“Paradoks ondadır ki, gətirilən 8 min ton çayın 7 mini ölkədən ixrac olunur. Yəni ölkəyə gətirilib qablaşdırıldığı üçün daxili istehsal kimi göstərilir”
Azərbaycanda çay istehsalı və idxalı statistikası baş-ayaqdır. Bu statistikaya inansaq, belə çıxır ki, ölkədə çay istehsalı azalır. Bu fikirlər “Turan İA”ın məlumatında yer alıb.
Agentlik Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2015-ci ilin 3 ayında 800 kq çay qablaşdırılıb. Bu, ötən ilin eyni dövründəkindən 47,3 faiz azdır. Gömrük Komitəsinin məlumatına görə, 1420,7 ton çay ($3 mln 178,7 min) idxal edilib. Bunun 1081,2 tonu ($4883,3 min) emaldan sonra ixrac edilib.
2008-2012-ci illərdə Azərbaycanda çay istehsalı 10,6-10,9 min ton arasında olub. 2013-cü ildə istehsal 7,5 min ton, ötən il 8 min ton təşkil edib.
2014-cü ildə 474,2 ton çay yarpağı yığılıb. Bu, 2013-cü ildəkindən 16,5 faiz azdır. Mütəxəssislərin fikrincə, fermentləmə zamanı 4 kq çay yarpağından 1 kq quru çay istehsal edilir. Beləliklə, yerli emal edilmiş çay həcmi ildə 125 ton təşkil edir. Amma DSK bildirir ki, çayla özünütəminat 2012-2013-cü illərdə 65,6 faiz və 54,7 faiz olub.
Dövlətstatkoma görə, Azərbaycanda bir nəfərə çay istehlakı həcmi 2013-cü ildə 1,2 kq olub. Bu, 2009-2010-cu illərdəkindən 0,2 kq azdır.
2014-cü ildə Azərbaycana 8 183 ton çay idxalı bəyan edilib. Bu, 2013-cü ildəkindən 772,5 ton və ya 8,6% azdır. Maraqlıdır ki, komitə çay istehlakı balansını tərtib edəndə vətəndaşlar tərəfindən 4820 ton mal idxalı (2013-cü ilin məlumatı) qeyri-rəsmi hesab edilir. Beləliklə, ümumi idxal həcmi 13000 ton təşkil edir.
İxrac azalıb və 5440,6 ton emal edilmiş çay təşkil edib. Bu, əvvəlki ildəkindən 2145,2 ton (28,3 faiz) azdır.
Dövlət Statistika Komitəsi normativlərə əsaslanıb bildirir ki, əhalinin illik çay istehlakı 11,6 min tondur. Əgər buraya yerli istehsalı – 125 ton və idxalı – 13000 ton əlavə etsək və ixracı (5440 ton) isə çıxsaq, məlum olur ki, rəsmiləşdirilməyən idxal həcmi ən azı 4040 tondur.
İlin I rübündə DGK Şri-Lankadan 470 ton, Hindistandan 42,5 ton, Vyetnamdan 45,8 ton, Keniyadan 21,6 ton, Türkiyədən 14,2 ton, Rusiyadan 17,7 ton və s çay idxalını rəsmiləşdirib. Azərbaycan çayı əsasən İraq, gürcüstan, Ukrayna və Rusiyaya ixrac edilir.
Məlumatları Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da çay istehsalı ilə bağlı rəqəmlərin olduqca ziddiyyətli olduğunu bildirdi. Onun sözlərinə görə, dünyanın hər bir bölgəsinin əhalisinin müxtəlif içkilərə tələbatı var, çay, spirtli içkilər, kofe və başqa içkilər. “Azərbaycan daha çox çay istehlak edən ölkələr sırasındadır. İldə adambaşına 2 kiloqram çay istehlak olunur ki, bu, təxminən 16-17 min ton çay deməkdir. Baxın, ildə Azərbaycana 8 min ton çay idxal olunur və 7 min ton da ixrac olunur. Amma bu mümkün deyil, yəni ildə min ton çay istehlak etməsi baxımından mümkün deyil. Göstərilərin reallıqla uyğun olmadığı ortaddır, güman ki, ölkəyə idxal olunan çayın qeydiyyatdan keçməməsində maraqlı qüvvələr var. Bu barədə konkret danışmaq ona görə çətindir ki, gərək sübuta yetirilsin, təsdiqini tapsın. Ancaq göstərilən rəqəmlər çay istehlakı, istehsalı, idxalı və ixracı ilə bağlı ümumi normal mənzərənin yaratmasına imkan vermir”.
Vahid Məhərrəmov Azərbaycanın istehlak təlabatının ildə 16-17 min ton çay olduğunu dedi: “Amma istehsal o qədər azdır ki, onu ümumi götürüb digər rəqəmlərlə müqayisə etmək doğru olmazdı. Yalnız onu deyə bilərik ki, ildə təxminən 8 min ton quru çay idxal olunub qablaşdırılır və bazara çıxarılır. Paradoks ondadır ki, gətirilən 8 min ton çayın 7 mini ölkədən ixrac olunur. Yəni ölkəyə gətirilib qablaşdırıldığı üçün daxili istehsal kimi göstərilir. Güman ki, bu rəqəmlər məqsədli şəkildə gizlədilir və emal zamanı vergidən yayınlamalar olur”.