Gəlin, sizə bir az son illərdə məcburiyyətdən yaranmış yeni xüsusiyyətlərimizdən danışım. Bu elə paradoksdur. Əməlli paradoks. İçimiz pis olanda üzümüzü gözəl göstərməyə çalışırıq. İçimiz gözəl olanda isə üzə diqqətlə yanaşmırıq. Çox cüzi sahə adı çəkmək olar ki həm üz cəhətdən həm də iç cəhətdən stabil olaraq saxlanılıb. Niyə görə biz bu paradoksallığı stabil saxlamaq üçün səthə üstünlük veririk. Yoxsa bacarmırıqmı ? Bir qonşumuz var idi, evləri təmirsiz idi. Həyətləri də həmçinin. Səliqəsiz idi, necə deyərlər, tökülürdü amma di gəl, çölə çıxdıqda görərdin ki, 2 maşın saxlamışdılar. Əyinlərində olan paltarlar da bahalı və brend mallar idi.
Fərqi gördünüzmü? Niyə görə bu çöl həyat və iç həyat stabil qalmır…
Yaşadığımız həyat ilə şəhər həyatının maraqlı bir oxşarlığını nəzərinizə çatdırıram.
Nə isə, əzizlərim keçək an etibarilə günümüzdən danışmağa. Uzağa getməyək, elə götürək bizim vaxtılə astarı və üzü stabil olan Bakımızı. Niyə görə şəhər çöldən yalnız turistlərə gözəl görsənməlidir? Bəs Bakının əhalisi buna layiq deyilmi ?
2015 Bakı Avropa oyunları yaxınlaşır. Binalara üz çəkməyə başlayıblar. O gün elə yaxınlığımızda binanın yanından keçirəm. Təxmini 50 il bundan qabaq tikilən binanın balkonlarının üstündən yeni üzlük kimi nazik taxtalar vururdular ki, gözəl görsənsin. Adamın başının üstündə Allah var, yalan danışmayaq, gözəl də görsənirdi. Amma di gəl, əsas keyfiyyət deyil, məsələnin üzdə görsənən məqamlarıdır.
Bir də binaların ümumi üstünə çəkilən parçalar var, kənardan istər dizayn cəhətdən, istərsə də estetika cəhətdən binaya uyğunluğu yoxdur. Həmin parçalardan biri də bir neçə gün bundan qabaq yandı. Təəssüf…
Bu yaxınlarda sosial şəbəkələrdə və mediada bir şəkil də yayılmışdı. Bakı ətrafı kəndlərin birində yolun kənarına çəkilmiş hasar uzaqdan baxdıqda binanı xatırladırdı. “Hasarın o üzü” isə necə deyərlər, səhralığı xatırladırdı. Bu isə gözəlliyin ən ali səviyyəsidir. Uzaqlaşdıqca daha gözəl görsənir. Çünki Bakı artıq bir siluet şəklində unikallığını qoruyub saxlayır. Ona işıq saldıqda isə öz estetikası itib batır həmin işıqda. Bu isə bizə təxmini belə bir mesaj verir: “Bakıdan uzaqlaşın, o sizə daha gözəl görsənəcək” və yaxud “Bakı yalnız gecələr gözəl olur”. İksindən birini seçib, yaşamağa çalışmalısan.
Yollarda tez-tez gördüyümüz “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” isə küləklər şəhərinin yeni şüarına çevrilib. Bir tikindidə, bir bərpada müvəqqətilik bitdikdən sonra həmin “afişa”lar digər bir tikintiyə daşınır. Bundan əlavə binaların ağardılması, təmir-bərpa zamanı yalnız üzlüyün çəkilməsi və s. adlarını çəkmək olar, amma gəlin uzunçuluğa getməyək.
Burdan yalnız belə nəticəyə gəlmək olar ki, bu da bizim genimizdən gələn problemlədən biridir.