Uzaqdakı “qara qüvvələr”

Lakin həqiqət budur ki, ABŞ dünya siyasətinə qarışmağa başladığı I Dünya müharibəsindən sonra İranı (Müsəddiq dövründə) çıxmaq şərtilə, girdiyi münaqişələrin demək olar ki, heç birinə neft, pul və ya sərvət üçün girməyib. Sadə bir misal-fakt

Foto: Meydan TV


"Qaqa, qərbin gözü bizim pulumuzdadı" və çiptaxanlar

Orta-statistik azərbaycanlı belə düşünür. Daha doğrusu, illərdir aparılan "AzTv təbliğatı"(Aztv-ni şərti qəbul edin. Total nəzarətdə olan trol mediası kimi başa düşün) onu belə düşünməyə məcbur edib.

Məsələn, küçəyə çıxıb sorğu keçirsəniz, hər 100 azərbaycanlıdan ən azı 80-i deyəcək ki, ABŞ İraqa neftə görə girmişdi. Arqument, məntiq, sağlam izah onların möhkəm düşüncəsi qarşısında keçərli deyil.

ABŞ-ı müdafiə etmək fikrində deyiləm. Və ABŞ-ın siyasətindəki qara ləkələr barədə orta-statistik azərbaycanlıdan daha çox oxumuşam, daha ətraflı danışa bilərəm. İspaniyadakı vətəndaş müharibəsindən başlayaraq, Müsəddiqin devrildiyi "Ajax" əməliyyatına, mərkəzi və cənubi Amerikadakı hərbi rejimlərə, Çilidəki çevrilişə, Vyetnamda sivillərin napalmla soyqırımına və "Condor" əməliyyatına qədər. Və digər onlarla münaqişə və böhranlar da həmçinin…

Lakin həqiqət budur ki, ABŞ dünya siyasətinə qarışmağa başladığı I Dünya müharibəsindən sonra İranı (Müsəddiq dövründə) çıxmaq şərtilə, girdiyi münaqişələrin demək olar ki, heç birinə neft, pul və ya sərvət üçün girməyib. Sadə bir misal-fakt:

ABŞ-ın II İraq müharibəsində toplam xərci 1 trilyon dollardan artıqdır. İraqda ABŞ ordusunun saxlanmasına, İraqın yenidənqurmasına bundan sonra ayrılacaq vəsait və ölənlərin ailələri və qazilərə bundan sönra ödənəcək müavinətlərlə birlikdə 2050-cil ilədək xərclər toplam 3 trilyon dollara çatacaq.

İraq xalqı 100 il boyunca yeməsə, içməsə, nefti satıb pulunu ABŞ-a versə, yenə də bu qədər eləmir. Deməli, məqsəd pul deyildi.

Üstəlik müharibədən sonra imzalanan neft konsorsiumlarında ABŞ öz şirkətlərinin iştirakına qadağa qoydu. Lakin "qaqa, ABŞ İraqa neftə görə girdi" söhbətləri hələ də bitməyib.

ABŞ-ın İraqa girməyindəki niyyət və məqsədlərini, siyasətinin düz olub-olmamasını müzakirə etmək başqa şeydir, tipik şərqli düşüncəsilə "qərbin bizim neftimizdə (və ya hər nəyimizdəsə) gözü var" demək, başqa şey.

Məsələn, bir çox azərbaycanlı (elə bir çox iraqlı da) bilmir ki, ABŞ müharibədən sonra İraqın yenidənqurmasına üst-üstə təxminən, 570 milyard dollar pul ayırıb.

Müqayisə üçün qeyd edim ki, II Dünya müharibəsində darmadağın edilən, şəhərləri yer üzündən silinən və sənayesi məhv edilən Almaniyaya Marşal planı ilə üst-üstə 10 milyard dollar pul ayrılmışdı. Günümüzün pulu ilə 187 milyard dollar. Almanlar o yardımla 5 ilə 0-dan ölkə inşa edib iqtisadi itkilərini bərpa etdilər.

Bəs real olaraq 3 dəfə artıq yardım alan İraq nə etdi?

O pulların önəmli bir qisminin ayrıldığı ordu 2014-də İŞİD-in qarşısında rəzil günə düşdü, siyasi sistem isə hələ indi özünə gəlir. Amma ölkəyə kənardan adi gözlə baxanda belə, o qədər pulun ayrıldığı görüntüsü yoxdur. Bəs hanı o qədər pul?

Hə, indi gələk həqiqətlərə. Daha doğrusu, gəlməyək, üstündən ötək. Çünki həqiqətləri danışmağa başlasaq, xarici ölkələrin dini ekspansiyası ilə beyinləri zəhərlənmiş insanlar tərəfindən linç olunmaq təhlükəsi var. Məsələn, desəm ki, İraqın siyasi və dini elitası xirtdəyə kimi korrupsiyanın içindədir, ayrılan ABŞ yardımlarının çoxu ayrı-ayrı mollaların və siyasətçilərin ciblərinə gedib, tufan qopacaq. Yalan danışmaqda, dini inanca hörmətsizlikdə və kafirlikdə ittiham olunacağam. Ona görə də, bundan danışmıram. Nəyimə lazım əlavə baş ağrısı?

