Vadarşak Arutyunyan: Ermənistan əvvəlki tək Arsax xalqının təhlükəsizliyinə zamin duracaq

Ötən ilin payızında Qarabağda baş vermiş hərbi münaqişədən sonra

"RIA Novosti"

müsahibə almaq üçün Ermənistan və Azərbaycanın müdafiə nazirlərinə müraciət edib. Müraciətə ilk Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan cavab verib. O, orduda aparılan islahatlardan, Rusiya hərbi bazasının Gümridə genişlənməsindən və onun ölkənin şərqinə doğru yerdəyişməsində Yerevanın maraqlı olmasından danışıb. Meydan TV həmin müsahibəni kiçik ixtisarla dərc edir.

– Qarabağdakı münaqişənin payız eskalasiyasından sonra Azərbaycanla sərhəd olan yolların və Ermənistanın Syunik vilayətinin yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunmasında rusiyalı sərhədçilərin üzərinə əlavə öhdəliklər düşüb. Rusiyalı sərhəd hərbçilərinin Syunikdə dislokasiya yerləri qəti surətdə müəyyənləşdirilibmi? Onların fəaliyyəti nə dərəcədə effektlidir, rusiyalı sərhədçilərin Ermənistan tərəfi ilə prakriki qarşılıqlı əlaqəsi yoluna qoyulubmu?

– Hər şeydən öncə, dərhal onu qeyd etmək istəyirəm ki, Ermənistan rusiyalı sərhədçilərin Rusiya istisna olmaqla yerləşdiyi yeganə ölkədir. Qarabağdakı münaqişəyədək Rusiya FTX sərhəd idarəsinin Ermənistandakı şəxsi tərkibi Ermənistan Respublikasının ərazisindən keçən Müstəqil Dövlətlər Birliyinin sərhədinin təhlükəsizliyi və qorunmasının təmin olunması üzrə vəzifələrin yerinə yetirilməsində cavabdeh idi.

Bu gün vəziyyət köklü şəkildə dəyişib. Özünüzün də qeyd etdiyi kimi, həqiqətən də, rusiyalı sərhədçilərin üzərinə Ermənistan Respublikasının Azərbaycanla sərhədinin təhlükəsizliyinin və qorunmasının təmin olunması ilə bağlı əlavə öhdəliklər qoyulub. Dövlətlərimizin sərhəd xidmətlərinin xətləri üzrə sıx və effektli qarşılıqlı əlaqənin qurulmasına və Ermənistandakı rusiyalı sərhədçilərin çiyinlərinə qoyulmuş öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirəcəklərinə şübhə etmirəm.

– Baş verən proseslərin və Ermənistanın təhlükəsizliyinə qarşı yönəlmiş təhlükənin fonunda 102-ci Rusiya hərbi bazasının genişlənməsi məsələsi RF ilə müzakirə olunurmu? Yerevan bu cür genişlənməyə ehtiyac duyurmu? Respublika ərazisində – ölkənin şərqində daha bir Rusiya bazasının yerləşdirilməsi məsələsinin müzakirəsi mümkündürmü?

– Şübhəsiz ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi bölgədə hərbi-siyasi reallığı nəzərə alıb və bazanın gücləndirilməsi, yenidən silahlandırılması yolunda doğru addımlar atılıb. Mən əminəm ki, hazırkı proses uzun çəkəcək.

O ki qaldı respublika ərazisində Rusiya hərbi qüvvələrinin əlavə qoşunlarının yerləşdirilməsinə, zənnimcə, buna lüzum yoxdur. Üstəlik, hazırda dövlətlərimiz arasında mövcud olan normativ hüquqi əsas yalnız bir Rusiya bazasının fəaliyyətinin statusunu müəyyənləşdirir.

Rusiya hərbi bazasının tərkibindəki hər hansı hərbi hissələrin (onun genişlənməsi nəzərə alınmaqla) Ermənistanın şərqinə doğru yerdəyişmə ehtimalından danışmaq daha doğru olardı. Bu kontekstdə məsələnin qarşılıqlı şəkildə çözülməsi yolunda addımlar atılmaqdadır.

– Ermənistandan hərbi islahatların keçirilməsi planlaşdırılırmı? Əgər planlaşdırılırsa, onun əsas istiqamətləri barədə artıq danışmaq olarmı? 2020-ci ilin payızında Qarabağda əldə olunmuş təcrübədən irəli gələrək, ordunun yenidən silahlanması ilə bağlı nə deyə bilərsiniz? Bu təcrübə nəzərə alınmaqla, RF ilə hərbi-texniki əməkdaşlığın planlarında düzəlişlər olacaqmı? Yerevan RF-dən müasir yüksək dəqiqlikli, “ağllı” silahlar, HHM sistemləri alacaqmı? Yerevan dron və atıcı silahların alınması ilə bağlı RF ilə müqavilə bağlayacaqmı?

– Ermənistanda hərbi islahatlar planlaşdırılmır, onlar artıq gerçəkləşdirilir, üstəlik bu prosesə bilavasitə bizim rusiyalı həmkarlarımız qoşulub. Dərhal qeyd etməliyəm ki, hərbi inşaat prosesi prinsip etibarı ilə fasiləsizdir, hazırda Cənubi Qafqazda yaranmış hərbi-siyasi vəziyyətsə milli hərbi qüvvələrin həyata keçirilən islahatlarını danılımaz prioritetlə müəyyənləşdirir.

