Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi
Aprelin 5-də hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Ali Məhkəmədə “ANS ÇM” radiosunun lisenziyasının ləğvi ilə bağlı şirkətin kassasiya şikayətinə baxılıb.
“Amerikanın səsi”-nin məlumatına görə, ANS Milli Televiziya və Radio Şurasına qarşı iddia qaldıraraq, radionun lisenziyasının ləğvi barədə qərarın qanunsuz və etibarsız sayılmasını, dəymiş maddi ziyana görə 211 min (ötən ilin sentyabrında məhkəmədə bu iddiaya baxılanadək hesablanan ziyan), mənəvi ziyana görə 1 milyon manat təzminat ödənilməsini istəmişdi.
Ali Məhkəmədəki prosesdə ANS-in maraqlarını vəkillər Fuad Ağayev, Rafiq Mustafayev və Sevda Məhərrəmova, MTRŞ-nin marağını isə Toğrul Mirzəzadə təmsil edib.
Məhkəmə şikayəti təmin etməyib
ANS-in hüquqlarını müdafiə edən vəkillər məhkəmə heyətindən öncə ANS-lə bağlı apelyasiya mərhələsində qəbul edilmiş qərardadlara baxılmasını xahiş edib.
Vəkil Fuad Ağayev Ali Məhkəmədən apelyasiya kollegiyasının ANS-in maddi və mənəvi ziyanla bağlı şikayətini təmin etməməsi barədə qərardadına xitam verilməsini istəyib.
Belə ki, şikayətdə ANS teleradiosunun yayımının MTRŞ tərəfindən dayandırılması nəticəsində 1 milyon manat mənəvi, 210 191 manat maddi ziyan dəydiyi iddia edilib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi və Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Yayımın dayandırılması dövlət büdcəsinə ziyan vurub
Prosesdə ANS-in rəhbəri Vahid Mustafayev bildirib ki, yayımın dayandırılması təkcə telekanal sahiblərinə və əməkdaşlarına ziyan vurmayıb, həm də dövlət büdcəsinə ziyan vurub:
“Teleşirkət hər il dövlət büdcəsinə 5 milyon manat həcmində vergi ödəyirdi”.
MTRŞ-nin nümayəndəsi Toğrul Mirzəzadə şikayətin əleyhinə çıxıb və bununla da məhkəmə heyəti şikayəti rədd edib.
“ANS Kommers” yalnız reklam fəaliyyəti ilə məşğul olurdu
Bundan sonra vəkillər ANS teleradiosunun yayımının dayandırılması nəticəsində həm də reklam işləri ilə məşğul olan “ANS Kommers” Şirkətinə ziyan dəydiyini bildirib. Onlar məhkəmədən “ANS Kommers” şirkətinin üçüncü şəxs qismində məhkəmədə iştirakının təmin edilməsini xahiş edib.
Vahid Mustafayev deyib ki, “ANS Kommers” şirkəti yalnız reklam fəaliyyəti, maliyyə işləri ilə məşğul olurdu:
“Müstəqil hüquqi şəxs idi. Biz bu şirkəti yaratmışdıq ki, yaradıcı işçilər maliyyə işləri ilə məşğul olmasın. ANS teleradiosunun fəaliyyətinin dayandırılması bu şirkəti də müflis etdi”.
Bu zaman MTRŞ-nin nümayəndəsi Toğrul Mirzəzadə məhkəmədən şikayətin təmin edilməməsini xahiş edib və hakim heyəti yenə şikayəti təmin etməyib.
Məhkəmə heyətinə etiraz
ANS-in prezidenti Vahid Mustafayev hakim heyətinə etiraz edib:
“Biz müharibədə iştirak etmişik, yaralanmışıq. Sizin bu gözəl Azərbaycanda yaxşı şəraitdə fəaliyyət göstərməyiniz üçün müharibədə iştirak etmişik. Biz gecələr yatmamışıq, məhkəməyə hazırlaşmışıq. Amma siz hakim heyəti MTRŞ-nin nümayəndəsinin bir kəlmə “şikayət təmin edilməsin” sözü ilə şikayətlərimizi təmin etmirsiniz. Bu səbəbdən hakim heyətinə etiraz edirik və işə yeni hakim heyəti tərəfindən baxılmasını istəyirik. Allah sizin balalarınızı saxlasın, xoşbəxt etsin. Biz Allahın dərgahında da görüşəcəyik, yəqin orada qərar başqa cür olacaq”.
Hakim Mustafayevin dediklərinə etiraz edib:
“Elə fikir formalaşmasın ki, biz qarşı tərəfin bir sözü ilə işləyirik. Qarşı tərəf məhkəmədə iştirak etməsə də, bu qərarları qəbul edəcəkdik. Biz hüquqi qərarlar qəbul edirik”.
Hakimin bu sözləri isə məhkəmə iclasını izləyənlər tərəfindən gülüşlə qarşılanıb.
Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırlatma
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fethullah Gülenin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyinin həmin qərardan Avropa Məhkəməsinə şikayət etdiyi bildirilir.
Teleradio Şurası “ANS-ÇM” radiosunun lisenziyasını da ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.
Məhkəmədən sonra vəkil Fuad Ağayev “Amerikanın Səsi”nə bildirib ki, ANS-lə bağlı bu işdə Avropa İnsan Haqları Konvensiyasının çoxsaylı müddəaları pozulub.
V.Mustafayev isə şirkət rəhbərliyinin Konstitusiya Məhkəməsinə müraciət edəcəyini söyləyib.
V.Mustafayev ANS televiziyasının lisenziyasının dayandırılması ilə bağlı yerli məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət verilməsi ilə bağlı yerli medianın yaydığı xəbərləri nə təkzib, nə də təsdiq edib.