Həbsdə olan qazinin kart hesabına da bank tərəfindən məhdudiyyət tətbiq edilib
Hazırda Kürdəxanı təcridxanasında saxlanılan və vəziyyətinin ağır olduğu bildirilən “Gənc Qazilər” İctimai Birliyinin sədri, İkinci Qarabağ müharibəsi iştirakçısı Hacı Vəliyevin vəkili onun ev dustaqlığına buraxılması üçün yenidən məhkəməyə müraciət edib.
Hacı Vəliyevin ev dustaqlığına buraxılmasına mayın 14-də Xətai rayon Məhkəməsində baxılmışdı, lakin vəsatəti təmin edilməmişdi.
Vəkili Aqil Layıcın sözlərinə görə, bir gözünü tamamilə itirmiş, digər gözünün görmə qabiliyyəti isə cəmi 3 faiz olan və İkinci Qarabağ müharibəsi zamanı başından qəlpə yarası almış Hacı Vəliyev təcridxanada lazımi tibbi müayinədən keçirilmir.
Aqil Layıc əlavə edib ki, Hacı Vəliyevin əlilliyinə görə ayrılmış sosial ödənişlər köçürülən “Kapital Bank” kart hesabına da blok qoyulub.
Vəkilin sözlərinə görə, bu məhdudiyyət istintaq orqanı deyil, bank tərəfindən tətbiq edilib və səbəbi açıqlanmayıb.
“Kapital Bank”dan Meydan TV-yə bildirilib ki, Hacı Vəliyevin vəkili Aqil Layıcın müraciəti araşdırılır.
Qanunvericiliyə əsasən, araşdırılmanın nəticəsi bank sirri olduğu üçün yalnız müştərinin səlahiyyətli nümayəndəsinə və ya onun yazılı razılığı ilə üçüncü şəxslərə təqdim edilə bilər.
Bunun üçün də kart sahibinin səlahiyyət verdiyi nümayəndə bankla birbaşa təmasa girməlidir.
Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.
O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də polis əməkdaşları onu saxlayıb.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Məlumata görə, mayın 12-də Hacı Vəliyev 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.