Vəkil: “Məhkəmədə rəsmi nümayəndə Əziz Orucovun dövlətə hansı ziyanı vurduğunu izah edə bilməyib”

Əziz Orucov. Foto: Meydan TV

Qurumun əməkdaşı ancaq onu deyib ki, bunlar dövlətin torpaqlarıdır

Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.

Bu dəfəki məhkəmə prosesində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin nümayəndəsi  dinlənilib.

Əziz Orucovun vəkili Bəhruz Bayramovun verdiyi məlumata görə, ifadə verən nümayəndə Əziz Orucovun dövlətə hansı ziyanı vurduğunu aydın izah edə bilməyib.

Qurumun əməkdaşı ancaq onu deyib ki, bunlar dövlətin torpaqlarıdır.

Vəkilin “Orucovun ev tikdiyi yerin ətrafında çoxlu yaşayış binaları tikilib. Dövlətə dəyən ziyanla bağlı şikayətlər verilibmi?” sualına  qurumun əməkdaşı cavab verə bilməyib.

Məhkəmə prosesində Orucovun daha iki qonşusu şahid qismində dindirilib.

 “Onlar deyiblər ki, Orucovun ev tikməsilə bağlı iradları yoxdur”,- vəkil bildirib.

Növbəti məhkəmə prosesi fevralın 26-na təyin edilib.

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.

Həmin gün axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”-ün ofisində axtarış aparılıb.

Daha sonra o, Cinayət Məcəlləsinin 188.2 maddəsilə həbs olunsa da, bir ay sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham irəli sürülüb.

Hətta “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunmuşdu.

İstintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək, yalnız torpaq məsələsilə bağlı ittihamla məhkəməyə göndərildi.

Kanalın əməkdaşı Şamo Eminov isə azadlığa buraxılıb.

Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

“Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirdiyini bildirib.

O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.

Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.

Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətVəkil: “Məhkəmədə rəsmi nümayəndə Əziz Orucovun dövlətə hansı ziyanı vurduğunu izah edə bilməyib”