Birinci yazı
Can sıxıntısından şeir yazmaq deyil məqsədim;
Dan yeri ağarmamış boynunu uzadıb lovğalanaraq ququldayan xoruz kimi
Bərkdən bağırmaq istəyirəm
Qonşularımı oyatsam, yetər…
Henri David Toronun (İng: Henry David Thoreau) “Valden və ya Təbii Həyat” kitabı bu şeir parçası ilə başlayır. Henry D. Toro 4 iyul 1845-ci ildə, Konkord Massaçuestdə olan Valden Gölünün qırağında qurduğu daxmaya yerləşərək, Amerika tarixinin ən məşhur həyat təcrübələrindən birini yaşayanda cəmi 28 yaşı var idi. O, təbii dünyanın bir hissəsi olub, “şüurlu yaşamağı, həyatın yalnız təməl gerçəklikləri ilə maraqlanmağı və…həyatın ona öyrədəcəyi nə varsa, öyrənməyi” istədi.
Toro 1817-ci ildə Qərbi Bostonun kiçik şəhəri Konkordda dünyaya gəlib. Onun atası karandaş istehsalı ilə məşğul olur, anası isə pansionlarda işləyirdi. Harvard Kollecini yaxşı qiymətlərlə başa vursa da, Toro adi karyera qurmaq fikrindən imtina edir. Bir müddət məktəbdə dərs deməyə cəhd etsə də, oradan da ayrılmağa məcbur olur. Çünki məktəblərdə tətbiq edilən ağır cəzalandırma sistemi onun heç xoşuna gəlmir. Qısa desək, Toro getdiyi yolun heç birindən razı qalmır.
Yaşadığı müddətdə Toro Amerikan filosofu Ralf Valdo Emersonla (Ralph Waldo Emerson) çox yaxın dostluq qurur. Emerson transsendantalizmə (transcendentalism) inanırdı. Bu baxışa görə dünya iki reallıqdan ibarətdir: maddi reallıq və spiritual reallıq. Transsendentalislər həyatın mənalı olması üçün spritual reallığın maddi reallığı üstələməsinin vacibliyini müdafiə edirdilər.
Emerson və onun transsedentalizmi Toroya çox ciddi təsir edir. Emerson həm də Toronun yazıçı olması üçün onu həvəsləndirirdi. Toronun atasının evi həddindən artıq səs-küylü, qonaq-qaralı olurdu. Atasının gördüyü iş isə ona həddindən artıq darıxdırıcı və yorucu gəlirdi. Ancaq Emersonun, Valden Ponda ağaclarla əhatələnmiş torpaq sahəsi var idi. Emerson, Toronun həmin ərazidə eni 3, uzunluğu 4.5 metrlik bir daxma tikməsinə imkan verir. Beləliklə, cəmi üç stulu, bir stolu, bir yatağı, bir yazı stolu və bir lampası olan bu evdə Toronun yaradıcılığı başlayır.
Valdenə köçən Toronun iki məqsədi var idi: birinci, kitab yazmaq, ikinci, həftədə bir gün işləyib qalan altı günü fəlsəfi əsərlər yazmaq və bunun dolanmağa bəs etməsinin mümkün olduğunu sübut etmək.
Toro haqqında çox eşitmişdim, oxumağı çox istəyirdim. Bu qəribə adam daim diqqətimdə idi.
“Valden” kitabını əldə etdikdən sonra kənara qoyub, uzun müddət toxunmadım. Bilmirəm niyə, amma mənə elə gəlirdi ki, o kitabı oxuduqdan sonra həyatımda ciddi dəyişiklik olacaq. Məhz bu səbəbdən tam sakit, tənha, özbaşıma ola biləcəyim bir neçə günlük fürsət axtarırdım. Bir gün, Gürcüstanda dostlarımızla birgə təşkil etdiymiz “Düşünən Vətəndaş” layihəsi çərçivəsində “Ölü Şairlər Dərnəyi” filmini göstərirdik. Həmin filmin səhnələrinin birində Toronun “Valden” kitabından bir hissə oxunur:
“Mən özüməməxsus şəkildə yaşamaq üçün meşəyə getdim; həyatın əsl gerçəklikləri ilə üzləşmək, öyrədəcəkləri varsa öyrənib, öyrənəməyəcəyimi də anlamaq və bir gün gələr də, öldüyümdə, bu illər ərzində heç yaşamamış olduğumu görməmək üçün…nə həyatın özü olmayanı yaşamağa (yaşamaq o qədər gözəldir ki!) nə də, açıqca ehtiyac olmadıqca, əl çəkmək niyyətim vardı”.
