Yadigar Sadıqlı

Mənbə: Foto: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Vallenberq müəmması

"ABŞ-ın fəxri vətəndaşı" adına layiq görülən 8 nəfərdən biri

İkinci dünya müharibəsi özündən sonra xeyli fəlakətlər, dağıntılar kimi həm də müəmmalar buraxdı. Onlardan biri də Macarıstanda fəaliyyət göstərən İsveç diplomatı Raul Vallenberqin başına gələnlərdir. Bu məqalə də onun haqqındadır.

***

Raul Vallenberq 1912-ci ildə İsveçin nüfuzlu, bir sıra görkəmli sənayeçilərinin, bankirlərin, diplomatların və siyasətçilərin məxsus olduğu ailədə dünyaya gəlib. Atası Raul Oskar Vallenberq İsveç hərbi donanmasının zabiti olub. Anası May Vising Vallenberq isə yəhudi kökənli idi. O, İsveçə köçən (1780-ci ildə) ilk yəhudi nəsillərindən birinin xələfi idi. Raul dünyaya gəlməmişdən 3 ay öncə atası xərçəngdən vəfat etdi.

Ata tərəfdən babası, bir zamanlar İsveçin Bolqarıstan, Yaponiya və Türkiyədəki diplomatik nümayəndəliklərində işləmiş Qustav Vallenberqin himayəsində böyüyən Raul orta məktəbi bitirib məcburi hərbi xidmətə yollanır. Bundan sonra o, 1 il Parisdə fransız dilini öyrənir və 1931-ci ildə ABŞ-ın Miçiqan universitetinə daxil olaraq memarlıq üzrə təhsil alır.

Təhsilini bitirən Raul bir müddət o zaman Britaniya imperiyasının tərkibində olan, indi isə CAR-ın qanunverici paytaxtı Keyptaunda və Fələstində işləyir. 1936-cı ildə vətəninə qayıdaraq Macarıstan kökənli yəhudi Kalman Lauerə məxsus Mərkəzi Avropa ticarət şirkətində işə girir.

Bu dövrdə nasist Almaniyasının təsir dairəsində olan Macarıstanda yəhudilər həbs olunmasalar da, öldürülməsələr də, bir sıra məhdudlaşdırıcı addımlara məruz qalırlar. Buna görə də Lauer öz vətəninə getməkdən çəkinərək buradakı işgüzar məsələlərin həllini Vallenberqə həvalə edir.

Macarıstan 1941-ci ilin iyununda Almaniya ilə birlikdə SSRİ-yə hücum etdi və rəsmən nasistlərin müttəfiqi oldu. Stalinqrad döyüşündə macarların 2-ci ordusu xüsusilə ağır itkilər verdi - 84%. Macarıstanı regent kimi idarə edən (ölkə rəsmən krallıq idi, amma kral yox idi) Mikloş Horti Stalinqraddan sonra almanların müharibədə qalib gəlməyəcəyini anlayır. Onun razılığı və göstərişi ilə Baş nazir Mikloş Kallai amerikalılarla və ingilislərlə gizli danışıqlara başlayır.

1944-cü ilin martında Hitler bu danışıqlardan xəbər tutdu və özünü xəyanətə uğramış hesab etdi. Onun göstərişi ilə Macarıstanın işğalına hazırlıqlar görüldü (Marqarete əməliyyatı). Martın 15-də Horti danışıqlar aparmaq bəhanəsi ilə Berlinə dəvət edildi və bununla da macar ordusu başsız qaldı. Danışıqlar bitdikdən sonra regent martın 18-də qatara minərək Budapeştə yola düşdü və burada onu ölkəni işğal etmiş alman qoşunları qarşıladılar.

Fakt qarşısında qalan Horti Baş nazir Kallaini istefaya göndərdi və onun yerinə almanpərəst Döme Stoyai təyin olundu. Amma ölkədə əsas söz sahibi Almaniyanın təmsilçisi Edmund Vesenmayer idi. Bununla da, Macarıstanda yaşayan yüzminlərlə yəhudi üçün fəlakətli günlər başladı.

***

Macarıstanda 800 mindən çox yəhudi yaşayırdı. Alman işğalından sonra "yəhudi məsələsinin qəti həlli" proqramının, yəni holokostun əsas icraçısı Adolf Ayxman Budapeştdə məskunlaşdı və buradakı yəhudiləri ölüm düşərgələrinə göndərməklə məşğul oldu. Horti rejiminin etirazlarına və müqavimətinə baxmayaraq, 15 may - 9 iyul tarixində yəhudilərin yarısından çoxu, əsasən əyalətlərdə yaşayan 437 402 nəfər deportasiya olundu ki, onlardan 422 mini məşum Auşvits ölüm düşərgəsinə göndərildi. Budapeşt yəhudiləri isə gettoya salındılar.

