Valideynlər dərslik çatışmazlığından gileylənir

Dərsliklər. Mənbə: trend.az

“Uşaqlar əlavə o qədər yüklənir ki…”

“İki övladım orta məktəbdə oxuyur. Məktəblərin başlamasından bir ay ötüb, amma dərsliklər tam verilməyib. Halbuki satışda bütün dərsliklərdən var. Tikintidə daş daşımaqla ailəmi dolandırıram, pul verib almağa da imkan yoxdur”.

Bunu Meydan TV-yə Masazır kənd sakini Rəşad Məmmədov bildirib. Onun sözlərinə görə, övladları Masazır kənd 5 saylı orta məktəbdə təhsil alır. Məktəbdən valideynlərə bildiriblər ki, dərslik problemi təhsil müəssisəsinin həll edəcəyi məsələ deyil, nazirlik dərslik göndərən kimi şagirdlərə paylanılır.

Övladları Bakıdakı 245 saylı məktəbdə təhsil alan bir şagirdin valideyni isə müəllimlərin iş dəftərləri, kurikulum kitablari, test bankları aldırmasından şikayətlənib. Adının açıqlanmasını istəməyən valideynin sözlərinə görə, uşaqlar əlavə o qədər yüklənir ki, gündəlik cədvəldə olan bütün dərsləri oxumağına vaxt çatmır.

Quba rayon 3 saylı məktəbin müəllimləri isə bildiriblər ki, Bakıda uşaqların PDF variantdan dərslikləri endirib, oxumaq imkanları var. Ancaq payonların hamısında bütün şagirdlərin internetə çıxışı yoxdur, bəzilərinin telefonları dərsliklərin PDF variantının yükləməsini dəstəkləmir. Dərsliklərin olmaması təkcə şagirdləri deyil, müəllimlərin də işini çətinləşdirir. Dərsliklər paylanılsa belə, bir ay ərzində uşaqların mənimsəyə bilmədiyi mövzular yenidən keçirilməlidir.

Ölkənin müxtəlif bölgələrindən müəllimlər məktəblərə A4 kağızlarının verilməməsindən də narazıdırlar. Test və ya digər vəsaitləri çıxarmaq üçün A4 kağızları müəllimlər özləri almağa məcbur qalırlar.

Elm və Təhsil Nazirliyindən Meydan TV-yə bildiriblər ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə ötən həftənin sonu jurnalistlərə açıqlamasında bildirib ki, Bakı məktəblərində kitab çatışmazlığı aradan qaldırılıb. Onun sözlərinə görə, sentyabrın əvvəlində, qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yaranmışdı. Artıq həmin məsələ öz həllini tapıb və Bakıda dərslik çatışmazlığı problemi aradan qaldırılıb.

Ana səhifəSosialValideynlər dərslik çatışmazlığından gileylənir