Bu hissə mənə o qədər təsir etdi ki, dərhal evə getmək, kitabı açıb oxumaq üçün səbirsizlənirdim. Evə gəldikdən sonra kitabı vərəqləməyə başladım və açdığım ilk səhifə (105-ci) filmdə adı keçən hissə idi. Məni qəribə mistik duyğular bürüdü. Həmin gün və ondan sonra keçən digər günlərdə kitabı oxuyub, bitirdim. Həyatım dəyişdimi? Dəqiq deyə bilmirəm, ola bilsin dəyişikliyin toxumları atılıb. Çünki indiyə kimi də kitabın ortaya qoyduğu suallar, sorğuladığı həyat tərzi beynimdə dolaşmaqdadır. O fikirlərlə, özümlə, həyatımla sorğu-sual içindəyəm.
Kitab nədən bəhs edir?
Yazıçını necə qəbul etdiyim, onu necə analiz etməyimlə bağlı yazmaq istəmirəm. Bu fikirlər özümə qalsa, daha yaxşı olar çünki özüm də kitabla bağlı tam aydınlığa çıxmamışam. Ona görə istəyirəm ki, kitabda olan bölmələrdən altını xətlədiyim və arada baxdığım hissələri sizinlə paylaşım.
Kitab “İqtisadiyyat” bölməsi ilə başlayır:
İnsanın çox işləməsinə, miras yığmasına, mal-mülkə sahib olmasına qarşı çıxan yazıçı, kitabda bunu əsaslandırmağa çalışır. Çox işləməyin mənasızlığı ilə bağlı yazır:
“Fəqət insan boş işlər üçün işləyir. Ən dəyərli varlığı toprağa bastırılaraq çürüməyə buraxılıb. İnsanlar sanki alınlarına yazılmış bir iş olaraq, qədim bir kitabda deyildiyi kimi, güvə və rütubətin çürüdəcəyi, oğruların içəri sızıb oğurlayacaqları xəzinələr yığmağı öhdəçilik kimi boyunlarına götürüb. Axmaq bir həyatdır. Əvvəl-axır öyrənəcəklər…İnsanların çoxu, nisbətən azad olan bu ölkədə belə, yalnızca cəhalət və səhvləri üzündən, həyatın diqqət çəkəcək saxta sahələri və həddən artıq ağır işləri ilə o dərəcədə məşğuldurlar ki, daha gözəl meyvələrini toplaya bilmirlər. Əlləri meyvə toplaya bilməyəcək qədər kobud və titrəkdir. Doğurdan da, günümüz insanı bu günü sabaha bağlacayacaq bir bütünlükdən məhrumdur. Həmcinsləri ilə ən insani münasibətləri belə qura bilmirlər. Bir maşın kimi işləməkdən başlarını qaldıra, ətrafına baxa bilmirlər”.
Mirasın ağırlığı ilə bağlı:
“Bu qəsəbədə pis taleləri ucbatından özlərinə fermalar, evlər, axırlar, qoşqu alətləri miras qalan gəncləri görürəm. Bunları qazanmaq, bunlardan qurtulmaqdan çox daha asındır”.
Həyatını dəyişmək cəsarəti ilə bağlı:
Bu həyat tərzindən qurtuluşun mümkün olduğunu, insanın ağır iş və mal-mülk üçün işləməsinin ona heç bir fayda, xoşbəxtlik gətirmədiyini dilə gətirən yazıçı, bu cür düşünməyin səbəbləri və onu qırmağın, bu buxovlardan azad olmağın yollarını qeyd edir:
“Nə ölümsüz, nə də ilahi, amma özü haqqındakı öz görüşünün köləsi və məhbusu, öz hərəkətlərinin səbəb olduğu bir tale. Qorxudan necə içinə çəkildiyini, bütün günü daxilən necə titrədiyini görün. Başqalarının baxışı, bizim öz düşüncəmizlə müqayisədə zəif bir diktatordur. Bir insanın özü haqqında düşündüyü, onun taleyini müəyyən edər, daha doğrusu, taleyini göstərər…
Çox insan uyuşmuş bir ümidsizlik içində yaşayır. Qınına çəkilmə, qəbul edilmiş ümidsizliklərdən başqa bir şey deyil. Ümidsizlik şəhərindən ümidsizlik ölkələrinə keçir, özünüzü bizonlarla və siçanların cəsarəti ilə təsəlli edirsiz. Oyun və əyləncələrinizdə belə daşlaşmış, fərqində olmadığımız bir ümidsizlik gizlənib”.
