”Dövlət tərəfindən yaradılan təşkilatlar aqrar sektorun inkişafına mane olur”
Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə Səhmdar Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Sərəncama əsasən, Cəmiyyətdə Müşahidə Şurası və İdarə Heyəti yaradılır. Müşahidə Şurasının və İdarə Heyəti sədrlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Cəmiyyətə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya prospektinin hazırlanması üçün tədbirlər görsün,səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin Cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.
Sərəncamı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, Azərbaycan hökuməti hələ yeni iqtisadi formasiyanın nə olduğunu başa düşmür: “Görünür, hökumət sovet sistemindən qurtula bilmədiyindən yeniliyi tam qavramaqdan uzaqdır. Səhmdar cəmiyyətlər yaradıblar. Məsələn, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin fəaliyyəti problem yaratmaqdan ibarətdir. Hətta bu cəmiyyət olmasa belə, yerlərdə fermerlər özləri məsələni müstəqil şəkildə həll edərdi. Bu qurumun olması onların qarşısında bir baryerdir. Fermerlər bu sistemi aşıb müstəqil hərəkət edə bilməzlər. Hökumət yenə çalışır ki, mövcud problemlərdən məmurlar və onlara yaxın olanlar bəhrələnsin. Təsəvvür edin ki, yeni cəmiyyətə öz adamlarını təyin edəcəklər, cəmiyyət tədarüklə məşğul olanda qiymət diqtə edəcək və nəticədə yerlərdə mövcud olan tədarük kooperativlərini sıradan çıxaracaqlar”.
Mütəxəssis düşünür ki, belə hallar qanunla həyata keçirilməlidir və bu, istehsalla bağlı məsələ deyil: “Tədarük elədir ki, ora kifayət qədər sərmayə qoyanların sayı çoxdur. Adamların bu sahəyə investisiya qoyub əhatəsini genişləndirməsinə çalışmaq lazımdır. Kifayət qədər tədarüklə məşğul olan kooperativlər tanıyıram ki, onlar Rusiya və digər ölkələrlə əlaqəli şəkildə işlərini yüksək səviyyədə qurublar. Problem ondadır ki, hökumətin yaratdığı yeni qurum monstra çevriləcək və təbii yaranan kooperativləri sıradan çıxaracaq. Əslində, hökumət belə işlərlə məşğul olmalı deyil, sadəcə, siyasət aparmalıdır. Siyasət qanunvericilik bazasını təkmilləşdirməkdən və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əgər hökumət hər hansı bir sahənin inkişafına nail olmaq istəyirsə, ora büdcədən maliyyə vəsaiti ayırmalı, yaxud xüsusi dövlət proqramı qəbul edib, sahənin inkişafıyla bağlı bəzi tədbirlər gerçəkləşdirməlidir. Hökumətin nə işi var ki, dövlət büdcəsi hesabına tədarük təşkilatları yaratsın? Yeni yaranan qurum sovet dövründə olan “Azərittifaq”ın başqa formasıdır, yenə kəndlilərə qiymət diqtə edib, onları aldacaqlar. Ya da “Aqrolzinq” kimi olacaq. Bir sözlə, dövlət tərəfindən yaradılan təşkilatlar aqrar sektorun inkişafına mane olur”.