Vahid Məhərrəmov: ”Görünür, yalnız hakimiyyətdə olanların tələbatı nəzərə alınıb”

”Mənim üçün önəmli olan hakimiyyətin kənd təsərrüfatında problemin nədən ibarət olduğunu bilməsidir”

Source:


”Mənim üçün önəmli olan hakimiyyətin kənd təsərrüfatında problemin nədən ibarət olduğunu bilməsidir”

Prezident İlham Əliyev yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatının problemlərinə də toxunub. Dövlət başçısı keçən ilin Kənd Təsərrüfatı ili olduğunu xatırladaraq, hər ilin kənd təsərrüfatı ili kimi qəbul olunmasının vacibliyini qeyd edib. İlham Əliyev, ilk növbədə, torpaq uçotunun dəqiq aparılmasını vacib sayır: “Sənəddə bir sahədir, fermer başqa ölçüdə sahədə işləyir. Düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu il bu istiqamətdə ciddi işlər görülməlidir”.

İ.Əliyev bildirib ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: “Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilindən xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik”.

Dövlət başçısı qeyd edib ki, taxılçılıqda inkişaf var: “2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır”.

Prezidentin fikirlərini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, dövlət başçısının indi dediklərini əvvəllər onlar səsləndiriblər: “Birinci, torpaq uçotunun dəqiq aparılması, ikincisi, hər il kənd təsərrüfatı ili kimi qeyd olunmasıyla bağlıdır. Tədbirdə kənd təsərrüfatıyla bağlı prezidentin söylədiklərində yenilik məhz bundan ibarət idi, vəssalam. Prezidentin prioritet sahələrlə əlaqədar fikirlərinə gəlincə, ərzaq təhlükəsizliyinin təminatı bütün ölkələrdə strateji əhəmiyyət kəsb edir və bu, hər bir hökümətin qarşısında duran bir nömrəli vəzifə olmalıdır. Çünki olkənin ərzaq təhlükəsizliyi təmin olunmadığı halda, hərbi təhlükəsizliyi təmin etmək mümkün deyil”.

Vahid Məhərrəmli prezidentin misal gətirdiyi statistik rəqəmlərə şübhəsini gizlətmir: “Görünür, dövlət başçısına ya köhnə materiallar təqdim olunub, ya da bu məruzədə yalnız hakimiyyətdə olanların qida məhsullarına olan tələbatı nəzərə alınıb. Çünki bu rəqəmlər əvvəllər də səslənib və reallıqla heç bir əlaqəsi yoxdur. Məsələn, prezident deyir ki, özümüzü 92 faiz mal, 98 faiz də quş ətiylə təmin edirik. Ümumiyyətlə, bu açıqlama göstərir ki, hökumət hələ təlabatın nə olduğunu başa düşmür. Beynəlxalq norma var, tibbi baxımdan insanın fiziki durumunu təmin edəcək norma müəyyən edilib. Həmin nörmaya uyğun adambaşına il ərazində ət norması 80 kiloqramdır, orda mal, quş, donuz, yaxud qoyun ətinin nə qədər olması yoxdur, ümumi göstərilir. Azərbaycanda isə ildə 25-26 kiloqram ət istehsal olunur, 6-7 kiloqram da xaricdən alınır. Bu isə təxminən adambaşına 33 kiloqram deməkdir. Ölkə əhalisi beynəlxalq normanın 38-40 faizi qədər ət istehlak edir. Belə olan halda mal ətiylə 92, quş ətiylə 98 faiz təmin olunduğumuzu demək real deyil. Bu gün adambaşına təxminən 30 kiloqram quş əti istehsal olunmalıdırsa, bu rəqəm 10 kiloqramdır, mal və qoyun əti birlikdə adambaşına 50 kiloqram istehsal ollunmalıdırsa, ancaq 16-17 kiloqram istehsal olunur. Fərqin çox böyük olması hökumətin beynəlxalq normanın nə olduğunu bilməməsidir. Çox güman ki, məmurlar yalnız öz təlabatlarını nəzərə alırlar, əhalinin ərzaq istehlakı haqqında düşünmürlər. Ətin qiyməti də ona görə başqa ölkələrdən fərqli olaraq 2 dəfə bahadır. Onu da deyim ki, bu səbəbdən də ət idxalı və istehsalı inhisardadır”.

Vahid Məhərrəmov deyir ki, Azərbaycan süd istehsalında müəyyən olunmuş normanın yarısını ödəyə bilir: “Amma prezident süd məhsulu ilə bağlı da təminatımızı ödəyəcək qədər istehsal etdiyimizi söylədi. Yaxud yumurta, adambaşına illik norma 280 ədəd olduğu halda, 145 ədəd istehsal olunur. Amma Əliyev deyir ki, özümüzü 96 faiz yumurtayla təmin edirik. Görünür, göstərilən rəqəmlər məmurların yumurtaya olan təlabatları ilə bağlıdır. Başqa bir misal, taxılçılıqda inkişaf olduğu qeyd olunur, 2014-cü ildə 2,3 milyon, 2015 -ci iləd 2,9 milyon ton taxıl istehsal olunduğu, yəni artım olduğu bildirilir, amma nədənsə 2013-cü ildə istehsalın 2,9 milyon tondan çox olduğu nəzərə alınmır? Yaxşı, 2,9 milyon taxıl istehsal olunubsa, niyə ölkəyə 1,5 milyon ton buğda və 200 min ton da digər dənli bitkilərin məhsulları gətirilib? Əslində, 2,9 milyon ton taxıl Azərbaycanın daxili təlabatını tam ödəməliydi. Taxıl istehsalında xaricdən 20 faiz asılı olmağımız da real rəqəm deyil. Çünki Azərbaycan gübrə, toxum, pestisid, texnika və texniki avadanlıqları xaricdən alır. O cümlədən, kartof istehsalında 10 faiz xaricdən asılı olmağımız barədə deyilənlər də doğru deyil. 2015-ci ildə 830 min ton kartof istehsal olunub, təminatımızı ödəmək üçün 1 milyon 250 min ton ərzaq kartofuna, 200 min ton da toxumluq kartofa ehtiyac var. Təsəvvür edin, ehtiyacımız 1 milyon 450 min ton olduğu halda 830 min ton istehsal olunub, indi gördünüzmü, xaricdən aslılıq 10 faiz qədər deyil, 40 faizdən çoxdur”.

Mütəxəssis hesab edir ki, prezidentin yanvarın 26-da söylədikləri 2-3 il əvvəlki çıxışının təkrarıdır: “Əgər təkrar varsa, deməli, geriləmə də var. Mənim üçün önəmli olan hakimiyyətin kənd təsərrüfatındakı problemin nədən ibarət olduğunu bilməsidir. Hələ ki, hakimiyyətdə bu sahənin problemlərinin nədən ibarət olduğunu bilmirlər. Çalışırlar ki, müstəqil ekspertlər vasitəsilə nəsə öyrənsinlər, ancaq müvafiq nazirlikdə bizim dediklərimizi dərk edəcək mütəxəssis yoxdur”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: ”Görünür, yalnız hakimiyyətdə olanların tələbatı nəzərə alınıb”