“
Artıq 2 gündür ki, mənə ən yuxarı təbəqələrdən xəbərdarlıq mesajları çatdırılır ki, yaxın vaxtlarda səni həbs edəcəklər”
Avqustun 29-da Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında əksər qəzetlərin, elektron KİV-lərin, informasiya agentliklərinin və saytların baş redaktorlarının iştirakı keçirilən toplantı hələ də müzakirə predmetidir.
R.Mehdiyev hərbi ekspert, polkovnik-leytnant Üzeyir Cəfərovun da adını çəkərək onu Azərbaycan Silahlı qüvvələrinə, bir sözlə, dövlətimizə qarşı çalışmaqda, torpaqlarımızı işğal edən Ermənistanın maraqlarına işləməkdə ittiham edir.
Sentyabrın 3-də Üzeyir Cəfərov öz Facebook səhifəsində ona artıq təzyiqlərin başladığı barədə açıqlama yayıb. O, bu məsələnin sonuna kimi getməkdə qərarlı olduğunu bildirirək bu yolda onu heç kimin susdura bilməyəcəhyini bəyan üedib: “Artıq 2 gündür ki, mənə ən yuxarı təbəqələrdən xəbərdarlıq mesajları çatdırılır ki, yaxın vaxtlarda səni həbs edəcəklər. Yəni, bu haqda artıq qərar verilib və mən buna hazır olmalıyam. Vallah, nə deyim. Azərbaycan reallıqlarında hər şey mümkündür və bəri başdan qeyd etmək istəyirəm ki, mənə qarşı irəli sürə biləcək ittihamların heç birinin əlamətləri belə məndə yoxdur. Siqaret və ya alkoqol istifadə edən deyiləm ki, desinlər ki, narkotik istifadəçisiyəm. Qarabağ müharibə iştrakçısı olsam da, kommunal şəraiti olan o qədər də geniş olmayan mənzildə yaşayıram və orada tankın, topun, hətta hansısa trofey silahın-sursatın saxlanılması mümkün deyil ki, qeyri-qanuni silah saxlamaqda ittiham olunum. Yeganə edə biləcəkləri, mənə qarşı hansısa əxlaqsız qadın və ya ona bənzər kişifason məxluqlardan istifadə edə bilərlər ki, guya mən onlara ya sataşmışam, ya da onlara qarşı hansısa qanuna-zidd hərəkətlər etmişəm. Yəni, başınızı çox ağrıtmamaq üçün onu deyim ki, məni həbs etmək üçün indiyə kimi də müxtəlif yollar arayıblar, cəhdlər ediblər, amma mən Allahın sadiq bəndəsi olduğuma görə, Tanrı məni şər qüvvələrdən hər zaman qoruyub və inanıram ki, inşallah bundan sonra da qoruyacaqdır”.
Üzeyir Cəfərov daha sonra yazır: “Müdafiə Nazirliyinin mətbuat xidmətinin Vaqif Dərgahlı PA-nın rəhbərinin mənimlə bağlı səsləndirdiyi “özünü “hərbi ekspert” kimi təqdim edən ….sözlərinə tam oxşarını bu gün hörmətli dostumuz Vaqif Dərgahlı da səsləndirib. Diqqət yetirin. “Peşəkarlıqdan və hərb işindən uzaq olan, ancaq özünü hərbi ekspert adlandıran bəzi şəxslərin ordumuz, cəbhədəki vəziyyət və itkilər haqqında səsləndirdikləri qeyri-dəqiq məlumatlar da az qala həqiqət kimi qələmə verilir. Əksər hallarda isə Ermənistan mediasının bizə qarşı apardığı informasiya müharibəsində istifadə etdiyi xəbərlər bu ekspertlərin fikirləri ilə üst-üstə düşür. Maraqlıdır ki, PA-nın rəhbəri Ramiz Mehdiyevdən fərqli olaraq MN-nin rəsmisi ad çəkməyə ya qorxur, ya da ehtiyyat edir. Sonda bir daha onu vurğulamaq istərdim ki, biz yarandığı gündən bu günə kimi Azərbaycan ordusunun daha da güclü, daha da müasir olmasini istəyən şəxslərdənik.İndi bizi olmayan günahlarda süçlamaq istəyənlərə bir daha xatırlatmaq istərdim ki, biz müharibə görmüş insanlar heç vaxt nə öz ölkəmizə, nə onun başı min bir bəlalər çəkmiş xalqına, həmçinin də Silahlı Qüvvələrimizə xəyanət edə bilmərik. Bu absurddur və çox xahiş edirəm ki, belə fikirlər səsləndirmək istəyənlər əvvəl özlərinə, sonra isə bizə qiymət versinlər”.