Vahid Məhərrəmov: Taxılçılıqdakı vəziyyət Azərbaycanı Rusiyadan asılı vəziyyətə salacaq

Vahid Məhərrəmov mövcud vəziyyəti 10, yaxud 20 il əvvəlki dövrlə müqayisə edilməsini yolverilməz sayır:

Mənbə: arxiv


''Taxıl məhsulları idxalı üçün hər il ölkədən yüz milyonlarla dollar vəsait çıxarılır''

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.



Trend

” agentliyi Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirib ki, ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321568 hektar ərazidə arpa, 492244,15 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir. Azərbaycanda taxıl sahələrinin 81 faizində biçin başa çatıb və ölkə üzrə hər hektardan orta hesabla 3 ton 100 kiloqram taxıl əldə olunub.

Bu məlumatı Meydan TV-yə şərh edən aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, 3 ton 100 kiloqram taxıl Azərbaycan üçün çox aşağı göstəricidir:

“Ölkədə real olaraq hər hektardan 5,5- 6 ton məhsul əldə etmək mümkündür. Çox təəssüflər olsun ki, bu sahəni inkişaf etdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək imkanı olduğu halda, hakimiyyətin yarıtmazlığı və və qeyri-peşəkarlığı ucbatından bu kimi imkanlar əldən verilir. Ona görə də taxıl məhsulları idxalı üçün hər il ölkədən yüz milyonlarla dollar vəsait çıxarılır. İl ərzində Azərbaycana 1,7-1,9 milyon ton taxıl, o cümlədən 1,3-1,5 milyon ton buğda idxal edilir”.

Əvvəlki illərdə vəziyyətin necə olması haqda suala Vahid Məhərrəmov cavab verib ki, 2018-ci ilə nisbətən bu il 100 min tona qədər buğda idxal olunub. Bu, yalnız buğdadır, başqa taxıl məhsullarının, un, vələmir, qarğıdalı, arpa və digərlərinin nə qədər idxalı ilin sonunda məlum olacaq:

“Yerlərdə apardığımız monitorinq əvvəlki ilə nisbətən bu il məhsuldarlıq və məhsulun daha az istehsal olunduğunu göstərir. Səbəblər taxıl sahələrinin vaxtında suvarılmaması, aqrotexniki qaydalara əməl olunmamasıdır. Hətta keçən illə müqayisədə bu il daha çox taxıl ərazilərinin yandırıldığı barədə məlumat əldə etdik. Deməli, həmin ərazilərdə məhsuldarlıq aşağı olduğundan fermerə, kəndliyə kombayn salıb biçini həyata keçirmək sərf etmirdi. Çünki biçin baha başa gəlir. Ümumiyyətlə, bu il yabanı vələmir daha geniş yayıldı, o da məhsuldarlığı kəskin şəkildə aşağı saldı”.

Ekspert xatırladıb ki, son zamanlar rayonlarda 54 kənd təsərrüfatı idarələri yaradıldı, indi onları Aqrar İnkişaf Mərkəzləri adlandırırlar.

“Bu mərkəzlər statistik rəqəmləri mərkəzə ötürməklə və müvafiq komitənin yerlərdəki idarələri ilə əlaqəli işləməklə məşğuldur. Onlar çalışır ki, rəqəmlər əvvəlki illərə nisbətən artıq göstərilməsə də, heç olmasa, aşağı olmasın, buna “pripiska” deyirlər. Hazırda taxıl yoxdur, idxal və şişirdilmiş rəqəmlər var”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov mövcud vəziyyəti 10, yaxud 20 il əvvəlki dövrlə müqayisə edilməsini yolverilməz sayır:

“Ötən 15-20 ildə texnoloji inkişaf mənzərəni dəyişib. Məsələn, Ukraynada bəzi sahələrdə hektardan ildə 20 ton məhsul götürürlər. Yaxud Misirdə ölkə üzrə hər hektardan 6 tondan çox məhsul alırlar. Bu mənada Azərbaycan keçmişdə qalıb. 3 ton deyəndə cavab verirlər ki, ötən il də belə olub. Halbuki, Azərbaycanın torpağı taxıl üçün çox münbitdir. Yeni texnologiyanın tətbiqi, suvarma imkanları bizdə tələbatdan 10 dəfə çoxdur, amma istifadə edə bilmirlər. Eyni zamanda, növbəli əkin sistemini tətbiq etməyi də bacarmırlar. Taxılçılıq Azərbaycanda ötən ilki səviyyədən daha pis durumdadır. Bu gedişlə məhsuldarlıq aşağı düşəcək. Ölkədə cəmi 1,7 milyon hektar əkinə yararlı sahə var, bunun 1 milyon hektarında taxıl əkini ilə məşğuldurlar, amma taxılçılıq geriləyir, keyfiyyət düşür”.

Vahid Məhərrəmov bildirib ki, taxılçılıqda mövcud vəziyyət Azərbaycanı tam şəkildə Rusiyadan asılı vəziyyətə salacaq:

“Görünür, bu asılılıq hökumətə sərf edir”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Taxılçılıqdakı vəziyyət Azərbaycanı Rusiyadan asılı vəziyyətə salacaq