Vahid Ələkbərov “Lukoyl” prezidenti vəzifəsindən istefa verdi

Vahid Ələkbərov. Foto: magicinfoto/shutterstock

Azərbaycanlı milyarder 29 il idi ki, bu vəzifədə idi

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbəri Vahid Ələkbərov 29 il çalışdığı şirkətin Direktorlar Şurasının üzvü və prezidenti postundan istefa verib.

Vahid Ələkbərov 1993-cü ildə “Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.

Şirkət özü də həmin il aprelin 5-də yaradılıb.

Şirkətin yaydığı açıqlamda qeyd edilib ki, V.Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3.12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5.43% paya sahibdir.

Bildirilir ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi fonunda neftin qiymətinin artmasına baxmayaraq, V.Ələkbərov il ərzində 14.4 milyard dollar itirib.

Rusiyanın Ukraynaya hücumundan əvvəl şirkətin səhmləri ilə bağlı vəziyyət fərqli olub. Belə ki, bir səhm 6020 rubla satılıb, savaşdan sonra qiymət 4650 rubla düşüb.

Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.

O, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub.

İqtisad elmləri doktorudur.

V.Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

2021-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi ən varlı adamlarının siyahısında 66-cı yeri tutub.

Onun sərvəti hazırda 10.5 milyard dollar həcmində qiymətləndirilir.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaVahid Ələkbərov “Lukoyl” prezidenti vəzifəsindən istefa verdi