Vahid Məhərrəmov: Çörəyin qiyməti qalxarsa, bu, sosial partlayışa səbəb ola bilər

”Hazırda çörəyin qiymətinin saxlanılması müəyyən təzyiqlər nəticəsində olur”

Source:


”Hazırda çörəyin qiymətinin saxlanılması müəyyən təzyiqlər nəticəsində olur”


Bu gündən etibarən bir kisə unun qiyməti 1-2 manat bahalaşıb. Bu barədə Turan agentliyinə “Nur” zavodunun – iri çörək-bulka məmulatları istehsalçısının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Öz növbəsində, “Baker” çörək istehsalı zavodunun nümayəndəsi bildirib ki, unun bahalaşması haqqında məlumatı yoxdur. 1 nömrəli çörək zavodundan isə qiymətlərin bahalaşdığını internetdən öyrəndiklərini deyiblər. Onların zavodunun məhsulları hələki bahalaşmayıb.

Ekspertlər qeyd edirlər ki, bahalaşma bir müddət əvvəl elektrik enerjisi qiymətlərinin bahalaşması ilə bağlı olub, bu, zəncirvari reaksiya verib və tədricən müxtəlif sahələrdə özünü göstərir. Beləliklə, iqtisadçılar hesab edirlər ki, yaxın günlərdə standart çörəyin qiyməti 20-30% bahalaşacaq.

Sosial şəbəkələrdə və bir sıra media orqanlarında yayılan məlumata görə, iyulun 30-dan çörəyin qiyməti qalxacaq. AzNews.az bu barədə razılığın çörək istehsalı ilə məşğul olan iş adamlarının toplantısında əldə olunduğunu iddia edir. Məlumatda deyilir ki, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq.

Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sayta çörəyin qiymətində gözlənilən artımın normal olduğunu deyib: “İstehlak zəminində 36-dan çox malın hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır. Bu, səhv siyasətdir. Çörək dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsuldur. İstəyən istehsalçı onu istədiyi qiymətə sata bilər. Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə Meydan TV-yə bildirib ki, çörəyin qiymətinin süni olaraq saxlanılması, yaxud təzyiqlər vasitəsilə aşağı salınması qeyri-qanuni və yolverilməzdir:“Çünki mövcud gedişat sahibkarların fəaliyyətini də məhdudlaşdırır, onlar məcburiyyət qarşısında çörəyin çəkisinə və keyfiyyətinə müdaxilə edirlər. Bu isə bazar qanununa zidd olmaqla bərabər rəqabət mühitini pozur və normal inkişafın qarşısını alır”.

Mütəxəssis düşünür ki, çörək istehsalçıları digər məhsul istehsalçıları kimi qiyməti azad şəkildə müəyyən etməlidir və bununla rəqabət mühiti yaranmalıdır. Rəqabət nə qədər güclü olsa, bir o qədər keyfiyyətli və nisbətən ucuz məhsul əldə etmək olar:

Vahid Məhərrəmov

“Hazırda çörəyin qiymətinin saxlanılması müəyyən təzyiqlər nəticəsində olur. Halbuki, hökumət bu sahəyə müdaxilə etməməlidir, əksinə rəqabət mühiti üçün münbit şərait yaratmalıdır ki, istehsalçılar bizneslərini genişlərib gəlir əldə etsinlər. İmkansız və kasıb ailələrin çox olduğu ölkələrdə sosial çörək var, hökumət bu barədə düşünməliydi. Qazaxıstanda orta əməkhaqqı və yaşayış səviyyəsi bizdən yüksək olsa da, sosial çörək istehsal edir. Yəni 500-600 qramlıq çörəyi 15 qəpikdən təklif edir. Hökumət tenderdə qalib gələn şirkətlərin zərərini kompensasiya edərdi və onlar da sosial çörəyi bazara çıxardardılar”.

Vahid Məhərrəmov hökumətin sosial çörəklə bağlı təkliflərinə reaksiya verməməsindən təəssüfləndiyini deyib:

“Əgər çörəyin qiyməti qalxarsa, bu, sosial partlayışa səbəb ola bilər. Çünki əhalinin böyük hissəsi qida rasionunda əsasən çörəyə üstünlük verir. Bunun üstünə işsizlərin, banklara borcu olanların sayının artmasını və alıcılıq qabiliyyətinin aşağı düşməsini gəlsək, mənzərənin acınacaqlı olduğunu görərik”.

Ana səhifəAnalitikaVahid Məhərrəmov: Çörəyin qiyməti qalxarsa, bu, sosial partlayışa səbəb ola bilər