Valyuta auksionlarında dollara tələbat artır

Natiq Cəfərli: ”Dolların noyabr, dekabr aylarında satış həcmi daha da artacaq”

Source:


Natiq Cəfərli: ”Dolların noyabr, dekabr aylarında satış həcmi daha da  artacaq”


Dövlət Neft Fondu

tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində Mərkəzi Bankın valyuta auksionlarında 318,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu, sentyabrla müqayisədə 26,2 faiz çoxdur. Sentyabrda 252,2 milyon dollar satılıb.

Ümumilikdə 2017-ci ilin 10 ayı ərzində Dövlət Neft Fondu Mərkəzi Bankın valyuta auksionlarında 2 milyard 804 milyon 720 min dollar vəsait satıb ki, bu da 2016-cı ilin analoju dövrü ilə müqayisədə 34,5 faiz azdır.

Statistikaya uyğun olaraq dollara tələbat artsa da, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ilin sonuna qədər manatın güclənəcəyini istisna etməyib.

Meydan TV-ə bu barədə danışan ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bildirdi ki, ilin sonu yaxınlaşdıqca dövlət büdcəsindən ayrılan xərcləmələr artır.

“Bu, Azərbaycanda formalaşan “ənənə”dir. Belə primitiv model ona xidmət edir ki, büdcədən manatla vəsait ayrıldıqca, dollara tələbat artır. Çünki həm təmir-tikinti işlərində daha çox materialların alınmasına xərclənilir, korrupsiya ilə əldə olunmuş manatın sonradan valyutaya çevrilməsi prosesi başlanır. Bu mənada dollar tələbatın artması dövriyyədə olan manat kütləsinin artması ilə parallel gedir”, – N.Cəfərli deyib.

O qeyd edib ki, Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri manatla olduğundan, həm öz öhdəliklərini və həm də manatla olan büdcədən kənar öhdəliklərini yerinə yetirmək üçün mütləq valyutanı hərraca çıxarıb satır.

N.Cəfərlinin sözlərinə görə, bununla büdcə və büdcədən kənar öhdəlikləri üçün valyuta xərcləyir.

“Beləliklə, 2017-ci ildə fonddan büdcəyə və büdcədən kənar 4 milyard dollara yaxın vəsait çıxmalıdır. Deməli, vəsaitin çıxması ilin sonuna qədər daha da intensivləşəcək və güman ki, dolların noyabr, dekabr aylarında satış həcmi daha da  artacaq”, – ekspert deyib.

Natiq Cəfərli

O, hesab edir ki, rəqəmlər məzənnə rejiminin inzibati qaydada tənzimləndiyini təsdiqləyir.

“Əks təqdirdə dollara tələbat artdıqca onun qiyməti də artmalıydı. Bu, baş vermirsə, deməli, Mərkəzi Bank inzibati qaydada məzənnəni tənzimləyir”, – N.Cəfərli deyib.

Oktyabr ayında manatın dollara qarşı məzənnəsi 1 dollar üçün 1,7001-1,7003 manat arasında dəyişib.

Ana səhifəXəbərlərValyuta auksionlarında dollara tələbat artır