Belə bir vəziyyətdə beynəlxalq humanitar təşkilatlar, xüsusən də ABŞ-da fəaliyyət göstərən American Jewish Joint Distribution Committee və ya qısaca Joint macar yəhudilərinin xilası üçün tədbirlər görməyə başlayır. Belə tədbirlərdən biri olaraq Macarıstana yəhudilərin xilası üçün İsveçin diplomatik nümayəndəsi kimi birisinin göndərilməsi idi. Müəyyən araşdırmalardam, təkliflərdən sonra həmin adam olaraq Raul Vallenberq seçildi. O, 1944-cü ilin iyulunda Budapeştə gəldi.

Burada Raul yəhudilərin xilası üçün qızğın fəaliyyətə başlayır. Onun göstərişi ilə göy-sarı rəngli, üzərində İsveçin rəmzi "tre krunur" (üç tac) olan "mühafizə vəsiqələri" çap edilir və yəhudilərə paylanılır. Bundan əlavə, Joint təşkilatının ayırdığı maliyyə hesabına binalar alınır və üzərinə İsveç bayrağı asılır. Bu "İsveç evləri"nə köçürülən yəhudilər dövlətin himayəsi altında sayılırlar.

İkinci dünya müharibəsində İsveç bitərəf mövqe tuturdu və hər iki döyüşən tərəflə əməkdaşlıq edirdi. Bəhs edilən dövrdə ağır vəziyyətdə olan Almaniya İsveçin onun düşmənlərinin tərəfinə keçəcəyindən bərk qorxurdu: bu geosiyasi vəziyyətini xeyli pisləşdirərdi. Üstəlik, almanların İsveçin dəmir filizinə ehtiyacı vardı. Bu filiz başqa ölkələrdə, o cümlədən Almaniyanın özündə çıxarılandan 2 dəfə keyfiyyətli idi və alman hərbi texnikasının 40%-i ondan hazırlanırdı. Buna görə də almanlar İsveç diplomatlarının xətrinə dəyməməyə çalışırdılar.

Digər tərəfdən, bəzi nasist xadimlər, xüsusən də Henrix Himmler müharibənin artıq uduzulduğunu anlayır və yəhudi məsələsindən öz şəxsi xilasları üçün alver predmeti kimi istifadə etməyə çalışırdılar. Bundan əlavə, 1944-cü ilin avqustunda Horti almanların müqavimətini qıraraq, daha müstəqil Geza Lakatoşu Baş nazir təyin etdi. O isə macar polisinə yəhudilərin deportasiyasının qarşısını almağı əmr etdi. Nəticədə macar yəhudilərinin ölüm düşərgələrinə göndərilməsi dayandırıldı. Ayxman da Budapeştdən getdi.

İyul-oktyabr ayına qədər 12 min pasport verilir. Bu pasportlar "ailə sənədi" sayıldıqlarından himayə altına alınanların sayı 4-5 dəfə çox idi.

Amma payızda vəziyyət dəyişdi. Sovet qoşunlarının Macarıstan sərhədlərinə daxil olmasından sonra Horti oktyabrın 15-də SSRİ ilə atəşkəs elan etdi. Cavab olaraq almanlar "Panzerfaust" əməliyyatını keçirdilər. Əvvəlcə məşhur diversant Skortseninin dəstəsi Hortinin oğlunu oğurladı, daha sonra isə Budapeştin strateji məntəqələri ələ keçirildi.

Almanlara müqavimət göstərmək üçün imkanı olmayan Horti hakimiyyəti faşist yönümlü Çarpaz oxlar partiyasının rəhbəri Ferents Salaşiyə təhvil verdi. O, Geza Lakatoşa addımını belə izah etdi: "Heç vaxt istefaya gedib Salaşini Baş nazir təyin etməzdim, sadəcə imzam ilə oğlumun həyatını xilas etdim. Tapança lüləsi altında atılan imzanın legitimliyi yoxdur".

Salaşinin yəhudilərə nifrəti almanlardan az deyildi. Tezliklə Ayxman Budapeştə qayıtdı və ölüm düşərgələrinə deportasiyalar bərpa olundu. İndi qatar eşalonlarından başqa həm də "ölüm marşları" təşkil edilirdi. Yəhudilər Auşvitsə qədər yüzlərlə kilometr məsafəni piyada qət edirdilər. Onların bir qismi, əlbəttə ki, yolda ölürdülər və ya geri qalarkən mühafizəçilər tərəfindən öldürülürdülər. Düşərgəyə çatan yəhudilərin adətən 10-25%-i müxtəlif işlər üçün ayrılır, qalanları isə dərhal qaz kameralarına göndərilirdilər.

