Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan gənc 15 sutka həbs olunub

Foto: Meydan TV

Digər gəncin isə cərimə edildiyi bildirilir

Bəstəkar Üzeyir Hacıbəylinin Bakı Musiqi Akademiyasının önündəki heykəlinə ayaqqabı atan şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən Meydan TV-yə bildirib ki, araşdırma zamanı əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Elvin İsmayılov bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Bakı Musiqi Akademiyasının qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Bildirilir ki, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu günlərdə sosial şəbəkələrdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası qarşısında zarafatlaşan iki gəncin videosu yayılıb.

Videodan məlum olub ki, aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

Bakı Musiqi Akademiyasından Meydan TV-yə bildirilib ki, həmin gənclər akademiyanın tələbələri deyil, yoldan keçənlərdir:

“Başa düşürəm, onlar cavandırlar. Amma onlara evdə, ailələrində demək lazım idi ki, belə olmaz. Hər halda səhv ediblər, cavanalıqlarına keçmək lazımdır. Təbii ki, bu hərəkətə mənim də etirazım var. Hər dəfə Üzeyir bəyin heykəlinin yanından ötəndə, qarşısında başımı əyib  keçirəm”.

Foto: DİN

“Ümumiyyətlə, hər bir heykələ, yalnız Üzeyir Hacıbəyliyə deyil, Mirzə Ələkbər Sabirə, Nizamiyə, Füzuliyə, dahi insanlara ehtiramla yanaşmaq lazımdır. Uşaqlar ola bilsin, bilməyiblər”, – Xalq artisti, bəstəkar Faiq Sücəddinov məsələni Meydan TV-yə şərh edərkən deyib.

Üzeyir Hacıbəylinin heykəlini 1960-cı ildə heykəltaraş Tokay Məmmədov hazırlayıb.

Heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb.

2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub.

Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.

Üzeyir Hacıbəyli bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifidir.

Üzeyir Hacıbəylinin bir heykəli doğulduğu Şuşa şəhərində olub.

1985-ci ildə bəstəkarın 100 illik yubileyi münasibətilə heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanıb.

Heykəl 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı dağıdılıb.

İkinci Qarabağ müharibəsi zamanı Şuşa yenidən Azərbaycanın nəzarətinə keçəndən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən bəstəkarın yeni heykəli hazırlanıb.

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Heykəlin rəsmi açılışı Şuşada 2021-ci il avqustun 29-da olub.

Üzeyir Hacıbəylini bir heykəli də Avstriyanın paytaxrı Vyanadadır.

2006-cı ildə açılışı olan heykəlin müəllifi heykəltaraş Ömər Eldarovdur.

Ana səhifəSosialÜzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan gənc 15 sutka həbs olunub