Qısaca onu demək kifayət edir ki, İraq Almaniyadan 57 dəfə, real valyuta dəyəri ilə isə, 3 dəfə çox yardım almasına baxmayaraq, yenə də səfil günündədir.

Bəs qərb idealdırmı? Qətiyyən. 20-ci əsrin əvvəllərinə qədər dünyada imperialist siyasət aparan, müstəmləkə xalqlarına əzab verən elə həmin qərb dövlətləri idilər.

Lakin elmi-texnoloji inkişafın işğaldan, zorakılıqdan daha böyük güc olduğunu vaxtında anlamağa ağılları və qanacaqları çatdı. Ona görə də, bu gün ABŞ-ın kiçik silikon vadisində yerləşən şirkətlərin toplam istehsalı, dünyanı işğalla, nüvə silahlarıyla təhdid edən Rusiyanın istehsalından daha artıqdır. Vaxtilə ABŞ işğalına məruz qalan daha bir ölkənin, Yaponiyanın paytaxtı Tokio şəhərinin iqtisadiyyatı Rusiyanın iqtisadiyyatından daha böyükdür.

Təəssüf ki, müsəlman şərqində cəmiyyətlər, onları əsarətdə və cəhalətdə saxlayan rəhbərliklərinin kütləvi təbliğatı və beyinyuma kampaniyası nəticəsində elə düşünür ki, onlar hansısa mason Conun təxribatları və pis niyyətlərinə görə səfil həyata məhkum ediliblər. Nəticədə də öz rəhbərlərinə etməli olduqları etirazı uzaqdakı Cona, Cekə edirlər (həm də təhlükəsiz olduğuna görə). Və bu səbəbdən də irəli getmək əvəzinə, geri gedirlər.

Məsələn, keçənlərdə Norveç hökumətinin kasıb dövlətlərin koronavirus vaksini alması üçün 15 milyard dollar ayıracağı ilə bağlı xəbər yayılmışdı. Xəbərə gələn şərhlərin əksəriyyəti bu cür idi: "Bax, Norveç dövlətinin nə marağı var?" Əlbəttə, öz milli sərvəti, seçib-seçilmə, etiraz etmə hüquqları kiçik qrup tərəfindən oğurlanan, qarşılıqlı etimadın 0-a düşdüyü cəmiyyətdə, insanların çoxu düşünəcək ki, norveçlilər bizə çip taxmaq istəyir. Yoxsa niyə yardım etsin, axı?

Həcinin müğənnini yatağa atmadan ona sponsorluq etmədiyini görən vətəndaş, əlbəttə ki, Norveçin kasıb ölkələrə yardımında nəsə başqa məna axtaracaq.

Və ya başqa bir misal. Almaniya dövləti, hər il BMT və digər beynəlxalq təşkilatlar, eləcə də müxtəlif proqramlar çərçivəsində dünyadakı kasıb ölkələrə böyük məbləğlərdə birtərəfli-qarşılıqsız yardımlar ayırır. Və bu məbləğ hər il artır. 2019-cu ildə təxminən 58 milyard avro idi. Təsəvvür edirsiniz? 58 milyard avro. Azərbaycan dövlətinin və xalqının 2 il ərzində neft də daxil hər şeydən qazandığından 2 dəfə artıq pulu Almaniya hər il, bizim dilimizlə desək, çölə tökür. Niyə? Ağılsızdırlar da, ona görə. Ya da…

Bəli, bəli! Düz fikirləşirsiniz! Yardım adı altında dünyanı ələ keçirmək istəyirlər! Bəlkə onlar da çip taxacaqlar…

Əlbəttə, Britaniya, İsveçrə kimi öz xalqlarının sərvətini oğurlayanları qaz kimi yolan ölkələr də var. Lakin əgər bir xalq öz sərvətini oğurlayanlara biət edib peyğəmbər səviyyəsinə qaldırırsa, evində acından ölən vətəndaş, Rövnəqin oğlunun 2 milyonluq saatına səs çıxarmırsa, ingilis neyləsin buna?

Həm haqları, həm sərvətləri öz idarəçiləri tərəfindən əlindən alınan şərq cəmiyyətləri, öz miskin və yazıq durumlarının səbəbkarının uzaqdakı "qara qüvvələr" olduğuna elə bir şəkildə əmindir ki, onları nə normal təbliğatla nə də maarifləndirmə ilə oyatmaq mümkün görünür…

Beləcə, Novruzəli fikirləşir ki, ABŞ-ın Azərbaycanın neftində gözü var. Fatmanisə vatsapda səs yayır ki, "bizə çip taxacaqlar". Süni intellekt, sayborq robotlar yaradan, kosmosda həyat qurmağın yollarını axtaran qərbli də fikirləşir ki, "Novruzəli və Fatmanisə elm və texnologiyada bizdən çox qabaqdadır, bunları kütləvi qırmaq üçün təzə virus yaradaq"…

– Jack, do it! Kill them all!…

Ana səhifəXəbərlərUzaqdakı “qara qüvvələr”