***
Respublika Prokurorluğu (RP) “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin fəaliyyətinin bərpası haqda KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
Respublika Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.
"Məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib. Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib".
***
''Media məkanını gör nə günə salıblar''
Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanla bu ölkə arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirmək və Fətulla Gülənlə müsahibə anonsu ittihamı ilə yayımı dayandırılan ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbəri
Vahid Mustafayev
Respublika Prokurorluğundan bəraət məktubu aldıqlarını bildirib.
Sosial şəbəkələrdə yaydığı müraciətində Vahid Mustafayev bildirib ki, prokurorluq məktubunda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirilməsini yazıb.
“Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!”.
Daha sonra Vahid Mustafayev Milli Televiziya və Radio Şurasını ANS-in fəaliyyətinə süni əngəlllər yaratmaqda ittiham edib.
“Gör ANS-in çətin şəraitdə on illərlə yaratdığı media mühitini, Azərbaycan uğrunda mənimlə birgə barrikadalarda və ya səngərlərdə bir damla qan belə tökməyənlər nə günə saldılar… Amma Azərbaycanın Birinci-vitse prezidenti, xanım Mehriban Əliyeva bu gün bütün Azərbaycanlıları Mübarək Ramazan ayı münasibətilə təbrik etdi. Oruc tutan bir müsəlman kimi Mehriban xanıma təşəkkür edirəm. Allah Sizə ürəyinizcə versin! Bir şeyi başa düşmürəm, ölkə rəhbərliyi xalqa və dinimizə hörmət əlaməti olaraq onu bu Mübarək ay münasibətilə təbrik edirsə, onda niyə MTRŞ kimi qurumlar ANS-ə bunu etməyə qeyri-rəsmi qadağa qoymuşdu?!”, – Vahid Mustafayev yazıb.
MTRŞ-dən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmasa da, bu qurumun rəhbəri Nuşirəvan Məhərrəmlinin ANS-lə zaman-zaman qarşıdurmaları olduğu xatırlanır.
Bir neçə il əvvəl
Nuşirəvan Məhərrəmli
müsahibələrinin birində ANS-in Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalı olduğunu və bunun kanalın sifəti olduğunu demişdi.