Vahid Məhərrəmov: Dövlət hansı işi üzərinə götürürsə, sonda fiaskoya uğrayır

“Çayçılıqda tənəzzül 1997-98-ci illərdə başladı və 2017-ci ilə qədər davam edir”

Source:
İlham Əliyev Lənkəranda “Yaşıl Çay” plantasiyasında
İlham Əliyev Lənkəranda “Yaşıl Çay” plantasiyasında


“Çayçılıqda tənəzzül 1997-98-ci illərdə başladı və 2017-ci ilə qədər davam edir”

Prezident İlham Əliyevin sərəncamı ilə çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı fevralın 12-də təsdiq

olunub.

Sənəddə bildirilib ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə edilib. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir:

Çay plantasiyalarının sahəsi iki dəfə artıb

“Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb”.

Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.

Vahid Məhərrəmov

Çayçılıqda tənəzzül 1997-98-ci illərdə başlayıb 2017-ci ilə qədər də davam edib

Proqramı Meydan TV-yə şərh edən aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, sovet dövründə çayçılıqla bağlı proqram qəbul edilməyib. Hətta o illərdə bu sahəyə subsidiya da ayrılmırdı və manipulyasiya da yox idi. Düzdür, rəqəmlərdə şişirtmə vardı, ancaq real olaraq Azərbaycan istehsal etdiyi çayın bir hissəsi ilə özünü təmin edirdi, qalanını isə qonşu respublikalara göndərirdi:

“Mən təhsil aldığım zaman Kremldə bir tədbirə qatılmışdım, Azərbaycan çayını gördüm, xahiş etdik ki, bizə dəmləyib versinlər, dadına baxdıq, Hindistan çayı ilə müqayisə olunmaz idi, keyfiyyəti və rəngi yüksək səviyyədə idi. Məsələ ondadır ki, çay sahəsi dəstək olmadan belə inkişaf edirdi”.

Proqramda ötən əsrin 90-larında çayçılığın tənəzzülə uğraması barədə deyilənlərin doğru olmadığını söyləyən Vahid Məhərrəmovun qənaətincə, 1992-ci ildə AXC hakimiyyəti zamanı rəqəmlər real idi, şişirdilmirdi, həmin il 22 min 600 ton məhsul istehsal olunmuşdu və hər hektardan məhsuldarlıq 26,6 sentner idi, bu, 2 ton 660 kiloqram deməkdir.

“Amma proqramda çayçılıqda inkişafın 2010-cu ildən başladığı göstərilir. Əslində, çayçılıqda tənəzzül 1997-98-ci illərdə başladı və 2017-ci ilə qədər də davam edir. Əvvəlki illərdə 400-500 ton idisə, 2016-cı ildən min tona çatdı, bu, məhsuldarlığın yox, əkin ərazilərinin artımı hesabına oldu. Hazırda hər hektardar məhsuldarlıq 14 sentner idi, müqayisə edin, AXC hakimiyyəti zamanı 26,6 sentner hara, sonuncu rəqəm hara”.

Əsas problem puldur

Vahid Məhərrəmov iddia edir ki, çayçılıq sahəsi sıradan çıxarılıb.

“Fakt lazımdırsa, statiskaya baxsınlar, əgər 1994-cü ildə ölkəyə 2 min ton çay idxal olunmuşdusa, ötən il 13,5 min ton çay idxal olunub. Halbuki, Azərbaycanın çayçılığı inkişaf etdirmək üçün resurs və potensialı var”.

Ekspert proqramda göstərilən istiqamətlər, məqsəd və vəzifələrə toxunaraq deyib ki, ümumiyyətlə, hökumətin qəbul etdiyi proqramların hamısı eynidir, sadəcə, adlar dəyişir.

“Birində tütünçülük yazılır, digərində çayçılıq, pambıqçılıq və s. Amma hamısında ümumi sözlərdən istifadə olunur. 2008-2015-ci illər dövlət proqramında da nəzərdə tutulmuşdu ki, çay istehsalı 3 min tona qədər çatdırılacaq. Təəssüf ki, 7 ilə min tona çatdıra bildilər. Onsuz da istehsal elə min ton civarındaydı. Problem ondadır ki, bu sahəyə peşəkarlar cəlb olunmur, sənədin qəbulundan öncə araşdırmalar aparılmır. Yalnız bundan sonra ümumi sözlər yox, konkret hansı işlərin görülməsi göstərilməliydi ki, nəticə olsun. Hazırda çayçılığa maliyyə ayırmaq lazımdır, çünki əsas problem puldur”.

O qeyd edib ki, çayçılıq məhsul əldə olunması üçün uzun müddət, ən azı 6-7 il gözləmək lazım olan sahədir. Bu müddətdə həm istehsal üçün xərc qoyulmalıdır, həm də kəndlilərin sosial problemlərini həyata keçirmək üçün kapital lazımdır:

Proqram bərbad vəziyyətdə hazırlanıb

“Əminəm ki, hətta hökumət maliyyə ayırsa da, kəndliyə çatmayacaq. Qəbul olunan proqram da fermerlər və kəndlilər üçün nəzərdə tutulmayıb. Sadəcə, sovet təsərrüfat sistemi əsasında plan qurublar. Axı bu işləri dövlət məmuru yox, kəndli-fermeri həyata keçirəcək. Dövlət hansı işi üzərinə götürürsə, sonda fiaskoya uğrayır. Pambıqçılıqda bunu gördük. Çayçılığın bir paradoksu odur ki, ekologiyaya daha yaxındır. Amma sənəddə müvafiq nazirlik üçün heç bir fəaliyyət vəzifəsi yoxdur. Məsələn, nazirlik hava proqnozu verməlidir ki, quraqlıq olanda hansı tədbirlər keçirilməlidir. Bütün hallarda proqram bərbad vəziyyətdə hazırlanıb”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Dövlət hansı işi üzərinə götürürsə, sonda fiaskoya uğrayır