”Neftin qiyməti 50 dollardan yuxarı olmalıdır, əks təqdirdə çətin olacaq”
“İşığın qiymətinin qaldırılması xalqa xeyir gətirmir. Məsələ burasındadır ki, neftin qiymətinin düşməsi nəticəsində manatın iki dəfə devalvasiyaya uğraması və manat qıtlığının yaranması, Tarif Şurasını məlum qərarı qəbul etməyə məcbur etdi”.
Milli Məclisin deputatı Vahid Əhmədov Meydan Tv-nin suallarını cavablandırarkən Tarif Şurasının (TŞ) iyulun 14-də elektrik enerjisinin qiymətini qaldırmasının obyektiv və subyektiv tərtəflərinin olduğunu deyib.
“Vəziyyətin normal hala gəlməsi üçün neftin qiyməti heç olmasa 50 dollardan yuxarı olmalıdır, əks təqdirdə çətin olacaq”-deyə deputat vurğulayıb.
V.Əhmədov hesab edir ki, enerji bütün məhsulların maya dəyərində oturduğundan Tarif Şurasının 14 iyul qərarı qiymət artımına təsir edəcək: “Ona görə İqtisadi İnkişaf Nazirliyi gözlənilən qanunsuzluqların qarşısını almalıdır. Enerjinin qiymətinin 1 qəpik artıması aztəminatlı insanların sosial durumuna təsirsiz ötüşməyəcək”.
Deputatın fikrincə, qiymətləri artırmaqla ölkə iqtisadiyyatını indiki durumdan çıxartmaq mümkün olmayacaq: “Çox ciddi islahatlar aparılmalı, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Kənd təsərrüfatında müəyyən irəliləyiş var, amma xidmət və turizm sahəsinə diqqət artırmaq vacibdir”.
V.Əhmədov hesab edir ki, prezidentin 2004-cü ildə qeyri-neft sektoru və ərzaq təhlükəsizliyi haqqında verdiyi tapşırıqların hökumət tərəfindən yüksək səviyyədə icra olunmaması indiki vəziyyətlə nəticələnib: “Açıq danışmaq lazımdır, indiki ictimai-siyasi və iqtisadi dəyişikliklər dünyasında Azərbaycana çox çevik hökumət lazımdır. Hökumət vaxtında idxaldan gələn məhsulların Azərbaycanda istehsalı məsələsinə baxmalıydı. Artıq vaxt itkisi olub”.
V.Əhmədov “80 yaşlı baş naziri və müavinləri pensiya yaşında olan hökumətdən çeviklik gözləyirsinizmi” sualına belə cavab verdi: “Baş nazirin yaşı 80 də, ondan çox da ola bilər. Söhbət hökumətin çevikliyindən gedir, koordinasiyalı iş qurulmalıdır. İslahatı Nazirlər Kabineti aparmalıdır. Bank sistemi indiki vəziyyətə düşməməliydi, kredit borcları 1,5 milyard manata çatıb, buna imkan verilməməliydi. Hazırda elə vəziyyət yaranıb ki, qarşısını almaq da həddən artıq çətindir. Hansı qəti addımların atılmasına gəlincə, hökumət gecə-gündüz işləməlidir. Cənab prezidentin göstərişlərini yerinə yetirməlidir”.