“Valideynlərimin həbsdə qalması ölüm–dirim məsələsidir”

“BP-nin Azərbaycanda qazandığı pullar qana, işgəncəyə və valideynlərim kimi azad düşüncəli insanların əzablarına bulaşıb”

Source:


BP-nin Azərbaycanda qazandığı pullar qana, işgəncəyə və valideynlərim kimi azad düşüncəli insanların əzablarına bulaşıb”

Həbsdə olan hüquq müdafiəçiləri Arif və Leyla Yunusların qızı, Niderlandda yaşayan Dinara Yunus valideynlərinin səhhətilə bağlı narahatlığını bildirib.

“Mən Kürdəxanı təcridxanasında anama göstərilən fiziki və psixoloji təzyiqlərdən çox narahatam. Onunla bir kameraya salınmış residivist qadın müntəzəm olaraq anama hücum edir. Üstəlik qanun keşikçisi olmalı olan mayor şəkər xəstəsi olan anamı qəddarcasına döyüb. Qadına əl qaldıran, saçından dartan adama kişi demək olmaz. Bu zabitin hərəkətlərinə göz yumurlar, üstəlik anama töhmət verirlər. Mən anamın sağlıq durumundan  və təhlükəsizliyindən çox narahatam”, – deyə D.Yunus “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

Yunuslar ailəsinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı yardım üçün BP neft şirkətinə müraciətinə gəlincə, D.​​ Yunus deyib ki, bu şirkət yalnız öz iqtisadi mənfəətini güdür.

“Hesab edirəm ki, BP Azərbaycanda siyasi məhbus və insan haqları məsələsini qaldırmağa kifayət qədər güclüdür. BP dərhal valideynlərimin və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etməlidir. BP-nin Azərbaycanda qazandığı pullar qana, işgəncəyə və valideynlərim kimi azad düşüncəli insanların əzablarına bulaşıb”, – D.Yunus vurğulayıb.

O qeyd edib ki, valideynləri insan haqları uğrunda mübarizənin qurbanlarıdır.

Dinara Niderlandda özünü təhlükəsiz və qorunmuş hiss edir. O,  valideynlərinin də belə azad və təhlükəsiz şəraitdə olmasını istəyir.

“İstəyirəm ki, onlar dinc, stressiz həyata yaşasınlar. Fikirləşirəm ki, onların özləri haqda fikirləşməsinin vaxtı yetişib”, – o qeyd edib.

“Qərb ölkələrinin yürütdükləri sakit diplomatiya mənim valideynlərimə kömək etmir. Anamın vəziyyəti daha da ağırlaşır. O, dəfələrlə alçaltmalara və hücumlara məruz qalıb. Güman edirəm ki, məhkəmə valideynlərim haqda həbs qətimkan tədbirini uzadacaq. Mən ABŞ və Qərb ölkələrindən xahiş edirəm ki, Azərbaycan hökumətindən açıq şəkildə valideynlərimin dərhal azad olunmasını tələb etsinlər.

Avropa Parlamenti Azərbaycanda insan haqlarına dair qətnamə qəbul edərək valideynlərimin dərhal azad edilməsini tələb edib.  Qərb dövlətləri Azərbaycan hökumətindən həmin qətnaməyə riayət etməsini,  öz üzərinə götürdüyü və heç vaxt yerinə yetirmədiyi öhdəliklərə əməl etməsini tələb etməlidirlər, – D.Yunus bildirib.

D.Yunus “Valideynlərinizin  Azərbaycanı tərk etməsini istərdinizmi” sualının cavabında deyib:  “Valideynlərimin adından danışa bilmərəm. Bu, onların öz seçimi olacaq. Onlar gənc deyil, 60-a yaxın yaşları var. Atamın  ürək, yüksək qan təzyiqi, anamın şəkəri, ağrıları var,  xüsusən də nəzarətçi tərəfindən döyüldükdən sonra. Hər iki gözündən əməliyyat olunub.  Valideynlərimə təcili tibbi qayğı lazımdır. Onların həbsdə qalması həyat-ölüm məsələsidir”.

Ana səhifəXəbərlər“Valideynlərimin həbsdə qalması ölüm–dirim məsələsidir”