Vahid Məhərrəmov: Hökumət nəzərdə tutduğu kimi məhsul əldə edə bilməyəcək

Cavad Cavadov: ”Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət ”Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir”

Source:


Cavad Cavadov: ”Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət ”Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir”

“Hava şəraitinin yağışlı keçməsi pambıq yığımına mənfi təsirini göstərəcək. Bu, həm yığımda, həm də keyfiyyətli məhsul əldə etməkdə problemlər yaradacaq”.

Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, intensiv yağışlar pambığın yığım müddətini uzadır, bu isə öz növbəsində məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir edir:“Məsələn, yetişməyən qozalar tam yetişmir, açılmır. Başqa tərəfdən, artıq yetişmiş pambığın lifinin keyfiyyətinə mənfi təsir göstərir. Pambıq yağışlı və nəm havada yığılarsa, qısa müddətdə intensiv qurudulmalıdır, təəssüf ki, emal müəssisələrində elə şərait yoxdur. Belə halda, əgər müddət uzanırsa, lifin keyfiyyəti pisləşir. Halbuki, pambıq istehsalında əsas məqsəd keyfiyyətli lif əldə etməkdir. Əks təqdirdə, mahlcdan keyfiyyətli parça istehsal etmək mümkün olmadığından bu cür pambıq dünya bazarında tələb olunmur. Yalnız daxildə məişətdə istifadə oluna bilər”.


 “Keyfiyyətli məhsul əldə etmək çətin olacaq”

Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanın iqlim şəraitini nəzərə almaqla ona uyğun pambıq sortları yetişdirilməlidir. Söhbət tez yetişən pambıq sortlarından gedir, yəni sentyabrın sonuna qədər yığımı tam başa çatdırmaq mümkün olsun: “Artıq bəzi rayonlardan aldığım məlumatlara görə yığım yeni ilə qədər davam edəcək. Bəzi aran rayonlarında hava bir o qədər də yağmurlu olmasa da 3 ay ərzində yığımı cəmi 30 faiz həyata keçirə biliblər, söhbət avqust, sentyabr və oktyabr aylarından gedir. Payız ayları olduğu üçün yağışlar bundan sonra da davam edəcək, bu isə qalan məhsulun yığımına və keyfiyyətinə mənfi təsir edəcək. Hökumət nəzərdə tutduğu qədər və keyfiyyətli məhsul əldə olunacağını düşünmürəm. Təəssüf ki, hökumət bu sahəyə bir kampaniya kimi yanaşdı, iş görüntüsü yaratdı, ona görə də qarşıya qoyduqlrı məqsədin heç yarısına da nail olacaqlarına inanmıram”.

V.Məhərrəmov pambıq yığımına həkimləri, müəllimləri, ASAN-Xidmət işçilərinin aparılmasını bazar iqtisadiyyatı qaydalarına, qanunlarına və hüquqa zidd olduğunu bildirib: “Pambıq istehsalı ilə məşğul olan fermer və kəndli əkin sahəsini öz gücünə hesablayıb müəyyən etməlidir. Bu cür pambıq yığımı onları tənbəlləşdirə, arxayın sala bilər. İkincisi, bu kompaniyada bəzi sahibkarlara imkan yaradılır, yerli hakimiyyətə yaxın olan sahibkarların təsərrüfatlarına köməklik göstərilir. Pambıq istehsalı ilə səmimi məşğul olanlara yox, belə halda  rəqabət mühiti pozulur. Belə olan halda, bu işlə ciddi məşğul olan sahibkarlar sıradan çıxar. Nəhayət, büdcə təşkilatlarını yığıma cəlb etmək yığımın keyfiyyətinə təsir edəcək. Pambığı yığanlar da peşəkarlar olmalıdır. Bu işə cəlb olunan müəllimlər, məktəblilər işə başdansovdu yanaşır, itkiyə yol verir, yetişməmiş pambığı yığırlar və buda ümumi məhsulun kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir”.


“Könüllülərin pambıq yığması qanunsuzdur”

“Pambıq tarlalarında könüllü adı ilə vətəndaşların işə cəlb edilməsi tamamilə qanunsuzdur və bunu edən təşkilatlar Milli Məclisin qəbul etdiyi və Prezidentin imzaladığı “Könüllü fəaliyyəti haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar”.

Bunu vəkil Cavad Cavadov öz “Facebook” səhifəsində yazıb.

“Son vaxtlar mətbuatda və xüsusən sosial şəbəkələrdə Azərbaycanda pambıq yığımında könüllülərin geniş cəlb olunması barədə məlumatlar yayılır. Sosial şəbəkələrdə “ASAN” Xidmətin işçilərinin, hansısa xəstəxananın həkimlərinin, məktəb müəllimlərinin və digərlərinin könüllü olaraq tarlalarda bəh-bəhlə pambıq yığımına cəlb olunması bildirilir.

Könüllü olaraq şəxslərin işə cəlb edilməsi 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Cavad Cavadov foto sosial şəbəkə

Lakin Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirmişdir və bunlar: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;insanpərvərliyin və dözümlülüyün təbliği;istehlakçıların hüquqlarının qorunması;hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;. idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi;tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi;cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Eyni zamanda Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.

Yəni bu o deməkdir ki, hansısa kommersiya hüquqi şəxsin “XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil və bu mümkün olsa idi belə işçi çatışmazlığı üzündən könüllürərin işə cəlb edilməsi isə birbaşa qanunla qadağandır. Açıq-aşkardır ki, “könüllürəin” işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır” – deyə vəkil qeyd edib.

Cavad Cavadov hesab edir ki, bütün bunlardan əlavə könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir:

“Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət “Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir.

Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Hökumət nəzərdə tutduğu kimi məhsul əldə edə bilməyəcək