”Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər”
“Hazırda dünyada, o cümlədən Azərbaycanda da hər il olduğu kimi, mövsümi qriplər (A/H1N1) yayılıb”.
Bu açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancın fevralın 1-də keçirdiyi mətbuat konfransında səsləndirib.
Hande Harmancı bildirib ki, A/H1N1 deyilən virus növü 10 ildir mövcuddur. Ancaq bu, “donuz qripi” yox, adi mövsümi qripdir. Yəni, bu virus artıq “donuz qripi” də adlandırılmır. Donuz qripi donuzdan insana, daha sonra insandan insana keçdikcə, buna artıq mövsümi qrip deyilir.
“İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı olub. Son pandemiyanı yaradan İnf A(H1N1) olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var”, – ÜST nümayəndəsi deyib.
Gürcüstanda yayılan virusa gəlincə, Hande Harmancı bildirib ki, qonşu ölkədə hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus ötən ildəki viruslardan fərqlənmir:
“Gürcüstanda da bu virusun A/H1N1 olduğu açıqlanıb. Bütün Avropa ölkələrində oktyabrdan başlayaraq qrip virusu yayılmağa başlayıb. Hər ilin ikinci ayında laboratoriyalarda nəticələr gəlir və müzakirə aparılır. Yekun qərarda hansı virusun yayılması bəlli olur və mövsümü qrip peyvəndləri hazırlanır”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə söyləyib ki, əgər ölkədə qrip virusu kütləvi şəkildə yayılarsa, nazirlik bu hala qarşı mübarizə aparmaq üçün bütün tədbirləri həyata keçirmək gücündədir:
“Nazirlik məlumatları gizlətmir, sadəcə, çağırış edirik ki, əhali şaiyələrə inanmasın”.
Ancaq İbadulla Ağayev əlavə edib ki, Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər. Bu adamlarda adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib:
“Amma bu “donuz qripi” deyil, mövsümi qripdir”.