Vahid Məhərrəmov: “Kənd təsərrüfatında total özbaşınalıq hökm sürür”

“Aqrar sahədə istehsalla məşğul olanların əksəriyyəti həm qeydiyyatdan yayınırlar, həm də cəlb etdikləri işçiləri vergidən yayındırırlar”

Source:


“Aqrar sahədə istehsalla məşğul olanların əksəriyyəti həm qeydiyyatdan yayınırlar, həm də cəlb etdikləri işçiləri vergidən yayındırırlar”

“Azərbaycanda 870 min ailəyə pay torpağı verilib. Həmin kəndlilərin bir hissəsi kənd təsərrüfatı məhsulları istehsal edir, bir hissəsi istehsalla məşğul olan icarədara verir, qalanı da qonşu təsərrüfatla birləşib birgə təsərrüfat yaradırlar. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər, kəndlilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. Torpaq vergisi də cüzi məbləğ təşkil edir. Əsas problem pay torpağı almış sahibkarların əksəriyyətinin qeydiyyatda olmamasıdır. Bir sözlə, aqrar sahədə istehsalla məşğul olanların əksəriyyəti həm qeydiyyatdan yayınırlar, həm də cəlb etdikləri işçiləri vergidən yayındırırlar”.

Bu fikirləri Meydan TV-yə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

Vahid Məhərrəmov 2014-cü ilin statistikasına əsaslanaraq bildirib ki, kənd təsərrüfatı müəssisələri, xidmət təşkilatlarının sayı ümumi götürdükdə 1869, fərdi sahibkarların sayı 1624 nəfərdir.

Ekspert müvafiq qurumlara sual ünvanlayır: “870 min ailəyə pay torpağı verilibsə, rəqəm niyə bu qədər aşağıdır? Qalan sahibkarlar, pay torpağı almış kəndlilər nə işlə məşğuldur?”

Onun fikrincə, əsas ciddi problem kəndlilərin və fermerlərin qeydiyyata alınmamasıdır: “2000-ci ilə qədər kooperativlərin sayı 200-dən çox idisə, indi 64 kooperativ qalıb. Kooperativlərin sayının azalması qanunvericiliklə də bağlıdır. Kooperativ hüquqi şəxsdir, vergi ödəyicisi olmasa da, istehsalla bağlı bütün göstəriciləri aşkar etməli, fəaliyyəti şəffaf olmalıdır. Yəni işçilərə verdiyi əməkhaqqıdan Sosial Müdafiə Fonduna vəsaitlər ödənilməlidir. Düzdür, kənd təsərrüfatı məhsulu istehsal edən hüquqi şəxs olaraq, vergi ödəyicisi kimi güzəşt olunur, ancaq cəlb olunan işçilərin əməkhaqqısından vergilər mütləq ödənilməlidir. Onlar bu kimi ödəmələrdən yayınmaq üçün çalışırlar ki, kooperativ kimi yox, digər formada fəaliyyət göstərsinlər. Beləliklə, işçiləri qeyri-qanuni işə cəlb edib, onlara qeyri-qanuni əməkhaqqı verirlər. Hətta kəndlilər xəstələnərsə, məzuniyyətə gedərsə, pensiyaya çıxarsa, qanunda nəzərdə tutulan güzəştlərlə təmin edilmirlər. Sadaladıqlarım aqrar sahədə istehsalla məşğul olanların həm qeydiyyatdan, həm də cəlb etdikləri işçilərin vergidən yayınmasının göstəricisidir. Ona görə bu istiqamətdə müəyyən qaydaların və qanunun qəbul olunmasına çox ciddi ehtiyac var. Heyvandarlığa işə cəlb olunan fəhlələr  365 gün fermerin təsərrüfatında fəaliyyət göstərir, amma bunların adı heç yerdə yoxdur. Sənaye müəssisəsindən fərqli olaraq, kəndlilər gün ərzində daha çox işləsələr də, onlara minimum əməkhaqqından da az maaş verilir. Deməli, qanundakı boşluqlar səbəbindən total özbaşınalıq hökm sürür”.

Vahid Məhərrəmov hesab edir ki, kəndlilər pensiyaya çıxanda ədalətsizliklə üzləşəcəklər. Bu adamlar yaşa görə pensiyaya çıxacaqlar, amma aldıqları əməkhaqqı heç bir yerdə göstərilmədiyi üçün ən aşağı həddə pensiya alacaqlar. Bütün kənd təsərrüfatı sahəsində çalışan, istər fermer olsun, istərsə də heyvandarlıqla məşğul olanlar, hamısına aşağı həddə pensiya müəyyən olunacaq.

Ona görə ekspert kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektlərin vergi ödəyicisi olmalarını və bununla yanaşı dövlətin subsidiyanın həcmini artırıb sivil ölkələrdə olan səviyyəyə çatdırmasını da vacib hesab edir: “Kənd təsərrüfatında çalışan qadınlar analıq məzuniyyətinə çıxanda, xəstələnəndə onlara güzəştlər nəzərdə tutulmur, çünki işçi kimi heç yerdə qeydə alınmırlar. Məsələn, Avropa ölkələrində kənd təsərrüfatında çalışan fermerlər sənaye müəssisələrində çalışanlar kimi eyni faizlə vergi ödəyirlər. Sadəcə, kənd təsərrüfatı sahəsi riskli olduğu, zərərlə başa gəldiyi üçün dövlət subsidiya ayırır”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: “Kənd təsərrüfatında total özbaşınalıq hökm sürür”