Vahid Məhərrəmov: ”Azərbaycan bütün mal qrupları üzrə istehsalı azaldıb”

”Son 3 ildə meyvə-tərəvəz idxalı üç dəfə artıb”

Source:


”Son 3 ildə meyvə-tərəvəz idxalı üç dəfə artıb”

2016-cı ilin I rübündə Azərbaycana 247 milyon 319 min ABŞ dollar həcmində yeyinti məhsulları idxal edilib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 13,4 faiz azdır. 2015-ci ilin birinci rübündə yeyinti məhsullarının idxalı 285 milyon 440.95 min dollar həcmində olmuşdu.

Azalmanın səbəbi buğda, süd və şəkər idxalının azalmasıdır. Ət, yağ, çay, meyvə-tərəvəz, bitki yağları idxalı artıb.

Buğda idxalı 66,4 faiz azalaraq 39,4 milyon dollar, süd idxalı 12,3 faiz azalaraq 1,51 milyon dollar, şəkər idxalı isə 22,6 faiz azalaraq 18,95 milyon dollar təşkil edib.

Azərbaycan 2015-ci ilin 1-cü rübündə 117 milyon 218 min dollarlıq buğda idxal etmişdi.

Yanvar-mart aylarında ət idxalı 13,6 faiz artaraq 5,45 milyon dollar, kərə yağı idxalı 35,4 faiz artaraq 10,37 milyon dollar, meyvə-tərəvəz idxalı 101,1 faiz artaraq 43 milyon 264 min dollar, çay idxalı 184,7 faiz artaraq 9 milyon 49.46 min dollar, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 82,4 faiz artaraq 36 milyon 851 min dollar təşkil edib.

Məlumatı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, yerli statistikada ərzaq məhsullarının dəyərinin 13,5 faiz azaldığı göstərilsə də, dünya bazarında ətin, südün, taxılın, şəkərin, bitki yağlarının və digər ərzaq məhsullarının dəyəri kifayət qədər aşağı düşüb. Ümumi götürdükdə, rəqəm 17 faizdir, amma ətin qiyməti 20 faizdən çox aşağı düşüb: “Rəqəmləri BMT-nin kənd təsərrüfatı təşkilatı yayıb. Bu, o deməkdir ki, əslində, Azərbaycana gətirilən yeyinti məhsulları dəyərdə azalıbsa da, çəkidə artım baş verib”.

Vahid Məhərrəmov

Ekspert hökumətin son vaxtlar ət və süd istehsalını artırması barədə məlumatlarını xatırladaraq bildirib ki, ət idxalında 13,6, kərə yağı idxalında isə 35,3 faiz artım olub: “Süd idxalının az görünməsi aldadıcıdır, axı, kərə yağı süddən əldə olunur. Ona görə süd idxalının da artdığını demək olar. Meyvə-tərəvəz idxalı 100 faiz civarında baş verib. Ümumiyyətlə, son 3 ildə meyvə-tərəvəz idxalı üç dəfə artıb. 2011-ci ilin birinci rübündə meyvə-tərəvəzin idxalı 11 milyon dollar idisə, indi 43 milyon dollara çatıb. Çay idxalı 184 faiz artıb. O zaman sual yaranır; hökumət uzun müddətdir çayçılığı inkişaf etdirmək adıyla vəsait ayırırdı, hansısa emal müəssisələri inşa olunurdu, bəs yalnız 3 ayda bu qədər artım necə olub? Bitki və və heyvan mənşəli yağların, piylərin 80 faizdən çox artımını diqqətdən qaçırmaq olmaz. Şəkərin azalması isə qiymətin enməsilə bağlıdır. Ümumi yanaşdıqda, Azərbaycana idxal olunan malın və məhsulun həcmində artım olub”.

İxracda nə baş verdiyinə gəlincə, Vahid Məhərrəmov bildirib ki, burda vəziyyət olduqca acınacaqlıdır: “Təsəvvür edin, 2013-cü ilin birinci rübündə Azərbaycan 150 milyon dollar dəyərində 5 adda məhsul ixrac edirdisə, indi bu rəqəm 58 milyon dollara düşüb. Biz artıq meyvə-tərəvəzi idxal etdiyimiz qədər ixrac edirik. Yəni birinci rübdə 43 milyon dəyərində meyvə-tərəvəz idxal etmişik, elə o qədər də ixrac olunub. Əvvəllər belə deyildi, idxalımız çox cüzi idi, ixrac çox olurdu. Çay ixracımız 70 faizə qədər azalıb, bitki və heyvan mənşəli yağ ixracımız 91, spirtli içkilər ixracı 50 faiz civarında, şəkər ixracımız 75 faiz azalıb. Sadaladıqlarım ondan xəbər verir ki, Azərbaycan bütün mal qrupları üzrə istehsalı azaldıb. İdxaldan asılılıq yaradıb, ixrac isə ciddi şəkildə aşağı düşüb”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: ”Azərbaycan bütün mal qrupları üzrə istehsalı azaldıb”