Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini anlamaq istəyir
Korrupsiyada adları hallanan icra hakimiyyəti başçıları vəzifələrində irəli çəkildilər. Hətta qarşıdan gələn parlament seçkiləri prezidenti iqtisadi islahatlar və demokratik transformasiya tərəfdarı kimi görünməyə vadar edə bilmədi. Cəmiyyət isə islahatlar gözləyir. Hakimiyyət ən azı belə imitasiyalara getməyə məhkum idi.
İslahatların əngəllənməsinin günahkarı heç bir halda cəmiyyət sayıla bilməz. Odur ki, müxalifətin və yaxud vətəndaş institunun bu dərəcədə tənqidi əvəzinə islahat əleyhdarları kimi tanınan məmurların vurulması son dərəcə mühümdür.
Prinsipcə, İ.Əliyevin son kadr rotasiyaları son zamanlar aparılan siyasətin fəlsəfəsinə də ziddir. Hakimiyyət dəhlizlərində qruplaşmalar açıq müstəvidə savaşmağa başlayıblar. Ehtimal etmək olar ki, hakimiyyətdaxili müxalifət təkrar revanşa cəhd edəcək. Bir sözlə, təzadlı siyasət davam edir. Araşdırmaçılar dövlət başçısının siyasi kursunu qeyri-ardıcıl, təzadlı və qeyri-məntiqi və paradokslardan ibarət siyasət adlandırır.
Bu kurs özünü daxili siyasətdə olduğu kimi, diplomatiyada da büruzə verir. Bu siyasət ilk baxışdan Heydər Əliyev dönəminin siyasətinin davamı təsirini bağışlayır. Lakin bu kurs tamamilə yeni, impulsiv qərarlara əsaslanan taktiki gedişlər kimi xarakterizə edilə bilər. Belə kurs qaçılmaz böhranlara yol açır. Azərbaycan iqtidarı daxili intiriqalarla zəngin və fırtınaya düşmüş bir gəmini xatırladır. Gəminin batması və ya sahilə çıxması qasırağanın, yəni, xarici təzyiqlərin gücündən asılı olacaq. Əslində, idarəetmənin təzadlarından danışmaq da yersizdir, əslində Azərbaycanda hakimiyyət böhranı müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi ilə idarəolunan mexanizmdən də danışmaq mümüküm deyil. Mövcud dövlət başçısının idarəetməsi bir çox müəmmalı suallar doğurur. Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyir. Ritorikadan başqa anlaşılan bir nəsnə gözə dəymir.
Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşaiyyət olunur. Əslində, siyasi rəhbərliyin azərbaycansayağı siyasi kursu – demokratiya və avtoritarlıq arasında manevr siyasəti kimi səciyyələndirmək mümkündür. Ziddiyyətlərlə dolu, eyni zamanda yenilikçi kimi təqdim olunan belə bir siyasət islahatlara səbəb ola bilmir.
Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən isə anti-Qərb çağırışları və qeyri-demokratik addımlar dövlət başçısının nə etmək istədiyini müəmmalarla doldurur. İlk baxışdan prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndirilir. Lakin cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun başa çatmasını arzulayır. Bu isə yeni, islahatlara meylli komanda ilə həyata keçirilə bilər.
Ehtimal etmək olar ki, seçki öncəsi siyasi məhbusları azad etməklə yanaşı prezident kadr dəyişiklikləri də həyata keçirməyə üstünlük verəcək. Ancaq bütün bunlar xalqın gerçək dəstəyini qazanmağa yetərlidirmi? Və yaxud, impulsiv qərarlara üstünlük verən hakim siyasi elita xarici təzyiqlər nəticəsində “xalq düşməni” elan etdiyi siyasi və vicdan məhbuslarını azad edəcəkmi? Yeni siyasi məhbuslar ordusu yaranmayacaqmı? Cəmiyyət bu suallara cavab axtarır. Prezident isə islahatları ilə deyil, kulinariya bacarığı ilə seçilən kadrları qorumaqda davam edir…