Gələn il pambıq əkini sahələrinin azaldılacağı bildirilir
“Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur”.
“Report
” yazır ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında nazir İnam Kərimov səsləndirib.
Nazir deyib ki, pambıq mövsümünün sonudur:
“Bu günə qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır”.
Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov isə təəssüflənir ki, müvafiq nazirlik pambıq sahəsindən bixəbərdir:
“Bilirsiniz, hökumət xaricdə təhsil almış, amma bu sahəni bilməyən gəncləri prosesə cəlb edib. Halbuki, pambıqçılığı aqronomlar daha yaxşı bilir. Hökumətin təsis etdiyi Aqrar Təhqiqatlar Mərkəzi daha çox məhsuldarlıqla seçilən fermerlərin siyahısını tutub. Güman ki, məhsuldarlığı çox olan təsərrüfatlara gələn il tapşırıq verəcəklər ki, onlar yenidən pambıq əksin. Sahənin azaldılması hesabına məhsuldarlıq daha çox olacaq”.
V.Məhərrəmov hesab edir ki, ölkədə seleksiya işi aparılmır və bir sıra problemlər hələ də öz həllini tapmayıb:
“Bu sıraya su, texnika, aqrotexniki qaydalara əməl olunmaması daxildir. Fermerlərin bilik və bacarıqları istənilən səviyyədə olmaması aqrotexniki qaydalara əməl etməməsi ilə nəticələnir. Bu problemlər həllini tapmadan sahəni azaltmaq hesabına məhsuldarlığı artırmaq mümkün olmayacaq”.
Ekspertin fikrincə, əsas problemlərdən biri nazir İnam Kərimovun pambıqçılıqdan bixəbər olmasıdır:
“Sadəcə, Aqrar Təhqiqatlar Mərkəzinin rəyi əsasında belə açıqlamalar verir. Ancaq bu ilin proqnozunu düzgün verə bilməzlər. Məsələn, proqnoz vermişdilər ki, bu il hər hektardan 20 sentnerdən artıq məhsul istehsal olunacaq. İki gün əvvəl yığım 211 min ton idi və 3 gündə 215 min ton pambıq istehsal edə bilməzlər. Hətta bu il ən azı 20 sentner pambıq yığmaq lazımdır ki, fermerlər, kəndlilər xərclərini çıxara bilsinlər”.
Bu il torpağı olan kəndlilərə məcburi pambıq əkdirilməsi ilə bağlı faktlar da vardı. Məsələn, Beyləqan sakinlərinin
Meydan TV
-yə etdiyi şikayətdə deyilirdi ki, büdcə təşkilatlarında işləyən kəndlilərə məcburi pambıq əkdirilir:
“Məcbur edilənlərin də hamısı elə-belə adamlar deyil. Məktəb direktorları, bağça müdirələri, tibb məntəqələrinin müdirləri və s. İcra nümayəndələri və bələdiyyə sədrləri kəndlərə, qəsəbələrə, çalışdığımız müəssisələrə gələrək bizlərə birbaşa icra başçısının adından göstəriş verirlər ki, gələn il hamınız pay torpaqlarınızda (işçilərinizlə birgə) pambıq əkməlisiniz. Bizə təzyiq olunur ki, şəxsiyyət vəsiqələrimizin surətlərini gətirib indidən pambıq zavodu ilə (ola bilsin qəbul məntəqələri) müqavilə bağlayaq. Öhdəlik götürək ki, nə qədər ərazidə pambıq əkəcəyik və s. Sonra gedib “Kapital Bank”dan kartlarımızı götürək”.
2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.
2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi. 2018-ci ildə isə il 140 min hektara yaxın sahədə pambıq əkininin həyata keçirilməsi nəzərdə tutulmuşdu.
İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.