Oktyabrın 29-dan etibarən sovet qoşunları Budapeşt əməliyyatına başlamışdılar və alman-macar qoşunlarının kəskin müqavimətinə baxmayaraq, hər gün şəhərə doğru bir qədər də yaxınlaşırdılar. Amma belə bir ağır vəziyyətdə də yəhudilərin ölüm düşərgəsinə deportasiyası qəribə inadkarlıqla davam etdirilirdi.

Vallenberq Macarıstana 3 aylıq müddətə göndərilmişdi və oktyabrda geri qayıtmalı idi. Lakin baş verən hadisələrdən və yəhudilərin vəziyyərinin ağırlaşmasından sonra İsveçə qayıtmağı özünə sığışdırmır. O, yenə də bütün üsullarla onlara kömək etməyə çalışır.

Noyabrın 22-də Budapeştdən Auşvitsə növbəti eşalonun yola düşməyinə az qalmış Vallenberq özünü yetirir və göndərilənlər arasında İsveç pasportuna malik kimsənin olub olmamasını soruşur. Belə pasporta malik olduğunu söyləyən şəxslərin adını əlindəki kağıza yazılan siyahı ilə tutuşdurur. Əslində isə kağızda heç bir siyahı yox idi. Vallenberq sadəcə siyahı varmış kimi davranır və insanları xilas etməyə çalışırdı. Beləcə, o, daha 40 nəfəri xilas etdi.

Yalnız sovet qoşunlarının Budapeştə tamamilə yaxınlaşmasından və dekabrın 26-da mühasirəyə almasından sonra deportasiyalar dayandı. Həmin dövrə qədər 550 mindən artıq yəhudi ölüm düşərgələrinə göndərildi. Vallenberqin xilas etdiklərinin sayı isə onminlərlə ölçülürdü.

***

1945-ci ilin ilk günlərindən etibarən Budapeştin ucqar məhəllələri yavaş-yavaş sovet hərbçilərinin nəzarətinə keçməyə başlayır. Buna görə də İsveç XİN Moskvaya müraciət edərək Macarıstan paytaxtındakı diplomatlarının olduğunu yada salır və onları himayəyə almağı xahiş edir.

Daha çox yayılmış versiyaya görə, Vallenberq yanvarın 13-də Beynəlxalq Qırmızı xaç komitəsinin binasında sovet hərbçiləri tərəfindən saxlanıldı. İlk günlərdə onun statusu daha çox himayə altına alınan şəxs kimi idi. Yanvarın 16-da SSRİ xarici işlər nazirinin müavini Dekanozov Moskvadakı İsveç səfiri Söderbloma "Vallenberqi himayəmizə almışıq"məlumatını verir.

Raul Vallenberq

Raul Vallenberq

Mənbə: Foto: google.ru

Yanvarın 17-də isə vəziyyət dəyişdi. Sovet müdafiə nazirinin müavini Bulqanin Budapeşti ələ keçirən sovet qoşunlarının komandiri Malinovskiyə Vallenberqi həbs edərək Moskvaya göndərməyi əmr edir. Əmrin surəti eyni zamanda SMERŞ əks-kəşfiyyat idarəsinin rəisi Viktor Abakumova göndərilir.

Bu gözlənilməz və eyni zamanda beynəlxalq hüquqa zidd qərar idi. Cünki Vallenberq SSRİ ilə müharibə aparmayan ölkənin diplomatı idi və immunitetə malik idi. Amma Bulqaninin əmri yerinə yetirildi və diplomat qatarla Moskvaya gətirilərək Lyubyanka həbsxanasına salındı.

Vallenberqdən bir xəbər ala bilməyən isveçlilər narahat olmağa başlayırlar. Fevralın 24-də diplomatın anası İsveçdəki sovet səfiri Aleksandra Kollontay ilə görüşür. Səfir Raulun Moskvada olduğunu etiraf edir, amma anasına öz oğluna ziyan vurmamaq üçün hay-küy qaldırmamağı məsləhət görür.

