollara tələb artıb. Fevralın 1-də tələb 78,7 milyon ABŞ dolları olub.
Hərracda manatın məzənnəsi 1 dollara 1 manat 70 qəpik səviyyəsində formalaşıb.
Mərkəzi Bankın yaydığı məlumatda belə deyilir.
İqtisadçı, deputat Vüqar Bayramov isə deyir ki, iki gün öncəki hərracda 64.2 milyon dollar satılmışdı. Onun sözlərinə görə, ikisi birlikdə son iki hərracda 142.9 milyon dollar satılıb:
“Yanvarın 23 və 25-i tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb”.
İqtisadçı bildirir ki, bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir.
“Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil”.
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəlincə, Vüqar Bayramov bildirir ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır.
“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”.