Vahid Məhərrəmov: Azərbaycanın üzümçülük istiqamətində böyük potensialı var

“İndiki hakimiyyət bütün imkanları əldən verib”

Source:
Üzüm yığımı
Üzüm yığımı


“İndiki hakimiyyət bütün imkanları əldən verib”

”2016-cı ildə sahələrdən 134,5 min ton üzüm yığılıb. Bu, 2015-ci illə müqayisədə 22,6 min ton azdır”, – Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Ondan əvvəl, 2014-cü ildə isə Azərbaycanda 147.7 min ton üzüm istehsal olunub. Bu isə 2013-cü illə müqayisədə 1000 ton, 2012-ci illə müqayisədə isə təqribən 4 000 ton azdır.

Ekspertlər Sovet dövründə Azərbaycanın Şamaxı, Cəlilabad kimi bir neçə rayonunda, indi bütün ölkədən daha çox üzüm istehsal olunduğunu deyirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da deyir ki, üzümçülüyün inkişafı istiqamətində Azərbaycanın böyük potensialı var. Ancaq indiki hakimiyyət bütün imkanları əldən verib:

”Ölkə 1994-cü ildə 14,6 milyon dollar dəyərində 4,9 milyon dekalitr üzüm şərabı ixrac etdiyi halda, 20 il keçdikdən sonra bu göstərici 75 dəfə azalaraq 194 min dekalitrə qədər enib. Ölkəyə bu sahədən gələn gəlir isə 4 dəfə azalıb. Bu zaman ərzində şərab idxalı 3 dəfədən çox artıb. 1994-cü ildə ölkəyə 350 min dollar dəyərində şərab idxal olunduğu halda, 2015-ci ildə idxal olunan şərabın dəyəri 1 milyon 140 min dollar təşkil edib”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov üzümçülük və şərabçılığın inkişafı sahəsində qonşu Gürcüstanı misal çəkir. Deyir, Gürcüstan hökumətinin uzun müddət üzümçülüyün inkişafı istiqamətində apardığı siyasət öz bəhrəsini verir:

”Bir müddət ciddi istehsal və bazar problemləri ilə qarşılaşan şərab istehsalçılarının problemlərini həll etmək üçün hökumət əsaslı işlər görüb. Gürcüstana qərb investorlarını, mütəxəssisləri cəlb etməklə, ölkədə müasir texnologiyanın tətbiqinə və daha keyfiyyətli məhsul istehsalına nail oldular. Mütəxəssislərin, investorların köməyilə həm də yeni bazarlara çıxış imkanı əldə etdilər”.

Vahid Məhərrəmov üzümçülüyün inkişafı istiqamətində Gürcüstan hökumətinin açıqladığı statistikaları izləyir. Deyir, 2017-ci ilin yanvar-may ayları ərzində ölkə 100,8 milyon dollar dəyərində şərab və çaça ixrac edib:

”Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz çoxdur. Son zamanlar ənənəvi Rusiya, Qazaxıstan, Ukraynaya, Belarus, Latviya kimi ölkələrin bazarları ilə yanaşı, gürcülər Çin, Polşa, İsrail, Almaniya, ABŞ kimi ölkələrin də bazarlarına çıxış imkanı əldə ediblər. Bu siyahıda Azərbaycanın da adı var. Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu il Gürcüstandan Azərbaycana ixrac olunan spirtli içkilərin miqdarı 2 dəfə artıb”.

Azərbaycan hökuməti 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsini açıqladı.

Sənəd ölkə başçısının rəsmi internet saytında yerləşdirilib. 177 səhifəlik xəritədə 9 strateji hədəf müəyyən edilib. Hədəflər kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edir.

Sənəddə deyilir ki, “Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması” hədəfinə çatmaqdan ötrü həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur.

Meyvə bağları və üzüm plantasiyalarının genişləndirilməsi təşviq edilməli, təzə kartof istehsalının artırılması dəstəklənməlidir.

Xəritədə nəzərdə tutulan fəaliyyətlərin reallaşdırılmasından ötrü azı 1 milyard 170 milyon manat investisiya tələb olunur.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Azərbaycanın üzümçülük istiqamətində böyük potensialı var