Elnur Astanbəyli

Mənbə: meydan tv

Başlıq: Elnur Astanbəyli

Üzsüzlüyün hər üzü...

Maksimalist olmağı çoxdan tərgitmişəm

Yəqin çoxunuzun yadında olar, hardasa üç ay əvvəl Rasim Musabəyov ad-soyadlı deputat “Azneft” meydanındakı yeraltı keçiddə pop-korn satan uşağa möhkəm əsəbiləşmişdi, Bakıya gələn xarici qonaqlarda pis təəssürat yaratmasından, icazəsiz işləməsindən, vergi ödəməməsindən gileylənmişdi, bundan sonra uşağı həmin yeniyetməni oradan qovmuşdular.

Əlbəttə, könül istərdi ki, həmin yeniyetmə dərsləri ilə məşğul olsun, lakin "amaloqsuz inkişaf"ın nəticəsidir ki, bu gün Azərbaycanda minlərlə uşaq təhsilin, məktəbin başını buraxıb ailə büdcəsinə kömək etməyə məcburdur.

Bir zamanlar Müsavat funksioneri olan, sonra isə öz ideoloji baxışlarını bir deputat mandatına satan deputatı isə yeniyetmənin pop-korn satması sadəcə ona görə narahat etmişdi ki, xarici turistlərdən ayıbdı, üstəlik, dövlətin elektrik enerjisindən pulsuz faydalanır, vergi ödəmir, pop-korn satmaq üçün rəsmi icazə almayıb-filan.

Təəccüblənirikmi? Bir qram da yox!

Başa düşürük ki, onu məhz buna görə deputat təyin ediblər, yoxsa havayı pendir tələdə olur, qalmışdı Milli Məclis mandatı.

Həmin vaxt cəmiyyət, az qala, yekdilliklə Musabəyovu "topa tutanda" ona tək-tük dəstəklərdən biri başqa bir deputatdan – Rüfət Quliyevdən gəlmişdi, deyirdi ki, küçədə satılan po-korn insanları zəhərləyə bilər.

Bəlkə də haqlıdır.

Ancaq absurd olan bilirsinizmi nə idi?

Həmin bu R.Quliyev "European Tobacco Baku" fabrikinin rəhbəridir, həmin fabrik də siqaret istehsalı ilə məşğuldur!

Adam bilmir gülsün, yoxsa ağlasın.

Siqaret e, ay yoldaşlar, məhz siqaret biznesi ilə məşğul olan adam ehtiyac üzündən bir yeniyetmənin küçədə pop-korn satmasından narahatdır, nə var, nə var, birdən həmin pop-korndan kimsə zəhərlənə bilər! Absurdun pik nöqtəsi bu da deyilsə, nədir bəs?

Bəlkə Rüfət müəllimin istehsal etdiyi siqaretlər zəhərsizdir, ziyansızdır, hətta üzərlərində insan sağlamlığı üçün xeyirli olduğu yazılıb, bilmirəm, ancaq hər halda reallıq ondan ibarətdir ki, hər dəfə ölkədə üzsüzlüyün istənilən növünü, formasını gördüyümüzü, üzsüzlüyün hər üzünü yaşadığımızı zənn edirəm, ancaq ortaya qəfil kimsə çıxır və məlum olur ki, kökündən yanılıbmışam, canım məmləkətimdə üzsüzlüyün nə həddi var, nə hüdudu.

Neft tükənər, qaz tükənər, ancaq o – əsla! Qətiyyən!

Bu yaxınlarda aviaqəzada həlak olan pilotun bir zamanlar Müsavat funksioneri olmuş qayınatası Qabil Hüseynli dəfndə müxalifət nümayəndələrinin iştirak etməməsini istəmişdi. Guya bununla dəfn mərasimi siyasiləşəcəkdi!

Halbuki onun özü həmin çağırışla faktiki olaraq, mərasimə siyasi rəng qatdı. Bu, öz yerində, bunu qoyaq kənara.

Ürəkbulandıran bilirsinizmi nə idi?

Həmin adam bir zamanlar hakimiyyəti sərt formada olmasa da, hər halda siyasi mövqeyi, müxalifət partiyası funksioneri olması səbəbindən tənqid edirdi, onu ölkədə siyasi düşmənçilik toxumları səpməkdə, insanlara qarşı fikirlərinə görə ayrı-seçkilik sərgiləməkdə günahlandırırdı.

Və budur, indi özü kürəkəninin, üstəlik, ümumxalq kədərinə səbəb olmuş hüzrü ilə bağlı "müxalifətçi" söhbəti eləyir, onların dəfn mərasiminə qatılmasından narahat olur. Niyəsi öz işidir. Açığı, heç maraqlı da deyil.

Ancaq mən bu adama baxıram, bir zamanlar dilindən ədalət, azadlıq, bərabərlik sözləri düşməyən digər müxalifət funksionerlərinin – Rasim Musabəyovların, Musa Qasımlıların, daha kimlərin, kimlərin... indiki davranışlarına baxıram, həm üzsüzlük potensialımızın nə qədər böyük olduğunu bir daha görür və heyrətlənirəm, həm də demokratiyaya gedən yolumuzun niyə bu qədər uzandığını növbəti dəfə anlayıram.

Məyus olurammı?

Düzünü desəm: artıq yox! Maksimalist olmağı çoxdan tərgitmişəm. Artıq minimalist düşünürəm.

Məsələn, düşünürəm ki, arzuladığımız dəyərlərə qovuşmağa gecikirik bəlkə, ancaq heç olmasa, bir zamanlar önümüzdə gedənlərin gerçək üzünü tanımaq fürsəti qazanırıq.

Dərindən fikirləşəndə... bu da az iş deyil!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iu3uc5

Ən çox baxılan