Sözsüz ki, Qarabağda məlum olaylarla bağlı toplanmış hərbi təcrübə nəzərə alınmaqla ordunun döyüş və say tərkibinin optimallaşdırılması məsələsinə yenidən baxılacaq. Bu zaman, hər şeydən öncə, döyüş komponenti artırılacaq; prioritet istiqamətlər üzrə yeni silah kompleksləri və sistemləri, hərbi texnika əldə olunacaq; kadr potensialı qorunub saxlanacaq, zabitlər, dövlət xidmətçiləri və hərbi xidmətçilərin vəzifələrinin komplektləşdirilməsinin səviyyəsi artırılacaq. Bununla yanaşı, əsas səylərimiz idarə sistemlərinin, kəşfiyyatın, radioelektron mübarizənin, HHM-nin və pilotsuz aviasiyanın, raket qoşunlarının və artilleriyanın inkişafına yönələcək.

– Ermənistanda Rusiya ilə müştərək silah istehsalının yoluna qoyulması mümkündürmü?

– Niyə də yox? Ondan başlayaq ki, Ermənistanda artıq Ermənistan-Rusiya müştərək müəssisələri fəaliyyət göstərir və bu istiqamətdə gələcək işlər də aparılır.

Bundan başqa, respublika ərazisində silahlanma və hərbi texnikanın təmiri və modernləşdirilməsi üzrə regional sertifikatlaşdırımış mərkəzlərin yaradılması və genişləndirilməsi üzrə işlər davam etdiriləcək ki, məsələnin maliyyə-iqtisadi tərəfini nəzərə alsaq, bu çox mühüm addımdır.

– Ermənistan-Rusiya müştərək qoşun qruplaşması adi rejimdə fəaliyyət göstərməyə davam edirmi? Onun üzərinə yeni funksiyalar qoyulacaqmı?

– Ermənistan Respublikasının silahlı qüvvələrinin və Rusiya Federasiyası silahlı qüvvələrinin birləşmiş döyüş qruplaşmaları 2016-cı il noyabrın 30-u imzalanmış dövlətlərarası müqavilə əsasında öz fəaliyyətlərini davam etdirir. Müqavilə onun təyinatını nizamlayan məsələləri müəyyənləşdirir: məqsədləri, vəzifələri, tərkibi, qarşılıqlı əlaqə və idarə sisteminin təşkilini, maddi-texniki və maliyyə təminatını, yerləşdirilmə qaydasını.

Bundan başqa, müqavilənin 4-cü və 5-ci maddəsinə görə, birləşmiş döyüş qruplaşmalarının tərkibi və səlahiyyətli orqanlar tərəfindən onun tətbiqinin planlaşdırıması üzrə təkliflər hərbi-siyasi vəziyyətin müştərək analizi və razılaşdırılmış nəticələr əsasında müəyyənləşdirilir ki, hazırda erməni və rusiyalı mütəxəssislər bunu həyata keçirir.

– Dağlıq Qarabağ əhalisinin gələcəkdə təhlükəsizlyinin təmin olunmasını necə görürsünüz, erməni tərəfi bunun üçün hansı addımları atır?

– Hər şeydən öncə, Arsaxın əhalisinin təhlükəsizliyini müdafiə ordusu təmin etməlidir. Sözsüz ki, onun hərbi hazırlığı və modernləşdirilməsinin bərpası üçün çox şey etmək lazımdır. Hərçənd, hər şeyə rəğmən, bu edilməlidir.

İkincisi, Ermənistan əvvəlki tək Arsax xalqının təhlükəsizliyinə zamin duracaq, biz bu tarixi missiyanı heç vaxt öz üzərimizdən götürməyəcəyik. Üçüncüsü, yəqin ki, ən əsası, sözsüz ki, bölgədə rusiyalı hərbçilərin olmasıdır. Məhz onların sayəsində əvvəlcə atəşkəsə nail olundu, daha sonra humanitar fəlakətin qarşısı alındı. Zənnimcə, həm də Rusiya Federasiyasının səyləri sayəsində bölgədə uzunmüddətli sülh təmin olunacaq.

– Ordu Azərbaycandan Naxçıvana gedən nəqliyyat dəhlizinin qorunmasına cəlb ediləcəkmi? Heyət və yükün təhlükəısizliyinə kim zəmanət verəcək?

– Hər şeydən öncə, dərhal onu qeyd etmək istəyirəm ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının nəqliyyat əlaqəsindən söhbət getdikdə “dəhliz” termininin tətbiqi düzgün deyil. Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il noyabrın 9-u imzaladıqları bəyanata əsasən, yalnız Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın koridoru dəhliz sayılır. Bütün qalan hallarda söhbət sadəcə nəqliyyat kommunikasiyalarından gedə bilər.

Qoyulmuş suala cavab verərək deyə bilərəm ki, Ermənistan üzərinə götürdüyü öhdəliyə əsasən, yuxarıda adı çəkilən nəqliyyat əlaqəsinin təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını təmin edəcək.

Onun qorunmasına ordunun cəlb edilməsi məsələsi hələ ki gündəmdə deyil, nəqliyyat əlaqəsinin nəzarətini isə yenə də üçtərəfli bəyanata əsasən, Rusiya FTX-nin sərhəd xidməti həyata keçirəcək.

Ana səhifəVideoVadarşak Arutyunyan: Ermənistan əvvəlki tək Arsax xalqının təhlükəsizliyinə zamin duracaq