Validə Əhmədova: “Polisə dedim ki, bu şoudan sənin anana da qismət olsun”

Validə Əhmədova. Foto: VOA

Tərtərdəki işgəncələrdə oğlunu itirən ana deyir ki, digər xəstə övladı ilə birlikdə  zorakılığa məruz qalıb

Tərtər sakini Validə Əhmədova polis zorakılığına məruz qaldığını, xəstə övladı ilə birlikdə 6 saatdan artıq qanunsuz saxlandığını deyir.

58 yaşlı Validə Əhmədova 2017-ci ilin mayında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirmiş Elçin Quliyevin anasıdır. O, Meydan TV-yə danışır ki, hadisə də bir həftə əvvəl – avqustun 15-də elə Tərtər hadisələrindən zərərçəkənlərin etiraz aksiyası keçirmək istədiyi gün baş verib.

Zərərçəkənlərin Tərtər işgəncələri nəticəsində həyatını itirənlərə şəhidlik statusunun verilməsi, ailələrdən rəsmi qaydada üzr istənilməsi, həmin hadisələrdə qanunsuz işdən çıxarılanların hüquqlarının bərpası və s. tələbləri var.

“Niyə vətəndaşların qayğısına qalmır?”

Validə Əhmədova Meydan TV-yə danışır ki, Tərtər hadisələri zamanı yüzlərlə hərbçi işgəncəyə məruz qalmaqla yanaşı, həm də işdən çıxarılıblar. Hazırda da onlar maddi baxımdan sıxıntı içindədir:

“Tərtər hadisələri bilirsiniz nə qədər ailələri dağıdıb? O hadisələrin vurduğu ziyan tək öldürməklə, işgəncə verməklə bitmir. Nə qədər zərərçəkənlər var ki, onları işdən çıxarıblar, bu gün fəhləlik eləyir, kisələr daşıyırlar ki, evlərinə bir parça çörək aparsınlar. Hara gedirlər, iş verilmir. Yararsız idisə, niyə hərbiyə götürmüşdünüz, yararlı idisə, niyə bu günə saldınız adamları? Adamın ürəyi ağrıyır. Heç olmasa, bu insanların haqqı olan verilsin. İlham Əliyev tez-tez deyir ki, məmurlar sizi incidəndə mənə xəbər verin. Biz də xəbər veririk, əvvəl bilmirdisə də, artıq bilir. Niyə tədbir görmür, niyə vətəndaşların qayğısına qalmır?”.

Foto: Meydan TV

Avqustun 15-də oğlu ilə birlikdə necə saxlanmasından danışan Validə Əhmədova deyir ki, aksiya saat 17.00-a təyin olunmuşdu. Onu isə günorta saat 14.30 radələrində xəstə övladı ilə birlikdə aptekin qarşısında saxlayıb aparıblar:

“Üç övladımdan qalan bircə xəstə oğlum var, həmin gün onu Bakıya həkimə aparmışdım. Sağ olsun, bir ana var, bu həkimi o, məsləhət görmüşdü, elə birlikdə getmişdik. Həkim dərmanlar yazdı, elə birlikdə getdik ki, aptekdən dərmanları alım, oğlumu yola salım. Maşından düşəndə 20-yə yaxın adam bizə hücum elədi. Elə bil, terrorçuyuq, cinayətkarıq. Dedim ki, qoy oğlumun dərmanlarını alım, yola salım, sonra hara deyirsinizsə, gedirəm. Sanki insan deyillər, məni də, oğlumu da, hətta yanımızdakı ananı da zorla götürüb apardılar. Qadına imkan vermədilər ki, iş yerinə zəng eləyib, heç olmasa, gəlməyəcəyini xəbər versin”.

“Oğlumu öldürənləri tutmursunuz, məni tutursunuz”

Validə Əhmədovanın sözlərinə görə, onları Nərimanov rayonu, 18-ci polis bölməsinə aparıblar. Amma nə saxlanılanda, nə də yolboyu heç bir səbəb göstərməyiblər:

“Bəlkə heç mən o aksiyaya getməyəcəkdim, məni niyə tutursunuz? Məni tutursunuz, xəstə oğlumu, heç bir aidiyyəti olmayan qadını niyə aparırsınız? Suallara cavab verən yox idi. Elə vəziyyətdə yaşayırıq ki, polisin şərləyəcəyindən ehtiyat edirik. Sumkada nəyim vardısa, hamısını yazdırdım – dərmanlar, qəpik pullara qədər. Telefonumu və vəsiqəmi istədi. Dedim, vəsiqəni verirəm, telefonu yox. Keçən dəfə gördüm telefonumun başına açdığınız oyunu. Oğlum bunların işlərini bilmir axı, məndən telefonu alıb verdi ki, götürün. Onun başı səs-küy götürmür, xəstə uşaqdır, pis təsir edir. Oğlum 2013-2014-də sağalmışdı, yaxşı idi. 2017-ci ildə Elçini öldürdülər, Emini də işdən çıxardılar. Bundan sonra yenə vəziyyəti pisləşdi”.

Validə Əhmədovanın sözlərinə görə, axşam saat 20.00 radələrində polis bölməsində növbə dəyişəndə elə bilib ki, onları da buraxırlar. Lakin deyilib ki, yox, hələ gözləməlidilər, rəis qərar verməlidir. O, qanunsuz saxlanmasına etiraz olaraq, polis bölməsindən çıxıb getmək istəyib.

Foto: Meydan TV

Deyir ki, bu zaman polis zorakılığına məruz qalıb:

Təxminən 15 metr uzaqlaşmışdım ki, arxamca qışqırdı. Gəlib qolumdan zorakılıqla tutdu. Deyirəm ki, oğlumu öldürəni tutmursunuz, məni tutursunuz? Nəfəsim daraldı, müvazinətimi itirdim. Elə olanda bədənim taqətdən düşür, getmək istəsəm belə, gedə bilmirəm. O biri qışqırdı ki, “dur ayağa, nə şou göstərirsən?”. Həmin o polisə dedim ki, belə şoudan sənin anana da qismət olsun. Məni sürüyüb, qollarımı bu günə salanın birinin adı Ramin idi, o birini bilmirəm…”.

Qollarındakı göy izləri göstərən Validə Əhmədova deyir ki, onları axşam saat 21.00 radələrində buraxıblar. O, üzərindəki xəsarət izlərilə əlaqədar rəy almaq üçün tibb müəssisəsinə müraciət edib. Rəyi alıb, məhkəməyə şikayət etmək niyyətindədir.

Daxili İşlər Nazirliyi Validə Əhmədovanın saxlanılmasına aydınlıq gətirməyib.

Elçin Quliyev 2017-ci ilin mayında dövlətə xəyanətdə suçlanaraq, barəsində cinayət işi başlanan çoxsaylı hərbçilərdən biri olub. Lakin öldüyünə görə, hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bu qərarın özünü də Baş prokuror Kamran Əliyev 31 yanvar 2022-ci ildə ləğv edib – Elçin Quliyevə bəraət verilib.

Ana səhifəSiyasətValidə Əhmədova: “Polisə dedim ki, bu şoudan sənin anana da qismət olsun”