Yazıçı düşünür ki, insanlar bu həyat tərzini azad şəkildə seçdiklərini düşünürlər amma eyni anda da, başqa cür həyat tərzinin var olmadığını səmimiyyətlə düşünürlər. “Ancaq ayıq və sağlam təbiətə sahib olanlar günəşin hər gün yenidən yüksəldiyini anlayırlar. Önyarğılarımızdan azad olmaq heç zaman gec deyildir. Nə qədər qədim olursa olsun, düşüncə və davranışın heç biri sağlam arqumentlərlə aydınlaşdırılmadan, nəyəsə güvənərək qəbul edilə bilməz. Hər kəsin qəbul etdiyi bugünki doğru, sabah yanlış ola bilər.”
İnsanların həyat tərzlərini, gördükləri işləri şişirtdiklərini bildirən yazıçı, bu baxış bucağını sual altına qoyur:
“Gördüyümüz işi şişirtməyə meyilliyik amma edə bilmədiyimiz o qədər iş var ki!… Mən özüm də zərif bir səbət hörmüş, amma bir başqasının satın almasına dəysin deyə etməmişdim bunu. Bundan başqa, onları hörməyə dəydiyini heç zaman düşünmədin və insanların hördüyüm səbəti almağa layiq görmələri üçün,“nə edim” sualı ilə özümü məşğul etmədim. Onları satmaq məcburiyyətindən necə qaça biləcəyim üzərində düşündüm. İnsanların yüksəltdiyi və uğurlu hesab etdiyi həyat tərzi ancaq çeşidlərdən biridir. Nə üçün bir digər həyat tərzlərini bir kənara buraxıb, digərlərinin əhəmiyyətini şişirdirik ki?”
Daha sonra Toro özünün meşədə necə yaşadığını, nələri etdiyini, minumum xərclə yaşamağın necə mümkün olduğunu təsvir edir. O, gündəlik xərclərini kitabda sadalayır. Hansı xərcin artıq, hansı əməyin faydasız olduğunu sıralayır.
İnsanların təbiətlə iç-içə yaşamasının, həyatı təkcə üçüncü yoldan, yəni, kitabdan deyil, birbaşa onun özündən öyrənilməsini təbliğ edən Toro deyir ki, “Bir məktəb binasının orada oxuyacaq uşaqlar tərəfindən tikilməsi daha faydalıdır. Gənclər həyat təcrübəsinə indidən girişməzsə, yaşamağı daha yaxşı necə öyrənəcəklər? Mənə görə, birbaşa təcrübə onların başını riyaziyyatdan daha yaxşı işlədəcək. Məsələn, bir gəncin sənət və elm haqqında bir şeylər öyrənməsini istəsəm, ənənəvi yoldan gedib, onu həyat sənətindən başqa hər şeyin öyrədildiyi bir instituta göndərməzdim. Kosmosu bir teleskopla araşdıracaq amma öz gözləri ilə heç zaman görməyəcək; kimya ilə məşğul olacaq amma çörəyin necə hazırlandığını əsla bilməyəcək. Mexanika öyrənəcək, amma pulun necə qazanıldığını öyrənməyəcək”.
Sivilizasiyanın “inkişaf konspetini”, texniki tərrrəqini şübhə altına alan Toro sual edir: “Maynadan Texasa bir maqnetik teleqraf xətti qurmaq üçün böyük bir həyəcanla yaşayırıq; Amma bəlkə də, Mayna və Texasın bir-birinə ötürəcəyi vacib heç bir şey yoxdur.”
Toro insanların “gələcəkdə rahat və komfortlu yaşaması üçün” dayanmadan işləməsi və pul qazanmağa çalışmasını belə tənqid edir: “Heç şübhəsiz bilet pulunu toplayanlar, sonda qatara minə biləcək, amma o zaman da, gənclikləri ilə birlikdə səyahət həvəslərini də itirmiş olacaqlar. İnsanlar, ömürlərinin ən gözəl illərini ən dəyərsiz mövsümdə, məhcul bir rahatlığa qovuşmaq uğruna pul qazanmaq üçün bu şəkildə xərcləməsi, mənə, “bir gün gələr, İngiltərəyə geri dönər və şair həyatı yaşayaram” deyə Hindistana sərvət qazanmağa gedən ingilisi xatırladır.”
İkinci yazını
burda
oxu
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.