ÜST: ” COVİD-19-dan 15 milyonadək insan ölüb”

Ümumdünya Səhiyyə Təşkilatı. Foto: rafapress/shutterstock

“Hindistanda 4.7 milyon insan ölüb, amma rəqəm gizlədilir, 10 dəfə azaldılıb”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un dünyada səbəb olduğu ölüm statistikasını yayıb.

Bildirilir ki, pandemiya bugünədək 15 milyonadək insanın ölümünə səbəb olub. Bura sırf COVİD-19-a yoluxub ölənlər, eyni zamanda, pandemiyanın yaratdığı böhran səbəbindən tibbi xidmət çatışmazlığından həyatını itirənlər daxildir.

ÜST hesab edib ki, pandemiya illərində daha çox əlavə insan itkisi yaşanıb.

Təşkilat bu nəticəyə pandemiyadan öncəki illərin ölüm statistikalarını qarşılaşdıraraq gəldiyini deyir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesusun sözlərinə görə, statistika təkcə pandemiyanın təsirini yox, həm də ölkələrin daha möhkəm səhiyyə sistemlərinə sərmayə qoymalı olduğunu üzə çıxarıb.

COVİD-19 pandemiyasının ilk 2 ilində baş verən ölümlərin əksəriyyətinin Cənub-Şərqi Asiya, Avropa və Amerikada qeydə alındığı bildirilir.

Baş verən ölüm hallarının üçdə ikisi 10 ölkədə, o cümlədən ABŞ-da yaşanıb.

Bildirilir ki, rəsmi rəqəmlərə görə ABŞ-da 1 milyona yaxın insan koronavirusdan ölüb.

Statistikaya pandemiya dövründə səhiyyə sistemləri yükləndiyindən müalicə ala bilməyənlər daxil edilməyib.

Virciniya Kommonvels Universitetinin Tibb Məktəbində Cəmiyyət və Səhiyyə Mərkəzinin fəxri direktoru Stiven H. Vulf bildirib ki, yuxar gəlirli ölkələr içində koronavirusdan ən yüksək ölüm sayı məhz ABŞ-da qeydə alınıb.

Onun fikrincə, buradan pandemiyanın nəhəng sayda həyat itkisinə səbəb olduğu görünür.

Statistikada qeyd edilən əlavə ölümlərin 81 faizi ortagəlirli, 53 faizi isə aşağı-ortagəlirli ölkələrdə yaşanıb. Əlavə ölümlər yuxarı gəlirli ölkələrdə 15, azgəlirli ölkələrdə 4 faiz olub.

Cons Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusdan indiyədək 6 milyon 200 mindən çox insan ölüb. Virusa yoluxanların sayı isə 500 milyondan artıqdır.

ÜST bildirib ki, COVİD-19 Hindistanda 4.7 milyon nəfərin ölümünə səbəb olub. Lakin Hindistan hökuməti əsl rəqəmləri gizlədir. Onların açıqladığı rəqəm 4.7 milyondan 10 dəfə azdır.

Ən son açıqlanan statistikaya görə, Azərbaycanda indiyədək koronavirusdan 9 min 700-dən çox ölüm və 792 mindən çox yoluxma təsdiqlənib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyədək 15 milyondan çox insanın öldüyü bildirilir.

Ana səhifəSağlıqÜST: ” COVİD-19-dan 15 milyonadək insan ölüb”