ÜST yeni COVID ştammı ilə bağlı təcili iclas çağırır

Foto: Meydan.TV

Mutasiyaların çoxu onun vaksinlərə qarşı yüksək müqavimətini göstərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika və Botsvanada aşkar edilmiş potensial sürətlə yayılan COVID-19 ştammını müzakirə etmək üçün noyabrın 26-da təcili iclas çağırır.

Bildirilir ki, Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyası olan koronavirus ştammının yaranması ilə bağlı xəbərdarlıq ediblər.

Mutasiyaların çoxu onun vaksinlərə qarşı yüksək müqavimətini göstərir.

Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu da yeni ştamın Cənubi Afrikada tapıldığını və indiyə qədər 22 yoluxmanın qeydə alındığını təsdiqləyib.

ÜST-nin iclasında o cümlədən bu ştammın hansı qrupa aid ediləcəyi müzakirə olunacaq: narahatlıq doğuran və ya maraq doğuran məqamlar. Eyni zamanda, ÜST nümayəndələri bildirir ki, virusların təkamülü ilə bağlı texniki qrupun çağırılması heç də həyəcan siqnalı deyil.

“Bu barədə hələ çox az şey məlumdur, amma biz bilirik ki, bu variantın çoxlu sayda mutasiyası var”, – ÜST-nin açıqlamasında deyilir.

Yeni ştamla bağlı araşdırmalar bir neçə həftə çəkəcək. Mütəxəssislər bu ştamın vaksinlərə potensial təsirini də araşdıracaqlar.

Ana səhifəSağlıqÜST yeni COVID ştammı ilə bağlı təcili iclas çağırır