”Biz özümüzü yağla, ət-südlə təmin edə bilmiriksə, atçılığın inkişafına maliyyə resursunun ayrılması anlaşılmazdır”
Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
Sərəncamda Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması məqamları yer alıb. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Ağdam Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.
Sərəncamı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hər iki-üç ildən yerli cins atların saxlanılması, seleksiya işlərinin aparılması üçün maliyyə resurlarının ayrıldığını bildirib:
“Atçılığı inkişaf etdirmək kimə və nəyə lazımdır? Atlardan son zamanlar yalnız idman yarışlarında istifadə edirlər, bəzi ölkələrdə at ətindən qidalandıqları üçün bu sahəyə diqqət yetirirlər. Məsələn, Qazaxıstanın, Monqolustanın adını çəkmək olar. Ümumiyyətlə, Azərbaycan hökuməti aqrar sektorun hansı sahəsini inkişaf etdirmək barədə düşünməlidir? Biz bu gün Qarabağ atını kimə satacağıq, alıcısı kim olacaq? Ölkə daxilində heyvandarlıqla məşğul olanlar təbii yolla atlar saxlayırlar və az iş görmürlər. Hökumətin “qayğısı” olmasa belə, atçılıq onsuz da inkişaf edir və bunu heyvandarlıqla məşğul olan çobanlar həyata keçirir. Çobanlar da yeni alınan balanın daha keyfiyyətli, yaxşı olmasına çalışırlar. Onlara daha çox yük götürən, iqlimə dözümlü, sürətli gedən at lazımdır. Ona görə hökumətin maliyyə ayırması müxtəlif vasitələrlə mənimsəmək məqsədi güdməkdir, burda yalnız korrupsiya görünür”.
Mütəxəssis deyir ki, hökumət gərək vətəndaş cəmiyyətinin iştirakı ilə monitorinq apara, əvvəl ayırdıqları resurlarla hansı nəticələrin əldə olunduğunu müəyyənləşdirə idi:
“Bu suala cavab verəndən sonra ictimaiyyət məlumatlandırılmalıydı. Məsələn, yetişdirdikləri atları sata biliblərmi, satdıqlarından gəlir nə qədər olub, cinslərin qorunması mümkün olubmu və s. Yalnız hesabatlılıqdan sonra növbəti maliyyə resurs barədə düşünmək olardı”.
V.Məhərrəmov hesab edir ki, hazırda yeni cins mal-qaranın, qoyun cinslərinin, quşçuluğun yetişdirməsinə ehtiyac var:
“Biz özümüzü yağla, ət-südlə təmin edə bilmiriksə, atçılığın inkişafına maliyyə resursunun ayrılması anlaşılmazdır. Məsələ ondadır ki, kəsim üçün gedən atlar ucuz satılır. Hökumət də Qazaxıstanla bu yöndə müqavilə imzalayıb”.