Valideynlər və müəllimlər 7 sinif şagirdindən şikayətçidir

Foto: https://bakuplus.az/

Məsələni araşdırmaq üçün məktəbə polis gəlib

Paytaxtın 282 saylı məktəbində 7-ci sinif şagirdi ilə bağlı polisə şikayət edilib. Şikayətçi valideynlər iddia edirlər ki, uşaq dərsə bıçaq gətirir, sinif yoldaşlarını hədələyir, tənəffüsdə şalvarın çıxarır, etiraz edən qızları təhqir edir. Məsələyə müaxilə edə bilmirlər, çünki şagirdin anası sərt reaksiya verir. Valideynlər tədbir görülməsi üçün məktəbin qarşısında aksiya keçirmək istədiklərini də qeyd ediblər.

“Bu uşağın böyük qardaşı tərbiyəsizlik etdiyi üçün uşaq evinin müəlliməsi yüngül tənbeh etmişdi.  O müəlliməni kütlə linç edib işdən çıxartdırdı. İndi həmin uşağ oğurluq edib, işi polis araşdırır. Kiçik qardaş da böyuk qardaşın tökdüklərini yığır, anası da hamını hədələyir”-, məsələni “Facebook” hesabından ictimailəşdirən jurnalist Natiq Muxtarlı yazıb.

Müəllimlərdən biri deyib ki, məktəb uşaq evi tiplidir. Bu uşağın valideyni Qobuda yaşayır, problem isə iki ildir davam edir:

“5-ci sinifdən başlayaraq bu uşaq problemlər yaradır. Uşaq kriminallaşıb. Üç müəllimi söyüb, təhqir edib. Dərslərdə partanın üstünə çıxır, söyüş söyür. Uşaqları bıçaqla hədələyir, yeməklərini istəyir. Tənbeh olunanda da gedib valideyninə şikayət edir, o da gəlib məktəbdə dalaşır. Sonuncu dəfə valideyn məktəbdə müəllimlərə hücum çəkdi, söyüş söydü, ona görə də direktor polis çağırmalı oldu. Valideynlər də deyirlər ki, ya bu uşaq haqqında tədbir görülsün, ya biz uşaqlarımızı məktəbdən çıxarırıq”.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev bildirib ki, paytaxtın Suraxanı rayonunda yerləşən 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. “Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”, – Elşad Hacıyev.

Bakı şəhəri 282 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (azyaşlı olduğu üçün adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir:

“Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir”.

Məlumatda qeyd olunur ki, şagirdin anası da psixoloji cəhətdən qüsurludur:

“Dekabrın 6-sı saat təxminən 10 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib”.

Məlumatda daha sonra vurğulanır ki, məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb:

“Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”.

Bakı Şəhər Təhsil İdarəsi də məsələ ilə bağlı məlumat yayıb:

“Paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.

Ana səhifəSosialValideynlər və müəllimlər 7 sinif şagirdindən şikayətçidir