Təşkilat şirkət və hökumətlərdən istehsalı artırmağı istəyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sürətlə yayılan koronavirusla mübarizə üçün qoruyucu vasitələrin qlobal çatışmazlığından və onların bahalaşmasından xəbər verib. “Reuters” deyir ki, təşklat çərşənbə günü şirkətlərdən və hökumətlərdən qoruyucu vasitələrin istehsalını artırmağı istəyib.
Bununla yanaşı, ABŞ Federal Rezervi martın 3-də qlobal çöküşün qarşısını almaq məqsədiylə faiz həddini azaldıb və Dünya Bankı hava səyahətləri, turizm və digər sahələrə təsir edən koronavirusla mübarizə aparmaq üçün ölkələrə yardım məqsədiylə 12 milyard dollar ayırıb.
Virus Cənubi Koreyada, Yaponiyada, Avropa, İran və ABŞ-da yayılmaqdadır. Bir sıra başqa ölkələr də koronavirusa yoluxmanın ilk halını hər keçən gün elan etməkdədir. İndiyə qədər qripə oxşar virus 80 millətə çatıb.
ABŞ millət vəkilləri virusun yayılmasının qarşısını almaq üçün 9 milyard dollar xərcləməyi düşünürlər.
İranda həkimlər və tibb bacıları qoruyucu vasitə çatışmazlığı ilə üz-üzədir. Çindən kənarda ən yüksək göstəricilərə sahib İranda indiyədək 77 nəfərin öldüyü bildirilir. Birləşmiş Ərəb Əmirlikləri dörd həftə ərzində bütün məktəbləri bağladığını bəyan edib.
Avropanın virusun vurduğu və ölənlərin ən yüksək həddə çatdığı İtaliyada çərşənbə axşamı ölənlərin sayı 79 olub. İtaliya rəsmiləri karantin altındakı ərazini genişləndirməyi düşünürlər. Fransa dördüncü koronavirusa yoluxmuş şəxsin öldüyünü bildirib. İndoneziya, Ukrayna, Argentina və Çilidə ilk koronavirus hallarnın qeydə alındığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri çərşənbə axşamı bildirib ki, təsdiqlənmiş koronavirus hallarının təxminən 3,4% -i ölüb. Bu rəqəm mövsümi qripin ölüm faiziylə nisbətdə qat-qat çoxdur.
“Xülasə, COVID-19 qripə nisbətən daha az yayılır, yoluxma xəstəliyi olmayan insanlar tərəfindən keçmir, o, qripdən daha ağır xəstəliyə səbəb olur, hələ ondan qorunmaq üçün vaksin yoxdur”,- təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus Cenevrədə deyib.
Səhiyyə rəsmiləri deyib ki, ölüm nisbəti ölkədən asılı olaraq 2-4 faiz arasında dəyişir və xəstəliyin minlərlə bildirilməmiş mülayim halları nəzərə alınarsa, bu, daha aşağı ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə, koronavirusun yayılmasından bəri cərrahi maskaların qiyməti altı dəfə artıb, N95 respiratorlarının qiyməti üç dəfə, qoruyucu xalatların qiyməti isə iki dəfə bahalaşıb.
Hər ay səhiyyə işçilərinə 89 milyon maska, 76 milyon əlcək və 1,6 milyon cüt gözlük lazımdır.
Keçən ilin sonlarında Çinin mərkəzi Vuhan (Wuhan) şəhərində ortaya çıxan koronavirusa bu ölkədə yoluxma halı 80 mindən çoxdur. Bütün dünyada bu rəqəm 91 min nəfərdir. Çində ölənlərin sayı 2946 nəfər, digər ərazilərdə isə 166 nəfərdir.