Yanan binaya görə həbs olunanların məhkəməsi davam edir
İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. İclasda dövlət ittihamçısı Mübariz Mirili ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.
Daha sonra prosesdə təqsirləndirilən Fərid Sadıqov ifadə verib. “TNH” tikinti şirkətinin rəhbəri kimi tanınan F.Sadıqov məhkəmədə verdiyi ifadədə bildirib ki, yanğın baş verən binanın üzlənməsində, görülən işlərdə onun heç bir rolu olmayıb, adıçəkilən şirkətin təsisçisi və ya işçisi olmayıb: “Mənim “Astoriya” MMC adlı tikinti şirkətim var idi. Bakıda bina tikintisi ilə məşğul idik. Uzun illərdir Bakıda tikinti sektorunda çalışıram. Əsas işimiz yaşayış binalarının tikintisini həyata keçirməkdir. 2013-cü ildə Çində olarkən sənaye sərgisində iştirak etdim. Sərgidə “poliuretan” materialları istehsal edən avadanlıqlarla maraqlandım. Bakıya qayıdanda dostlara və tanışlara bu avadanlıqların Bakıya gətirilməsi və binaların üzlənməsi üçün üzlüklərin istehsal edilməsi ilə bağlı təkliflər etdim. Belə bir layihənin icrası üçün bu işdə maraqlı olan şirkət axtarırdım. Bundan sonra “Hikmət İnşaat” tikinti şirkəti ilə danışıqlar apardım. Onlar “poliuretan” materiallar istehsal etmək üçün zavod tikə biləcəklərini dedilər. Mən bu layihəni təqdim etdikdən sonra bildirdim ki, ilk sifarişçi şirkət də biz olacağıq. Yəni, binalarımızın üzlənməsi üçün bu materiallardan alacağıq. Xırdalanda zavodun tikintisinə başlanıldı. Mən də Çindən həmin avadanlıqları 180 min dollara alıb Bakıya gətirdim. Sonra zavoda Məmməd Vəliyev direktor təyin edildi. Mənim onlarla bir əlaqəm yox idi. Bildiyim qədəri ilə də xammalı Türkiyədən alırdılar. «TNH» şirkətinin necə təsis olunmasından, kimin rəhbərlik etməsindən xəbərim yoxdur. Heç “Hikmət İnşaat” şirkətinin də sahibinin, rəhbərinin kim olduğunu bilmirəm”.
Daha sonra onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. F.Sadıqov ifadəsində qeyd edib ki, “TNH” şirkəti təsis edildikdən sonra Gəncə, Nərimanov, Yevlax, Mingəçevir, Qaradağ, Neftçala, Sumqayıt rayon icra hakimiyyətlərindən binaların üzlənməsi ilə bağlı sifarişlər alıblar: “Binaların üzlənməsi üçün şirkətə 1 kvadratmetrə görə 130 manat ödənilməli idi. Görülən işlər müqaviləsiz, icra hakimiyyətləri ilə qeyri-rəsmi razılaşmalar əsasında həyata keçirilib.
Neftçala rayonundan görülən işlərə görə şirkətə 780 min manat nəğd şəkildə ödəniş edilib. Lakin digər rayonlarda işlərə başlasalar da, sonrdan razılaşdırılmış məbləğ ödənilmədiyindən işlər yarıda dayandırılıb. Bizim əsas işimiz Xətai Rayon İcra Hakimiyyəti ilə bağlı idi. Bununla bağlı danışıqlar var idi. Görülən işlərin qarşılığında icra hakimiyyətindən 7.599.740 manat məbləğində pul alacaqdıq”.
Hakim bildirib ki, “TNH” şirkətinin təsisçisi olması barədə Fərid Sadıqov ifadə verib. Lakin məhkəmə prosesində F.Sadıqov həmin ifadəni vermədiyini, “TNH” şirkəti ilə əlaqəsinin olmadığını deyib: “Həmin şirkətin rəhbəri kimi Məmməd Əliyevi tanıyırdım. Istintaq zamanı müstəntiq məndən o şirkətlə bağlı soruşanda ona bildiklərimi demişəm. Həmin vaxt müstəntiq Kamal Talıbovun məndən ifadə aldığını bilmirdim. Həmin ifadədə də şirkətin təsisçisi və rəhbəri kimi də mən göstərilmişəm. Cinayət işi başlandıqdan sonra mən bu ifadələrdən xəbər tutmuşam. İmza çəkəndə bilmirdim ki, ifadədir. İlk dəfə idi ki, müstəntiqə ifadə verirdim. Həmin ifadələrimdən imtina edirəm”.
“Hikmət İnşaat” şirkəti ilə bağlı sualları cavablandıran F. Sadıqov deyib ki, binanın təmiri və sakinlərə dəymiş zərər “Hikmət İnşaat” tərəfindən aparılıb: “Dövlət tərəfindən pul ayrılmayıb. Təmir işləri də həmin şirkət tərəfindən həyata keçirilib. Mənim də bu işlə bir əlaqəm yoxdur”.
Məhkəmə prosesi iyunun 28-i davam etdiriləcək.
Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda «TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən – qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.