Bu dövrdə SSRİ o qədər qorxunc görünürdü ki, İsveç hökuməti Vallenberqə görə səsini elə də ucalda bilmirdi. Moskvadakı səfir Söderblomun mövqeyi isə heç anlaşılmır. O, öz soydaşının və həmkarının taleyi ilə maraqlanmaq əvəzinə, Vallenberqin Moskvada olmasına inanmadığını bildirir, onun çox güman ki, Budapeştdə həlak olduğunu iddia edir. Halbuki yanvarda Dekanozov ona Vallenberqin sovet nəzarətində olduğunu demişdi.

Yalnız 1947-ci ilin yazında İsveç tərəfi öz diplomatının taleyi ilə daha səylə maraqlanmağa başlayır. Bu işdə Raulun anasının mətbuatda qaldırdığı həyəcan ciddi rol oynayır. Amma sovet tərəfi Vallenberqlə bağlı məlumatsız olduğunu deyir. Avqustun 18-də xarici işlər nazirinn birinci müavini Vışinski isveçlilərin sorğusuna cavab verir ki, əsaslı araşdırmalar Vallenberqin sovet ərazisində olmadığını göstərir.

Stalinin ölümündən sonra isveçlilərin sorğuları daha da çoxaldı. 1955-ci ildə SSRİ müharibənin gedişində əsir aldığı almanları və müttəfiqlərini azad edir. Onlardan bəziləri Lyubyankada, bəziləri Lefortovoda Vallenberqlə rastlaşdıqlarını söyləyirlər. Çarəsiz qalan sovet rəsmiləri nəhayət, 1957-ci ildə etiraf etməli olurlar: Raul Vallenberq SSRİ-də həbsdə olub, amma 1947-ci ildə vəfat edib.

Sübut kimi Lyubyanka tibbi hissəsinin rəisi Smoltsovun dövlət təhlükəsizlik naziri Abakumovun adına yazdığı raport göstərilir. Bu sənəddə Vallenberqin "ürək tutmasından və ya ürək çatışmazlığından" keçindiyi bildirilir və ekspertiza üçün icazə istənilirdi. Amma Abakumov cəsədin ekpertizasız yandırmağı əmr edir.

Bir çoxunun fikrincə, sovet tərəfi Vallenberqi həbs etməklə səhvə yol verdiyini anlayır və onu öldürməklə işi ört-basdır etməyə çalışır. Abakumovun cəsədin yarılmasını istəməməsi də məhz bununla bağlı idi. Məşhur kəşfiyyatçı Sudoplatovun səsləndirdiyi və bir çoxlarının bölüşdüyü fikrə görə, Vallenberq öz əcəli ilə deyil, zəhərlənərək ölmüşdü.

***

Stalin dövrünün bir çox sirlərindən fərqli olaraq, Vallenberq müəmmasına nə Qorbaçov aşkarlığı dövründə, nə də SSRİ-nin dağılmasından sonra aydınlıq gətirilmədi. Yalnız 1989-cu ildə diplomatın bəzi şəxsi əşyaları - pasportu, portsiqarı, qeyd kitabçası cə s. qohumlarında qaytarıldı. Amma Vallenberqin nəyə görə həbs olunması və inadla azad edilməməsi qaranlıq qaldı.

Versiyaların birinə görə, SSRİ Vallenberqin almanların, başqa bir versiyaya görə amerikalıların xeyrinə casusluq etməsindən şübhələnirdi. Əgər bu belə idisə, o zaman niyə istintaq yekunlaşdırılmadı və ya, əgər İsveç diplomatının günahsızlığı ortaya çıxdısa, niyə azad edilmədi? Digər tərəfdən, o zaman ABŞ SSRİ-nin müttəfiqi olduğu halda, onun casusu (əgər casus idisə) niyə tutulmalı idi? Bu və digər suallara 70 ildən çoxdur ki, qaneedici cavablar tapılmır.

***

Budapeştdəki 6 aylıq fəaliyyəti zamanı onminlərlə insanı xilas etdiyi üçün Raul Vallenberqə dünyanın bir çox şəhərlərində abidələr qoyulub. 1961-ci ildə İsrailin "Yad va-Şem" Fəlakət və qəhrəmanlıq institutu Vallenberqə İkinci dünya müharibəsi illərində yəhudilərin xilasına görə verilən "Dünya ləyaqətlisi" titulunu verdi.

1981-ci ildə Vallenberq Uinston Çörçilldən sonra "ABŞ-ın fəxri vətəndaşı" adına layiq görülən ikinci şəxs oldu. Müvafiq qanun layihəsinin müəllifi Macarıstan yəhudisi kökənli konqresmen Tom Lantos idi. Qeyd edim ki, indiyə qədər bu ada cəmi 8 nəfər layiq görülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oc33ad

Ən çox baxılan