Əlilliyi olan şəxslər yaşayış durumlarından gileylidirlər
“Aldığım pensiya yavan çörəkdən başqa heç nəyə çatmır. Adicə televizor üçün 30-35 manat dəyərində dekoderi ala bilmədim. Dünyadan bixəbər yaşayıram”- Zaur Ələşrəfovun sözləridir. O, ikinci qrup əlildir. Dövlətin ona hər ay verdiyi müavinətin xərclərini ödəmədiyini deyir.
Birinci qrup əlilliyi olan Zaur Hacılı da aldığı pensiyanın azlığından şikayətçidir. Deyir, minimum yaşayış dəyəri, insanların ailəsilə birlikdə günün iqtisadi və sosial şərtlərinə görə insanca yaşamasını mümkün edən ödəniş olmalıdır:
“Aldığım 140 manatla bu deyilənlərin zərrə qədəri də təmin edilmir. Valideynimiz 1 ay işləməsə, həyatımız alt-üst olar. Bizə valideynlərimiz nə qədər baxmalıdır? Niyə bizim də şəxsi həyatımız olmamalıdır? 37 yaşım var və heç bir gündəlik ehtiyacımı özüm qarşılaya bilmirəm. Bütün ehtiyaclarımı 57 yaşındakı anam qarşılayır. 37 yaşlı yetkin insanın heç bir ehtiyacını özünün qarşılaya bilməməsinin verdiyi əziyyət bir tərəfdən, 57 yaşlı anama da verdiyim əziyyət digər tərəfdən vicdan əzabı verir. Bu arzuolunmaz həyatı, bu hissləri bütün əlilliyi olan dostlarım yaşayır. Həyat ötüb keçən ömür-gün deyil, həyat yaşanan gözəl gündür. Bizim həyatımız bu möhtaclıq ucbatından çox təəssüf ki, sadəcə ötüb keçir…”.
Aylıq müavinətlərinin azlığı səbəbindən iyunun 6-da 30-a yaxın əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirdi. Onlar aldıqları təqaüd az, xərclərinin çox olmasına görə kommunal xərclərinin dövlət tərəfindən ödənilməsini tələb edirdilər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əlilliyin təyinatı, əlillərin tibbi-sosial reabilitasiyası, əlillərin sosial müdafiəsi məsələləri üzrə müavini Natiq Məmmədov aksiya iştirakçılarını qəbul etdi. Onlara nazirin ölkədə olmadığını, qayıdandan sonra cavab veriləcəyini söylədi.
Daha bir əlilliyi olan şəxs Rasim Şahməmmədov deyir ki, aldığı 140 manatla heç dərmanlarının pulunu ödəyə bilmir, qaldı başqa nəsə ala:
“Hələ yemək- içməyi, kommunal xərcləri demirəm. 140 manat 1.40 (bir manat qırx qəpik) deməkdir. Hansı məmur bu pulla dolana bilər? Şəxsən ötənaykı müavinətim aptektən evə gəlib çıxmadı. Hələ 60 manat da borclu qaldım. 6 ildir bir cüt ayaqqabı ala bilmirəm. Ən ucuzuna da gücüm çatmır. Borc-xərc içində üzürəm, ərzağı belə nisyə götürürəm. Ailəmiz olmasa acından ölərik”.
2-ci qrup əlil Eltac Zeynalov isə deyir ki, o, əlil kimi ötən ay qeydiyyatdan keçib:
“İkinci qrupa düşən pensiya təxminən 55 manatdır. Lap etsin 80 manat. Bu, heç mənim normal yeriyə bilməm üçün aldığım ayaqqabının pulu etmir. Qeydiyyatdan keçdim, çünki bəzən əlilliklə bağlı sənəd lazım olur, mən verə bilmirəm. Bunun dərdi olmasaydı, heç vaxt qeydiyyatdan keçməzdim. Onsuz da alacağım o pul mənim heç nəyimə yetməyəcək. Reablitasiya yoxdur. İldə 1-2 dəfə əlilliyi olan şəxsləri xaricə reablitasiya mərkəzlərinə göndərirlər. O da ki, hər il eyni adamlar gedir. Çoxu həyat yoldaşı ilə gəzməyə gedir. Nəzarət yoxdur”.
Eltac Zeynalov deyir ki, reablitasiya üçün qeydiyyata düşmək də zülmdür: “Uşaqlar var ki, onlar 2015-ci ildən sırada gözləyirlər, Türkiyəyə getməlidirlər, aparan yoxdur. Sistemdə ciddi problemlər var. Nə normal reablitasiyaya göndərirlər, nə də normal pensiya verirlər ki, özün müalicə alasan. Nəzərə alın ki, mən ailəmlə yaşayıram. Ailəm olmasa, həmin pulla müstəqil yaşaya bilmərəm. Ancaq əlilliyi olan insanlar var ki, onlar dost-tanış ümidinə yaşayırlar. 100-150 manata həm ev tutmaq, həm kommunal ödəmək, həm yemək, həm müalicə, həm araba almaq, onun xərcləri filana yetmir”.
Əlilliyi olan Ramin Allahyarov da aldığı pensiyanın heç nəyə çatmadığını deyir:
“Heç qışda qazı, işığı ödəmir. Ətin kilosu 2 manat, meyvənin kilosu 20 qəpik, qazın, işığın aylıq hesabı qışda 5, yayda 2,5 manat olsaydı 140 manat bizə bəs edərdi. Faktiki belə deyil. Hamı ərzağın qiymətinin necə olduğunu yaxşı bilir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazir ezamiyyətdən dönən kimi problemi olanları qəbul edəcək. Aylıq müavinətin azlığından şikayət edənlər hələlik nazirlikdən cavab gözləyirlər.
Nazirlər Kabinetinin normativləri əsasında hesablanan yaşayış minimumu 2017-ci il üçün 155, minimum əmək haqqı isə 105 manatdır.
Birinci qrup əlilliyi olanlar 73 manat 70 qəpik müavinat və 66 manat prezident təqaüdü, toplam 139 manat 70 qəpik alırlar. İkinci qruplar 55, 3-cü qruplar isə 47 manat təqaüd alır. 18 yaşına çatmamış bütün əlilliyi olanlar 1-ci qrup sayılır və 73 manat 70 qəpik müavinat alırlar.
Daim dərmana və xüsusi qayğıya ehtiyacı olan əlilliyi olanlar deyirlər ki, bu, onların gündəlik məsrəflərini ödəmir.