Vəkil Rövşanə Rəhimli: “Nərgiz Absalamova mütəşəkkil jurnalistika ilə məşğul olub”

İllüstrasiya: Meydan TV

Vəkilin sözlərinə görə, təqdim olunan sübutların əksəriyyəti təzyiq altında verilmiş ifadələrə əsaslanır

İyunun 10-da “Abzas Media işi” üzrə həbs olunanların vəkilləri məhkəmədə son sözlə çıxış ediblər.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalist Nərgiz Absalamovanın vəkili Rövşanə Rəhimli müdafiə çıxışında bildirib ki, müvəkkili siyasi sifarişlə və əsassız ittihamlarla həbs edilib.

Vəkilin sözlərinə görə, təqdim olunan sübutların əksəriyyəti ya prosessual pozuntularla əldə olunub, ya da təzyiq altında verilmiş ifadələrə əsaslanır:

“Protokollarda kompüter və telefonların guya könüllü verilməsi qeyd edilsə də, təqsirləndirilən şəxslər məhkəməyə bildiridilər ki, onlar fiziki və psixoloji təzyiqə məruz qalıblar və sübutlar da bu yolla alınıb. Lakin məhkəmə təqsirləndirilən şəxslərin bu iddialarını yoxlamağa maraq göstərmədi. Halbuki, məhz bu fakt hərtərfli obyektiv yoxlama tələb edirdi. Çünki qanunsuz yolla, xüsusən də təzyiq altında əldə edilmiş sübutun sübut əhəmiyyəti ola bilməz, onlar sübut kimi qəbuledilməz hesab edilməlidir”.

Rövşanə Rəhimli xüsusilə əsas şahid Məhəmməd Kekalovun istintaq dövründəki ifadələrindən məhkəmədə imtina etdiyini və bu ifadələrin təzyiq altında verildiyini vurğulayıb.

Vəkil əlavə edib ki, qanunla Kekalovun məhkəmədə təzyiqsiz və sərbəst şəkildə verdiyi ifadə əsas götürülməlidir. İstintaq zamanı isə o, müdafiəsiz vəziyyətdə olub və ifadəsi təzyiq altında alınıb.

Vəkil həmçinin istintaqın təqdim etdiyi sənədlərin orijinal olmadığını, yalnız mənşəyi məlum olmayan fotoşəkillərdən ibarət olduğunu qeyd edib.

Rəhimli bildirib ki, məhz buna görə də Absalamovaya qarşı irəli sürülən ittihamlar – qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, sənəd saxtakarlığı və s. – sübuta yetirilmir:

“Məhəmməd Kekalovun hətta ibtidai istintaq zamanı verdiyi, lakin məhkəmə istintaqı zamanı imtina etdiyi ifadəsi özündə hər hansı konkret faktı ehtiva etmir. Məsələn, məlum olmur ki, Nərgiz Absalamova nə vaxt və necə pul vəsaitlərini gətirib, pul vəsaitlərini hardan alıb, nə qədər pul vəsaitləri gətirib, bunu ondan kim, harda və necə xahiş edib? Məhəmməd Kekalovun bu prosesdə – Nərgiz Absalamovanın pul gətirilməsində iştirakı və şahidliyi necə olub. Məhkəmə baxışında dindirilmiş şahidlər də Nərgiz Absalamovanın hər hansı cinayət əməlini törətməsinə dair ifadə vermədi”.

Vəkil həmçinin “mütəşəkkil dəstə” ittihamının hüquqi əsaslara söykənmədiyini, istintaqın bu anlayışdan siyasi niyyətlə istifadə etdiyini deyib.

Sonda Rövşanə Rəhimli bildirib ki, iş üzrə sübutlar hüquqi baxımdan qəbuledilməzdir və Nərgiz Absalamova heç bir cinayət törətməyib və jurnalist fəaliyyətinə görə hədəf alınıb.

“İş materiallarından, məhkəmə araşdırmasından yalnız bir fakt təsdiqlənir- Nərgiz Absalamova heç bir cinayət əməli törətməyib, onun günahı və həbs səbəbi “Abzas Media” ilə əməkdaşlıq edərək tənqidi videomateriallar hazırlamasıdır, mütəşəkkil jurnalistika ilə məşğul olub və məqsədi qanunsuzluq törətmək yox, törədilən qanunsuzluqları aşkar edib əhaliyə çatdırmaq olub”, – vəkil qeyd edib.

“Abzas Media işi” üzrə həbs olunanların vəkilləri müdafiə çıxışlarını iyunun 10-da keçirilən prosesdə ediblər.

Vəkillərin hamısı çıxışlarında bütün ittihamların qondarma olduğunu bildiriblər.

Onlar məhkəmədən ədalətli hökm gözləmədiklərini bildirsələr də, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

Daha sonra hakim təqsirləndirilən şəxslərə son söz verib.

Təqsirləndirilən şəxslərin əksəriyyəti növbəti prosesdə çıxış edəcəklərini bildiriblər.

Onladan yalnız araşdırmaçı jurnalist Hafiz Babalı son sözlə çıxış edib.

Növbəti məhkəmə iyunun 20-də davam etdiriləcək.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, 2024-cü ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

2024-cü ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.

Ana səhifəXəbərlərVəkil Rövşanə Rəhimli: “Nərgiz Absalamova mütəşəkkil jurnalistika ilə məşğul olub”